Məlum olduğu kimi, aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş gözlənilir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel təxminən 4 aylıq fasilədən sonra (14 dekabr) tərəfləri təzədən bir araya gətirəcək.
Görüş ərəfəsi Ermənistanda Rusiyaya bağlı radikal-revanşist müxalifətin – “Qarabağ klanı” və onun ətrafındakı ünsürlərin xeyli fəallaşdığı müşahidə edilir. Onlar görüşdə əldə oluna biləcək hər hansı bir razılaşmanın əleyhinə mitinq keçirməyi planlaşdırırlar.
Diqqəti çəkən məqam həm də odur ki, Brüssel görüşü yaxınlaşdıqca, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin fəallağını artırır. Səfir sabiq prezident Levon Ter-Petrosyanla görüşdükdən sonra parlamentdə revanşistləri təmsil edən “Hayastan” blokunun nümayəndələri ilə görüşüb. Görüşdə müxalif blokun parlament fraksiyasının rəhbəri Seyran Ohanyan, deputatlar Armen Gevorqyan, Vahe Akopyan, Armen Rustamyan və Aqnesa Hamoyan iştirak edib. Tərəflərin bir araya gəlməsi Rusiya səfirliyində baş tutub. Tərəflər iki ölkə arasında əlaqələri, Azərbaycanın Qarabağ ərazisində baş vermiş son hadisələr və bu kontekstdə Rusiya sülhməramlı kontingentinin fəaliyyəti barədə fikir mübadiləsi aparıb. Görüş zamanı tərəflər rəsmi Bakının Ermənistan tərəfinə sülhlə bağlı 5 məlum təklifini də müzakirə edib. “Hayastan” fraksiyasının deputatları baş verənlərdən narahat olduqlarını bildiriblər. Tərəflər görüşləri və müzakirələri davam etdirmək barədə razılığa gəlib.
Nəzərə alsaq ki, Brüssel görüşü ərəfəsində Ermənistanda etiraz aksiyalarına hazırlıq gedir, o zaman belə bir məqamda səfir Koprkinin bu fəallığı təsadüfdürmü?
“Səfir Kopırkinin “Hayastan” fraksiyasının deputatları ilə görüşməsi buna hesablanıb”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə, Rusiya tərəfi Qarabağla bağlı məsələlərin uzadılmasında maraqlıdır: “Ona görə Rusiya səfiri S.Koprkin belə əl-ayağa düşüb. Son bir il ərzində Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında münasibətlərin düzəlməsi ilə bağlı səylərini artırmaq istəyir. Aİ-nin təşəbbüsü ələ almaq cəhdlərindən Rusiya narahatdır. O üzdən, müxtəlif vasitələrlə buna mane olmağa çalışır. Azərbaycanın mövqeyi sabitdir və məsələ ilə əlaqədar 5 təklif verib. Bizim ölkədə hamı – hakimiyyət də, müxalifət də təklifin reallaşmasına razıdır. Ermənistanda isə vəziyyət fərqlidir. Paşinyan hakimiyyəti imitasiya aparıb elə görüntü yaradır ki, guya hakimiyyət buna razıdır. Əslində isə belə deyil. Erməni müxalifəti də ümumiyyətlə sözügedən təkliflərə qarşıdır. Aİ isə məsələlərin həllində maraqlıdır. Eyni zamanda Avroittifaq istəyir ki, qurumun patronajlığı altında tərəflər arasında sülh sazişi imzalansın. Rusiya isə bütün vasitələrlə çalışır ki, sözügedən məsələ Kremlin inhisarında qalsın. Baxın, Brüssel görüşü ilə bağlı xəbər yayılan kimi Putun hər iki dövlət başçısı ilə telefon əlaqəsi yaratdı. Ötən il də buna bənzər hal oldu. Dekabrda Brüssel görüşü keçirilməzdən əvvəl 26 noyabrda Soçi görüşü oldu. Ona görə də bütün bunlar təsadüfü deyil. Rusiya prezidenti həm Azərbaycan, həm də Ermənistan rəhbərləri ilə görüşüb zəngləşir. Bununla belə, erməni müxalifətini yönləndirir. Yəni Paşinyan cızıqdan kənara çıxsa, onu cəzalandırsın. Səfir Koprkinin “Hayastan” fraksiyasının deputatları ilə görüşməsi buna hesablanıb. Rusiya məsələnin tam həll olunmasını istəmir. İstəsəydi, iki münaqişə tərəfini bir araya gətirib birdəfəlik məsələni həll edərdi”.
Bir sözlə, partiya sədri hesab edir ki, Rusiyanın belə mövqedən çıxış edəcəyi gözlənilən idi.
Vidadi ORDAHALLI