Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə diqqət çəkən açıqlama verib. Belə ki, o, Qarabağ məsələsi ilə bağlı danışarkən deyib ki, sülh sazişi imzalanmasa, o zaman yeni müharibə başlayacaq və heç kəs onları müdafiə etməyəcək: “Azərbaycanla Ermənistan arasında tezliklə sülh sazişi bağlanmalıdır. Əgər biz bu addımı atmasaq, o zaman yeni müharibə başlayacaq və beynəlxalq ictimaiyyət bizə kömək etməyəcək. 2020-ci ilin səhvlərini təkrarlamağa hazır deyiləm”.
Daha sonra Paşinyan qeyd edib ki, erməni xalqını qurbanlıq qoyun statusundan çıxarmaq lazımdır: “Əgər başqa yolla getsək, biz Qarabağı itirəcəyik. Fərrux hadisələri sizə örnəkdir. Bir-birinizi aldatmağa son qoyun. Biz yolları ona görə açırıq ki, ifadəyə görə üzr istəyirəm, xalqımızı qurbanlıq qoyun statusundan çıxaraq... Müharibənin olub-olmayacağına biz qərar vermədik. Biz heç nəyə qərar vermədik. Mən bu gün deyirəm ki, Ermənistan suveren ölkədir və biz nəyisə həll etmək hüququnu özümüzə qaytarmalıyıq. Çünki biz dövlətik, at tövləsi deyilik. Biz vətəndaşıq, qurbanlıq quzu deyilik ki, müxtəlif yerlərdə bizi nə qədər və necə kəsəcəyinə və ya bizi bağışlayacağına qərar versinlər”.
Paşinyan başqa bir etirafını da səsləndirib: “7 rayonu Azərbaycana təhvil versəydim, müharibə olmaz və minlərlə həyat xilas etmiş olardım. Təhvil verməyərək isə faktiki olaraq minlərlə qurbana səbəb olan qərarların müəllifi oldum”.
Bütün bunların içində diqqəti çəkən əsas məqam ondan ibarətdir ki, Paşinyan əminliklə növbəti müharibə olacağı halda dünyanın onları müdafiə etməyəcəyini deyir. Maraqlıdır, Paşinyan niyə belə bədbindir? Dünyanın Ermənistana kömək etməyəcəyi fikri hardan doğur?
“Çünki Ermənistan qarşısında təkcə Azərbaycanı deyil, həmçinin strateji müttəfiqi olan Türkiyəni görəcək”
Məsələyə münasibət bildirən politoloq Turan Rzayev hesab edir ki, Paşinyanın belə bir qənaətə gəlməsi bir sıra amillərdən qaynaqlanır: “Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanması uzun bir proses kimi görünsə də, görünür, rəsmi Bakının bu istiqamətdə israrları və Qərbin Ermənistana kompromisə getməklə bağlı təklifləri prosesi sürətləndirəcək. Paşinyan bununla faktiki olaraq demək istəyir ki, Azərbaycana qarşı ərazi iddialarını davam etdirsək, qarşımızda yenə Azərbaycan-Türkiyə ittifaqını görəcəyik. Bu həm də iki ölkə arasında yeni bir müharibənin olma ehtimalı haqda səslənən sualın cavabıdır. Yəni Ermənistan tez bir zamanda yekun sülh müqaviləsini imzalamasa Azərbaycan hərbi əməliyyatlara başlaya bilər. Bu zaman isə Ermənistan qarşısında təkcə Azərbaycanı deyil, həmçinin strateji müttəfiqi olan Türkiyəni görəcək. Bu həm də iki ölkə arasında bir müddətdir davam edən münasibətlərin, normallaşma prosesinin də bitməsi deməkdir. Paşinyan onu da başa düşür ki, Azərbaycanla yeni bir müharibə zamanı rəsmi İrəvana nə Rusiya, nə də Avropa ölkələri kömək edəcək”.
Vidadi ORDAHALLI