Avropa Parlamenti Rusiyanı terrorizmi dəstəkləyən dövlət kimi tanıyan qətnamənin mətni ilə bağlı razılığa gəlib. Bu barədə qurumun rəsmi saytında məlumat verilib:
“Avropa Parlamentinin siyasi qrupları arasında 4 saat çəkən müzakirələrdən sonra mətnlə bağlı razılığa gəlinib. Əsas xətt budur: “Avropa Parlamenti … Rusiyanı terrorizmi dəstəkləyən və terror vasitələrindən istifadə edən dövlət kimi tanıyır ”.
Bu qərardan sonra Rusiya ilə yaxından əməkdaşlıq edən ölkələrə Qərbdən hansısa təzyiqlər edilə bilərmi? Nəzərə alaq ki, Rusiya ilə sıx əməkdaşlıq edən ölkələrdən biri də Ermənistandır. Bu qərardan sonra Qərbin Ermənistana münasibəti necə olacaq?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə bildirib ki, Rusiyanın məhz terroru dəstəkləyən dövlət kimi tanınması ilk dəfə ABŞ-dan qaynaqlandı: “Həmin hadisədən sonra digərləri bu barədə danışmağa başladı. ABŞ paralel olaraq özünün maliyyə və bank sektoruna Rusiyanın bəzi vacib şirkətləri ilə əməkdaşlığı davam etdirməklə bağlı çağırış etdi. Dünən BMT-dən də Rusiyaya ərzaq mübadiləsi ilə bağlı kommunikasiyaların asanlaşması ilə bağlı bir çağırış oldu. BMT baş katib səviyyəsində bunu etdi. Avropa Parlamentinin bu qərarı həm də digər ölkələrə təzyiq vasitəsi rolunu oynayacaq. Onlardan da biri Ermənistandır. Çünki Rusiya ilə çox yaxın əməkdaşlıq edən ölkə məhz odur. Ancaq yəqin ki, biz Ermənistana qarşı bu yöndə heç bir təzyiq görməyəcəyik. Güman edirəm ki, Türkiyə və Azərbaycana qarşı belə təzyiq olacaq. Əslində Ermənistan hədəfdə olmalıdır. Çünki Rusiyanın Cənubi Qafqazdakı ən böyük strateji və ticarət tərəfdaşı məhz Ermənistandır. Bu iki ölkə arasında sıx hərbi əməkdaşlıq da mövcuddur. Avropanın ikili standartlarını biz daim görmüşük. Bu məsələdə də özünü göstərməyəcəyindən əmin deyiləm. Avropa İttifaqı terroru maliyyələşdirən ölkə kimi tanıdığı Rusiya ilə əməkdaşlıq edən ölkələrə qarşı hansısa addımlar atacaqsa, bunun birincisi Ermənistan olmalıdır. Xüsusilə də Ermənistan Rusiyanın Suriya və Ukraynadakı hərbi əməliyyatlarında yaxından iştirak edib. Bütün muzdlular Ermənistan təytarələri vasitəsilə daşınıb. Ancaq biz görürük ki, Avropa İttifaqı Ermənistanı dirçəltmək üçün ona külli miqdarda yardımlar edir. Bu qədər vəsaiti məqsədli ötürür. Yəqin ki, bu işi yarımçıq qoymaz. Ancaq pərdəarxası xəbərdarlıqların olması mümkündür”.
Qeyd edək ki, hazırda Avropa İttifaqının müşahidə missiyası Ermənistanda fəaliyyət göstərir. Avropa İttifaqı müharibənin nəticələrinin aradan qaldırılması adı ilə işğalçı Ermənistana zərərçəkən Azərbaycandan yardım adı ilə daha çox vəsait ayırır.
Məhəmmədəli QƏRİBLİ