Ermənistan Milli-Demokratik Qütb Şurası yaydığı bəyanatda bəyan edib ki, Qarabağda Rusiya ilə birləşmək üçün imza toplanılır: “Etibarlı məlumatlara görə, Qarabağda Rusiyaya birləşmək məsələsi üzrə qeyri-ictimai şəkildə imzatoplama keçirirlər”.
Bəyanatda o da qeyd olunub ki, bu xəyanət rəsmi təbii olaraq Paşinyan administrasiyasının razılığı ilə baş verir: “Biz Qarabağda yaşayan soydaşlarımıza müraciət edir və onları nəyin bahasına olursa-olsun, bu antierməni aksiyasının qarşısını almağa çağırırıq. Xəbərdarlıq edirik ki, xain imzatoplama həm də Qarabağda yaşayan ermənilərin son qovulması üçün əlverişli şərait yarada bilər”.
Ümumilikdə, son vaxtlar buna bənzər informasiyalar artmaqdadır. Maraqlıdır, Qarabağda Rusiya ilə birləşmək üçün imza toplanılması ilə bağlı yayılan informasiya nə qədər realdı?
“Qarabağdakı erməni separatçıları əmindir ki, Ermənistan onların xeyrinə vəziyyəti dəyişə bilməyəcək”
Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin sözlərinə görə, bunun nə dərəcədə real olduğunu birmənalı demək çətindir: “Ancaq Rusiyadan, ermənilərdən nə desən gözləmək olar. Çünki heç kəsə sirr deyil ki, tarixən erməniləri Azərbaycan ərazilərində məskunlaşdıran, tarixi torpaqlarımızda Ermənistanı yaradan, Qarabağda onlara muxtariyyət verən Rysiya olub. Rusiyanın postsovet məkanında 30 ildir separatçı bölgələrdən bir sıra dövlətlərə qarşı necə təzyiq vasitəsi kimi istifadə etdiyi hamıya bəllidir. Ancaq onu nəzərə almaq lazımdır ki, yalnız Azərbaycan 2020-ci ildə erməni separatçılarının belini qıraraq ərazilərin böyük hissəsini işğaldan azad etdi. Nə Gürcüstan, nə Moldova, nə də Ukrayna belə bir nəticə əldə edə bilib. 2008-ci ildə Gürcüstanın bununla bağlı cəhdinin nə ilə nəticələndiyi məlumdur. Azərbaycan regiondakı Türkiyə tandemindən və yaranan əlverişli geosiyasi vəziyyətdən istifadə edərək ciddi uğura nail oldu. Qarabağın müəyyən hissəsində separatçı tör-töküntülərin və silahlı ünsürlərin var olması Rusiyanın hesabına oldu. Təbii ki, Rusiya müdaxilə etməsəydi, vəziyyət tamamilə fərqli olardı. O mənada ki, birdəfəlik bütün separatçıları təmizləmək olardı. Son vaxtlar gedən proseslər fonunda Qarabağdakı erməni separatçıları əmindir ki, Ermənistan onların xeyrinə vəziyyəti dəyişə bilməyəcək. Ona görə də Rusiyaya doğru reveranslar edirlər. Gah Donbasdakı separatçıları dəstəkləməklə bağlı aksiyalar keçirirlər, gah da onlara “humanitar yardım” göstərirlər. Bununla Rusiyanın himayəsinə sığınıb öz məkrli məqsədlərini reallaşdırmaq istəyirlər. Ancaq Rusiyanın Ukrayna bataqlığına düşdüyü indiki məqamda Kremlin Azərbaycan və Türkiyə ilə münasibətləri pozmaq istəyi real deyil. Bu mənada, Qarabağ ermənilərinin Rusiyaya birləşməklə bağlı imzatoplama kampaniyasına şərait yaradılması Moskvanın maraqlarına uyğun deyil. Ən azından Qərbin Rusiyaya qarşı kəskin mövqe tutduğu indiki dövrdə bu real görünmür. Ancaq Rusiyada müəyyən dairələrin belə bir məkrli planının olduğunu istisna etmək olmaz. Hansısa məqamda buna gedə bilərlər. Məsələnin bu tərəfini də nəzərə almaq lazımdır”.
Bu baxımdan partiya sədri hesab edir ki, Azərbaycan ayıq-sayıq olmalıdır.
Vidadi ORDAHALLI