Fantastik dərəcədə sürətlə inkişaf edən elmin və texnologiyanın nailiyyətlərinin praktik tətbiqi yeni, əvvəllər mövcud olmayan ictimai münasibətlər formalaşdırır. Bu isə, özlüyündə bu inkişafın nəticələrinin nəzarətsiz, tənzimlənməyən mühitdə tətbiqinin doğurduğu (doğura biləcəyi) ictimai təhlükəli və zərərli əməllərin (hərəkət və hərəkətsizliyin) qarşısının alınmasını zəruri edir. Elmin və texnikanın inkişafı bəşəriyyətə xoşbəxtlik və tərəqqi gətirməklə bərabər onun nəzarətsiz, idarə edilməyən nəticələri bədbəxtlik, faciələr gətirə, insanların həyatına, sağlamlığına, ləyaqət və toxunulmazlığına qarşı ciddi təhlükəyə çevrilə bilər.
Sosial şəbəkələrin, informasiya texnologiyalarının, ictimai kommunikasiya sistemlərinin sürətlə daxil olduğu həyatımızda etik və hüquqi tənzimlənməyə məruz qalmamış sahələr insanların şəxsi həyatına, fərdi sirlərinə, mənəvi-psixi münasibətlərinə vulqarcasına müdaxilə etməyə şərait yaradır. Genişlənən imkanlar hüquqi və mənəvi çərçivədən çıxarsa təhlükəyə çevrilə bilər. İnsanmərkəzli fəlsəfi və etik dəyərlərə köklənmiş müasir dünyamızda bu məsələ çox vacib hesab edilir.
Elmi-texniki tərəqqi və insan hüquqlarının qorunmasının kəsişmə nöqtəsi olaraq yeni elm sahəsi kimi, daha doğrusu, bir çox elm sahələrinin kəsişmə nöqtəsi kimi formalaşan bioetik və texnoetik dəyərlərin informasiya və jurnalistika sahələrinə tətbiqi aktuallıq kəsb edir.
İctimai təzahür kimi hüquq və mənəviyyatın uzlaşdırılması zamanı ilk nəzərə çarpan odur ki, mənəviyyat, əxlaq insan fəaliyyətinin bütün sahələrini əhatə edir, hüquq isə ancaq zəruri məcburetmə potensialı olan ictimai münasibətləri tənzimləyir. Ona görə də, mənəvi dəyərlərin əhatə etdiyi sahələr daha genişdir.
İkinci vacib məsələ ondan ibarətdir ki, elmi-texniki tərəqqinin inkişaf sürəti onun nəticələrinin tətbiqinin yaratdığı yeni ictimai münasibətlərin tənzimlənməsindən öndə olduğu üçün bir müddət, bəzən uzun zaman hüququn təsir dairəsindən kənarda qalır. Bu boşluğun doldurulması, bu müddət ərzində baş verə biləcək neqativ halların önlənməsi üçün müxtəlif kateqoriyalardan olan mütəxəssislərin verdiyi qiymət bioetik dəyər kimi təzahür edir. Bu dəyərlər bu və ya digər sahədə fəaliyyət göstərən mütəxəssislər üçün etik davranış qaydalarını müəyyən edir.
Mövzu geniş, aktual və yenidir, lakin bu yazıda, sadəcə, medianın etik və hüquqi tənzimlənməsi məsələsinə toxunmaq istəyirik.
Qədim yunan filosofları hüququ sözlər və anlayışlar haqqında elm adlandırırdılar. Ərəb dilində də şəriət qanunlarının bilicilərinə fəqihlər deyirlər. Fəqih – fik sözündəndir, yəni sözlə məşğul olan mənasına gəlir. Beləliklə, hüquqşünasın istifadə etdiyi əsas material sözlər, anlayışlardır ki, onları dərindən bilən və yerində işlətməyi bacaran hüquqşünaslar savadlı, qanunun mahiyyətini düzgün bilən hesab edilirlər.
Söz yazarların, media təmsilçilərinin, jurnalistlərin də əsas silahı, ifadə vasitəsidir. İnformasiyanın alınması, hazırlanması və ötürülməsi söxlər vasitəsi ilə həyata keçirilir. Beləliklə, jurnalistlər, media mənsubları və hüquqşünaslar sözə münasibətdə doğmalaşırlar.
Demokratik cəmiyyətdə, hüquqi dövlətdə ciddi jurnalist olub ictimai fikrə təsir etmək imkanına malik olmaq istəyən hər kəs sözdən düzgün istifadə etməklə yanaşı həmin cəmiyyətin dəyər və prinsiplərini, ənənə və çərçivələrini bilməlidir. Ümumi başlanğıc adlanan bu prinsiplər etik və hüquqi normalarla, dövlət iradəsi kimi ifadə olunan qanunlarla həyata keçirilir.
Hüquq dövləti o dövlətlər adlanır ki, orada ümumbəşəri dəyərlər və insan haqları norma və standartlardan, siyasi iradə və qanunlardan üstün tutulur. Bu dəyərləri, prinsipləri və qanunları bilməklə media numayəndələri ictimai fikrə və insanların hüquq düşüncəsinə obyektiv təsir edə, dövlətçilik və hüquq mədəniyyətinin formalaşmasına kömək edə, etik ənənələr yarada bilərlər.
