Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib ki, Naxçıvana könüllü olaraq keçid verilməməsi anlaşılan deyil:
“Öz öhdəliyini pozmaq, əlbəttə, son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbr edirik, təmkin göstəririk. Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Vaxt keçir, bizim təşəbbüslər heç də asan irəliləmir, xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də, hesab edirəm ki, bu müsbət addımdır. Düşünürəm ki, yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar, biz ilin sonunadək razılaşmaya nail ola bilərik. Deməliyəm ki, bizim tərəfdən elan edilən beş prinsiplə bağlı heç kimin - nə erməni tərəfinin, nə də Avropa İttifaqının heç bir sualı yoxdur. Bu gün Fransa Prezidenti ilə görüş zamanı mən gördüm ki, bu beş prinsip qəbul edilir. Bu təbiidir, çünki biz yeni heç nə icad etməmişik. Bu, münasibətləri normallaşdırmaq istəyən dövlətlər arasında münasibətlərə əsaslanan prinsiplərdir.
Bizim daxili məsələlərə gəlincə, təbii ki, sülh müqaviləsində bu barədə söhbət gedə bilməz. Qarabağda erməni əhalinin həyatının necə qurulacağına gəlincə, bu ayrı məsələdir. Biz xarici siyasət blokumuz çərçivəsində məsləhətləşmələri intensivləşdirməyi, eləcə də Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırırıq. Deməliyəm ki, belə əlaqələr artıq müəyyən müddətdir ki, aparılır. Düşünürəm ki, bu hələ Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yaşayan əsas əhali ilə tam anlayışa gətirib çıxaracaq. Çünki Azərbaycan cəmiyyətinə inteqrasiyanın, sadəcə, başqa yolu yoxdur. Əgər kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, fikrimcə, onlar peşman olmayacaqlar. Amma əgər bu, hansı səbəblərdən kiməsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər.Buna görə də sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır. Əminəm ki, buna tez nail olmaq mümkündür. Çünki hesab etmirəm ki, bu, hansısa çoxcildlik olmalıdır, bu, beynəlxalq hüquq, beynəlxalq təcrübə çərçivəsində parametrləri müəyyən edən bir neçə maddədən ibarət yetərincə yığcam sənəd olmalıdır. Bununla biz müharibə, düşmənçilik səhifəsini qapadacağıq “.
Göründüyü kimi, Preziden sülh sənədinin yığcam olmasını və orada Qarabağdakı ermənilərlə bağlı hər hansı elementin olmayacağını deyir. Deməli, bu nəticıyə gəlmək olar ki, Azərbaycan mövzuya konseptual yanaşır, hətta sülh sənədinin məzmunu, həcmi ilə bağlı da aydın təsəvvürlər formalaşdırıb. Bütün bu komponentlər sülh danışıqlarının perspektivinə necə təsir edə bilər?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Prezidentin söylədikləri doğrudur: “Burada sicilləmə yazılara yol verilməməlidir. Hər şey konkret olmalıdır. İki ölkə arasında sülh sazişinin bir neçə komponenti var. Bu komponent şəhərlərin delimitasiyası, digəri isə komminikasiyaların açılması məsələsidir. Başqa bir komponent isə həmişə dövlətlərin bir-birinin ərazi bütövlüyünə hörmət göstərməsidir və bunun əbədiyyən belə olmasına çağırışdır. Bundan sonra da hər iki ölkə arasında mübahisəli məsələ olarsa, həmin məsələnin danışıqlar yolu ilə həll olmasıdır. Nəhayət, tərəflər arasında yaxın qonşuluq münasibıtlərinin durmadan inkişaf etdirilməsidir. Beynəlxalq hüququn bir sıra fundamental iddiaları var ki, ölkə Prezidenti də bu iddiaları nəzərə almaqla məsələlərin öz əksini yekun sülh müqaviləsində tapılmasına israr edir. Yəqin ki, belə də olacaq. Qarabağ ermənilərinin statusu məsələsinin öz əksini tapmaması da məlum məsələdir. Çünki Praqada bu cür razılaşdırılıb. Qarabağın dağlıq hissəsi Azərbaycanın süveren hüquqlarının olduğu bölgədir. Qarabağda olan ermənilərin məsələsini Azərbaycan özü qeyri-rəsmi danışıqlar yolu ilə həll edəcək. Təəssüf ki, biz ermənilərdən belə konkretlik görmürük”.
Məhəmmədəli QƏRİBLİ