ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, ölkəsi hərtərəfli sülhə nail olmaq üçün ATƏT-in Minsk qrupu vasitəsilə Azərbaycan və Ermənistana kömək etməyə hazırdır:
“Biz Cənubi Qafqazın təhlükəsiz, demokratik və çiçəklənən gələcəyi üçün səylərimizə sadiqik. Biz aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşü, o cümlədən sərhədlərin delimitasiyası üşün ikitərəfli komissiyanın yaranması və sülh danışıqlarına hazırlıqdakı müsbət dinamikanı alqışlayırıq. Dövlət katibi bildirib ki, ABŞ uzunmüddətli sülh üçün tərəfdaşları ilə ikitərəfli əməkdaşlığa hazırdır”.
Göründüyü kimi, ABŞ ikitərəfli təmaslarla tərəflərə sülh prosesində dəstək olmağa hazırlığını bəyan edir. Yəni Ermənistanla ayrı, bizinlə ayrı müzakirə aparmaq istəyir. Belə bir vəziyyətin gerçəkləşməsini Rusiya qəbul edərmi? Yəni ABŞ-ın bu məsələdə təşəbbüsü ələ almasına hansı münasibəti bəsləyə bilər?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya əlbəttə, buna razı olmayacaq: “Təsadüfi deyil ki, Rusiya heç bizim icazəmiz olmadan XİN-in nümayəndəsini bura vasitəçi təyin edib. Hesab edirəm ki, ABŞ-ın bu bəyanatı elə Rusiyanın məlum addımına cavabdır. Ancaq vəziyyət bir qədər fərqlidir. Rusiyanın mövqeyi beynəlxalq təşkilatlarda keçərli deyil. Az qala dünyanın hamısı Rusiya ilə müharibə aparır. Beynəlxalq münasibətlər sistemində tam təklənən Rusiya iradə yeridə bilmir. Bu baxımdan da, ABŞ-ın səsləndirdiyi fikirlər kifayət qədər pozitivdir. Bu fikirlər iki ölkə arasındakı sülh müqaviləsinin bağlanması, həm də digər məsələrin həllinə təkan verə bilər. Söhbət sərhədlərin müəyyənləşməsi və kommunikasiyaların açılmasından gedir. Hər iki ölkə arasındakı münasibətlərin normallaşmasına yalnız müsbət təkan verə bilər. Mənim zənnimcə, Brüssel görüşü və ondan sonrakı proseslər yaxşı start götürüb. ABŞ kimi böyük bir dövlətin bu işə isti münasibət göstərməsi tərəflərə daha konstruktiv olmaq üçün əlavə stimul verir. Hesab edirəm ki, ABŞ-ın bu jesti sülhə doğru addımları daha da sürətləndirəcək”.
Məhəmmədəli QƏRİBLİ