Bu gün ölkəmizdə onlarla media mənsubu mövcud qanunları, xüsusilə də, “Kütləvi informasiya vasitələri haqqında”, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası qanunlarını bilir və düzgün tətbiq edir. Jurnalistlərin etik kodeksini, qanunu pozmadan, insan hüquq və azadlıqlarına müdaxilə etmədən, insanların ləyaqətinə və işgüzar nüfuzuna toxunmadan öz vəzifələrini peşəkarlıqla yerinə yetirə bilirlər. Sirr deyil ki, informasiya texnologiyalarının verdiyi imkanlardan istifadə edib sayt açan, TV yaradan, qəzet təsis edən bir çox şəxslər cəmiyyət üzərində basqıya çevrilir, neqativ fəaliyyətlərlə məşğul olurlar. Bununla da, informasiya məkanında şantaj, qəsb, yalan, manipulyasiya, möhtəkirlik, ədalətsizlik, rüşvət mühiti yaranır. Demokratik cəmiyyətin imkanlarından və yüksək texniki vasitələrdən istifadə edən bu qəbildən olan şəxslərin fəaliyyətini tənzimləmək, cəmiyyət üzvlərini medianın əsassız basqısından qorumaq üçün Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar Məcəllələrində jurnalistlərin hüquqlarını qoruyan normalardan çox, jurnalist fəaliyyətini məhdudlaşdıran normalar mövcuddur. Bu, medianın imkanlarını məhdudlaşdırmaq, azad sözü, fikri çərçivəyə salmaq üçün deyil, medianın əsassız, qanunsuz fəaliyyətindən cəmiyyətiqorumaq üçün bir vasitədir. Jurnalist peşəsini nüfuzdan salan, cinayətə və inzibati xətaya yol verən jurnalistlər üzərində çoxsaylı məhkəmələr də belə normaların mövcudluğunun zəruri olduğunu göstərir. Dövlətin siyasi kursunu, cəmiyyətin etik normalarını və mövcud qanunları bilmədən və fəaliyyətini onlara uyğunlaşdırmadan nüfuzlu dördüncü hakimiyyət olmaq mümkün deyil.
Jurnalist öz fəaliyyətində müxtəlif problemlərlə, müxtəlif insanlarla, müxtəlif şəraitlə üzləşir. Müvafiq sahəvi hüquq münasibətlərini tənzimləyən normaları və etik dəyərləri bilmədən məsələnin mahiyyətinə varmaq, bu və ya digər vəziyyətdən çıxış yolunu tapmaq, insanların hüquqlarını qorumaq, onu ictimai müstəviyə gətirmək mümkün deyil. Açıq demək lazımdır ki, bu gün mətbuatımızda hüquq sahəsi üzrə ixtisaslaşan jurnalistlər çox azdır. Parlamentin dövlətdə yeri, rolu və funksiyaları, eləcə də orada formalaşmış etik ənənəvi dəyərlər haqda dərin məlumatı olmayan şəxs parlamentdən keyfiyyətli reportaj hazırlaya bilməz. Məhkəmə prosedurlarını, qaydalarını, prosessual və maddi normaları bilmədən məhkəmə prosesi haqda savadlı məlumat vermək mümkün deyil. Hüquqi terminləri və ifadələri düzgün tətbiq etmədən cinayət xronikası aparmaq doğru olmaz. Bütün bunlar müəllifin professionallığına xələl gətirdiyi kimi, ictimai fikri çaşdırır, hüquqi biliklərin mənimsənilməsinə mane olur, hüquq şüurunun və etik dəyərlərin formalaşmasına mənfi təsir göstərir.
Təbii ki, hər hansı bir jurnalistin çoxsahəli hüquq münasibətlərini tənzimləyən normaları dərindən bilmək, hüquq elmini öyrənmək imkanı məhduddur. Bunun üçün hüquqşünaslarla daimi və sıx təmasda olmaq, etibarlı və savadlı məsləhətçilər tapmaq zəruridir.
Düşünürəm ki, Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası də media əməkdaşlarına belə xidmətlərin göstərilməsi, jurnalist hüquqlarının, vəzifələrinin və etik qaydalarının öyrədilməsi və qorunması üçün müvafiq tədbirlər həyata keçirə bilər.
Demokratik dövlətin, pluralist cəmiyyətin yaratdığı şərait, genişlənən sosial şəbəkələrin artan texniki imkanları etik və hüquqi çərçivədə saxlanmasa o, ayrı-ayrı şəxslər üçün və cəmiyyət üçün təhlükəyə çevrilə bilər. Unutmayaq ki, “hər kəsin hüququnun sərhədi başqasının hüququnun başladığı yerə qədərdir”.
Sevda Aydın KƏRİMOVA Hüquqşünas, AMEA Hüquq və İnsan Haqları İnstitutunun “Bioetika” ixtisası üzrə doktorantı