Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanın Xocalı inzibati rayonunun Fərrux kəndi ətrafında baş verənlərdən sonra Bakını Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişin şərtlərini pozmaqda ittiham edib. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi cavab olaraq bəyan edib ki, Moskva müqaviləsinin müddəalarını əsl pozan İrəvandır:
“Məhz Ermənistan, üçtərəfli Sazişin 4-cü bəndinə zidd olaraq, 44 günlük müharibə zamanı döyüşlərdən sonra qalan Ermənistan silahlı qüvvələrinin qalıqlarını hələ də regiondan çıxarmaqdan imtina edir. Ermənistan Moskva müqaviləsinin 6-cı maddəsini pozaraq, Laçın dəhlizi ilə bölgəyə öz hərbi qulluqçularını göndərməkdə davam edir”.
Qəribədir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı Ermənistanın özündə də təsdiqlənib. Belə ki, “Ermənistan” müxalifət blokunun deputatı Qeqam Manukyan Ermənistan mətbuatına müsahibəsində Ermənistandan çağırışçıların hələ də Qarabağa xidmətə göndərildiyini bildirib:
“Bir çox erməni anaları ümid edirdilər ki, müharibə başa çatdıqdan sonra oğulları Qarabağda xidmət etməyəcək. Amma indi orada daha pis şəraitdə xidmət edirlər. Hakimiyyət bizə yalan danışıb, çağırışçıları döyüş mövqelərinə göndərməmək vədini yerinə yetirməyib. Amma reallıqda valideynlər övladlarının əslində cəbhə bölgəsinə göndərildiyini görür…”
Ermənistanın hələ də Qarabağa hərbi qulluqçular göndərdiyini öz deputatları təsdiqləyir. Bəs sülhməramlılar hara baxır?
Hərbi-siyasi ekspert Daşdəmir Əliyev də “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanda əsgər valideynləri övladlarının hərbi xidmət üçün Qarabağa göndərilməsinə etiraz edir, aksiyalar keçirirlər: “Bütün dünya mediası da bunu görür. Beynəlxalq təşkilatlar bu məsələdə Ermənistana təzyiq etməli, hər bir tərəf üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir.
Məhz Ermənistan postmünaqişə mərhələsində Azərbaycana qarşı açıq ərazi iddialarını davam etdirir və bunu, o cümlədən, XİN səviyyəsində Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı verdiyi hər bir açıqlamasında gündəmə gətirir. Məhz Ermənistan üçtərəfli bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələrinin qalıqlarını hələ də bölgədən çıxarmır. Ermənistan bəyanatın 6-cı maddəsini pozaraq Laçın dəhlizi vasitəsilə hərbçilərin bölgəyə göndərilməsini davam etdirir. Bu fakt beynəlxalq media tərəfindən də öz təsdiqini tapıb. Xüsusilə vurğulamaq istərim ki, Azərbaycan tərəfinin tələbi ölkənin Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarına yox, məhz üçtərəfli bəyanatla nəzərdə tutulduğu kimi, qanunsuz erməni hərbi birləşmələrinin qalıqlarının bölgədən çıxarılmasına aiddir. Ermənistan XİN-in bu məsələni məqsədli şəkildə təhrif edərək “etnik təmizləmə” adı altında təqdim etməyə çalışması Ermənistanın əsl niyyətini ifşa edir. Biz görürük ki, Ermənistanın özündə belə hərbçilərin Qarabağa göndərildiyini təsdiq edən bəyanatlar verilir. Bu fakt sübut edir ki, Rusiya sülhməramlıları bu kobud pozuntuya, daha doğrusu beynəlxalq cinayətə göz yumur”.
Məhəmmədəli QƏRİBLİ