Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Rusiyanın Ukraynadakı hərbi əməliyyatlara görə məsuliyyət daşıya biləcəyi qətnaməni “hüquqi baxımdan etibarsız” adlandırıb.
Qətnamə, xüsusilə Rusiyaya Ukraynanın xeyrinə təzminat təyin edilməsini nəzərdə tutur. Rusiyanın nümayəndəsi deyib ki, qətnamə layihəsi heç bir tənqidə tab gətirmir, hüquqi cəhətdən etibarsızdır və mövcud beynəlxalq hüquq baxımından qanunsuz olanı leqallaşdırmaq cəhdidir: “Eyni zamanda, həmmüəlliflər başa düşməlidir ki, belə bir qətnamənin qəbulu onlara bumeranq qaytara biləcək nəticələrə gətirib çıxaracaq
Qətnamənin sponsorları Kanada, Qvatemala, Hollandiya və Ukrayna olub. Sənəd BMT Baş Assambleyasına üzv olan 193 dövlətə Ukrayna ilə birlikdə ukraynalılara və hökumətə dəyən zərər, itki haqqında iddia və məlumatların daxil olduğu “beynəlxalq reyestr” aparmağı tövsiyə edir.
Layihənin yönləndirildiyi BMT Baş Assambleyasının qətnamələri Təhlükəsizlik Şurasının qətnamələrindən fərqli olaraq hüquqi qüvvəyə malik deyil. Baş Assambleyanın təzminatlarla bağlı layihəyə baxılması üzrə iclası noyabrın 14-də keçirilib.
Çox maraqlıdır, Ukrayna müharibəsi hələ bitməyib, ancaq BMT ona dəyən ziyanın ödənilməsi ilə bağlı beynəlxalq hüquqi prosedurlara baş vurur. Ermənistanın etdikləri göz qabağındadır, ondan niyə Azərbaycanın xeyrinə təzminat istənilmir?
Böyük Dayaq Partiyasının sədri Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, işğaldan azad edilmiş ərazilərimizin demək olar 99 faizində bütün binalar dağıdılıb: “Söhbət yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, əcdadlarımızın qəbirləri, məscidlərimizdən gedir. Bu vəhşilikdir, vandallıqdır, hərbi cinayətdir. Düşmən hərbi cinayət törədib və artıq göstəriş verilib ki, dəymiş ziyanın hesablanması, onun uçotu təmin edilsin. Artıq qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət edilib. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz - həm fərdi qaydada, eyni zamanda, mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verməliyik. Onlar təzminat ödəməli və öz çirkin əməllərinə cavab verməlidirlər.
Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin 1988-ci ildən indiyədək Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən Azərbaycana qarşı törədilmiş cinayətlər mövzusunda keçirdiyi birgə brifinqdə açıqlanıb.
Azərbaycan ərazilərinin (Qarabağ və Şərqi Zəngəzurun) Ermənistan tərəfindən işğalı nəticəsində 16,2 milyard manat məbləğində ziyan dəyib.
Qeyd olunub ki, dəyən ziyan Qarabağda və Şərqi Zəngəzurda faydalı qazıntı yataqlarından qanunsuz istifadə, eləcə də ekoloji terror nəticəsində baş verib.
Əslində Ermənistan ordusunun və qanunsuz hərbi birləşmələrin Azərbaycana qarşı həyata keçirdiyi müharibə, terror nəticəsində Azərbaycana yüz milyardlarla dollar miqyasında zərər vurulub. Eyni zamanda minlərlə insanımız öldürülüb, şikəst edilib, itkin düşüb, 20-ci əsrin ən böyük müharibə cinayətlərindən olan Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilib. Bütün bunların maddi dəyəri məbləğlə, rəqəmlərlə ölçülə bilməz. Azərbaycan Ermənistana qarşı təzminat davasını və bu istiqamətdə fəaliyyətini bir qədər sürətləndirməlidir. Artıq müharibənin başa çatmasından və Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və işğal faktını aradan qaldırmasından 2 il vaxt keçir. Bu müddət ərzində Azərbaycan kifayət qədər real addımlar atıb, Azərbaycana vurulmuş maddi, mənəvi zərərlərin qiymətləndirilməsi ilə bağlı ciddi işlər görülüb. Ermənistanın məhz işğal siyasəti nəticəsində Azərbaycana vurduğu maddi zərərlərin ödənilməsi ilə bağlı kifayət qədər əlimizdə hüquqi prosedurlar, əsaslar mövcuddur. Beynəlxalq təcrübə də imkan verir ki, indiyə qədər Ermənistanın törətdiyi və cəzasız qaldığı cinayətlərin beynəlxalq araşdırılması və real hüquqi qiyməti verilərək İrəvanın təzminat ödəməsinə nail ola bilək. Məsələn, faşist Almaniyasının cinayətləri nəticəsində ayrı-ayrı dövlətlərə vurulmuş zərərlərin ödənilməsinə nail olunduğunu misal göstərə bilərik.
Ermənistanın ödəmək imkanı olmadığı halda bunun üçün də fərqli beynəlxalq təcrübələr mövcuddur. Ödənilə bilməyəcək məbləğin qarşılığında ərazilərin müəyyən hissəsinin qarşı tərəfə təzminat əvəzinə ödənilməsi variantına da hüquq imkan verir. Beynəlxalq təcrübədə də buna rast gəlinir.
Təəssüf ki, biz bu məsələdə də ikili standart görürük. Ukrayna müharibəsi hələ bitməyib, ancaq BMT Rusiyadan təzminat istəyir. Amma Azərbaycanın 20 faiz ərazisini yerlə-yeksan edib, bütün sərvətini talamış ermənidən heç nə tələb etmirlər. Olduqca maraqlı təzaddır. Yaxşı olardı ki, Azərbaycanın BMT-dəki dostları belə bir məsələni qurumda qaldıraydılar”.
Məhəmmədəli QƏRİBLİ