Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ ətrafında vəziyyətlə bağlı danışarkən bildirib ki, erməni xalqını qurbanlıq qoyun statusundan çıxarmaq lazımdır:
"İfadəmə görə üzr istəyirəm, amma biz xalqın qurbanlıq qoyun statusundan çıxması üçün yol açırıq. Müharibədə olub-olmamağı biz seçmirdik, biz heç nəyi həll etmirdik. Bu gün Ermənistanın müstəqil ölkə olduğunu və qərar vermək haqqının ölkəmizə qayıtmasına çalışdığımızı deyirəm"- deyə Paşinyan vurğulayıb.
Siyasi şərhçilər hesab edirlər ki, Paşinyan bununla iki əsrdir ermənilərin dünya dövlətlərinin buyruq qulu olduğunu etiraf edir. Ermənistan adlı dövlət müstəqillik əldə etdikdən indiyə kimi Rusiyanın forpostu, ABŞ və Avropa dövlətlərinin əlində alət olub.
Paşinyanın son günlər bu kimi çıxışlarının arxasında çox mətləblərin dayandığını deyən ekspertlərin fikrincə, o, erməni xalqını qurbanlıq qoyun adlandırmaqla həm daxilə, həm də xaricdəki güclərə, xüsusən də erməni diasporuna mesaj ötürür ki, imkan verin Ermənistan Azərbaycanla dil tapsın.
"Ermənistan hökumətinin başlatdığı bu kurs davam edərsə..."
AVCİYA-nın vitse-prezidenti, tarix elmləri doktoru, professor, siyasi şərhçi Məhərrəm Zülfüqarlı bizimlə söhbətində bildirdi ki, Paşinyan bu ifadəni işlətməklə erməni xalqına dünyanın indiyə qədər göstərdiyi münasibəti vurğulayıb: "Paşinyanın indiki fikirləri artıq onu göstərir ki, o bizim qələbəmizlə bitən 44 günlük müharibədən əvvəl və sonrakı, Rusiya-Ukrayna savaşından öncəki Paşinyan deyil. Yəni belə demək mümkünsə, Paşinyan "dinə - imana" qayıdıb. O, erməni xalqının faciələrini görüb bu cür fikirlər irəli sürür. Paşinyan bilir ki, erməni xalqının başına gələn bütün faciələr Ermənistanın müstəqil dövlət ola bilməməsilə bağlıdır. Bilirsiz ki, üzü Birinci Pyotrdan bəri ermənilərin Qafqaza köçürülməsi prosesi məhz Rusiyanın imperiya siyasətinə xidmət edib. Paşinyanın dediyi kimi, erməni xalqını qoyun sürüsü kimi müxtəlif ərazilərə yerləşdirməklə imperiya onları öz siyasəti üçün qurbana çevirib. Ermənilərin qoyun kimi qurbana çevrilməsi müxtəlif dövrlərdə baş verib. Onlar bu statusunda XIX əsrdən başlayaraq XX əsrə və günümüzə qədər Rusiyanın imperiya siyasətinə qulluq edirlər. Paşinyan açıq şəkildə görür ki, erməni xalqı başqalarının ambisiyası naminə qurbanlıq qoyuna çevrildiyi üçün faciə yaşayır. Paşinyan bunu başa düşür, lakin ona qarşı olan müxalif qüvvələr, Rusiyapərəst kəsimlər bunu anlamır. Yəni əvvəlki siyasəti davam etdirməyin tərəfdarıdırlar. Çünki onların əsas qazanc mənbəyi Rusiyadır, Rusiyanın ayırdığı korrupsiya pullarıdır. Ona görə də onlar xalqı fikirləşmir".
M.Zülfüraqlı hesab edir ki, Paşinyan nisbətən demokratik fikirli şəxs olduğu üçün bu fikirləri irəli sürür. Onun fikrincə, bu kurs davam edərsə, yəqin ki, gələcəkdə Qafqazda sülhü bərpa etmək mümkün olacaq. "Ermənistan hökumətinin başlatdığı bu kurs davam edərsə, nəhayət, Ermənistan müstəqil dövlət olmaq yoluna qədəm qoyar. Hazırda o müstəqil yox, forpostdur. Bu aradan qalxması üçün yeni kurs davam etməlidir. Çünkü Qafqazda əsas məsələ Rusiyanın imperiya ambisiyadıdır və bunu da həyata keçirən erməni əhalisidir. Ukrayna - Rusiya müharibəsini izləyirik. Bu müharibənin nəticəsi Qafqazda sülhün bərqərar olmasına kömək edə bilər. Yəni əksəriyyət bu fikirdədir" - deyə M.Zülfüraqlı bildirdi.
İradə SARIYEVA