Ermənistanın baş naziri Nikol Paşinyan qarşıdan gələn həftə ərzində Rusiyaya rəsmi səfər edəcək. Bu barədə “Rossiya 1” telekanalının “Moskva. Kreml. Putin” verilişində məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində hökumət başçısı Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
Maraqlıdır ki, Moskva Paşinyanın Rusiyaya səfərini mövcud beynəlxalq münasibətlər sistemində mühüm hadisə kimi qiymətləndirir. Paşinyanın səfərini doğrudan da belə xüsusi əhəmiyyətli saymaq olarmı?
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov, “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın Moskvaya gözlənilən səfəri deyilən qədər də əhəmiyyətli deyil: “Ancaq nəzərə alsaq ki, Rusiya tam çıxdaş vəziyyətdədir, heç kim ona meyl etmir, onda düşünməyə dəyər. Hazırda hətta Rusiyaya səfər edənlər də ciddi problemlə üzləşirlər. Sonuncu dəfə belə bir problemlə Pakistanın sabiq rəhbəri İmran Xan üzləşdi və vəzifəsilə vidalaşmalı oldu. Belə bir vəziyyətdə Paşinyanın belə səfəri Rusiya üçün mühüm sayılır. Bu səbəbdən də onu mümkün qədır şişirtməyə çalışırlar. Ancaq əhəmiyyətsiz də deyil. Minsk qrupu sıradan çıxandan sonra Avropa İttifaqının Azərbaycanla Ermənistan arasındakı sülh sazişinin imzalanmasına aktiv şəkildə qoşulması Rusiyanı qıcıqlandırır. Rusiya təşəbbüsü öz əlinə almaq istəyir. Bu baxımdan səfərin gərgin keçəcəyi gözlənilir. Avropa İttifaqından fərqli olaraq, Rusiya bu danışıqlar üzrə xüsusi nümayəndə də təyin edib. Məsələ aydındır. Danışıqları fasiləsiz şəkildə davam etdirmək. Moskva mümkün qədər qısa müddətə sülh sazişinin imzalanmasına nail olmaq istəyir. Açıq demək lazımdır, bu məsələdə Rusiyanın imkanları Avropa İttifaqına nisbətən daha çoxdur. Belə bir vəziyyətin yaranması Azərbaycanın maraqlarına uyğundurmu? Hesab edirəm ki, uyğundur. Bur-biri ilə rəqabət aparan vasitəçinin olması bizə öz maraqlarımızı maksimum təmin etmək imkanını verə bilər. Ermənistan artıq demək olar ki, tərəf deyil. Həlledici söz Rusiyaya məxsusdur. Əvvəl də beləydi, ancaq hazırda onun rolu bir az da artıb. Biz iki vasitəçi arasında uğurlu manevrlər etməklə sülh sazişini istəyimizə uyğun şəkildə imzalamağa nail olacağıq”.
Məhəmmədəli QƏRİBLİ