“Minaların təmizlənməsi ilə bağlı - müharibədən sonra 200-dən çox insan ya həlak olub, ya da ki, ağır yaralanıb. Dünyada bu məsələ ilə məşğul olan o qədər fondlar var, QHT-lər var. Nə ilə məşğuldurlar?”.
Bunu Prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.
Ölkə başçısı minaların təmizlənməsi məsələsində bir sıra təşkilatların Azərbaycana münasibətdə passiv mövqedən çıxış etdiyini qeyd edib: “Gəlsinlər, kömək göstərsinlər. Bizim fiziki cəhətdən gücümüz çatmır. Biz nə lazımdırsa, almışıq. Maşın, mexanizm almışıq, texnika almışıq, hətta dronlar almışıq ki, o, minalarla çirklənmiş yerləri təsbit edir. Ancaq bizdə mütəxəssis çatışmır, bizdə işçi qüvvə çatışmır. Ona görə, heç olmasa bu sahədə bizə kömək göstərsinlər. Yenə də deyirəm, biz onsuz da öz gücümüzlə hər şeyi bərpa edəcəyik. Ancaq mənim sözüm beynəlxalq təşkilatlaradır. Xarici şirkətlərə gəldikdə, onların təklifi, əlbəttə ki, bugünə qədər qiymət baxımından bizim üçün o qədər də məqbul olmayıb. Çünki yerli şirkətlərin verdikləri qiymətlə xarici şirkətlərin verdikləri qiymətlər arasında dəfələrlə fərq var”.
Görünən odur ki, müharibənin bitməsindən bir il 5 ay keçsə də, beynəlxalq qurumlar minaların təmizlənməsi işində Azərbaycana yardım göstərməkdə həvəsli deyil.
“Bütün bunlar sözügedən təşkilatların Azərbaycana biganə münasibətinin göstəricisidir”
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, bütün bunlar sözügedən təşkilatların Azərbaycana biganə münasibətinin göstəricisidir: “Prezidentin iradları tamamilə haqlıdır. Müşahidələr göstərir ki, mina təmizləməsi üzrə ixtisaslaşan beynəlxalq təşkilatlar bunda maraqlı deyil. Maraqlı olsaydılar, müharibə bitən kimi hərəkətə keçərdilər. Gah deyirlər ki, Azərbaycan minalara dair Ottava konvensiyasına qoşulmadığı üçün yardım ala bilmir. Ancaq hesab edirəm ki, bütün bunlar bəhanədir. Azərbaycana texniki baxımdan yardım göstərmək mümkün idi. Sadəcə, bir sıra təşkilatlar bunda qərarlı deyil. Belə baxanda, həmin təşkilatlar yaxşı bilir ki, Azərbaycan ərazisi işğal dövründə minalarla xeyli çirklənib. Zatən Azərbaycanda bir sıra qurumlar minatəmizləmə işlərini həyata keçirir. Ancaq bütün bunlar işlərin sürətlə həyata keçirilməsi üçün yetərli deyil. Daha çox texniki yardıma ehtiyac var. Ona görə ki, minaların təmizlənməsi böyük vaxt tələb edir. Bunu da ancaq əlavə kömək hesabına qismən tezləşdirmək olar. Nəzərə almaq lazımdır ki, əraziləri minalardan nə qədər tez təmizləmək mümkün olsa, bu, bir o qədər məcburi köçkünlərin geri qayıtmasına öz töhfəsini verəcək”.
Bu baxımdan hərbi ekspert hesab edir ki, beynəlxalq qurumlar ayrıseçkiliyə son qoymalıdır.
Vidadi ORDAHALLI