44 günlük Vətən müharibəsinin Azərbaycanın şanlı Qələbəsi ilə başa çatmasından sonra Cənubi Qafqazda yeni geosiyasi proseslərin başlanğıcı, regionun tarixində yeni eranın əsası qoyuldu.
İndi bölgədəki bütün proseslər məhz Azərbaycanın şəksiz liderliyi və diqtəsi altında cərəyan edir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bölgədə təhlükəsizlik mühiti, davamlı sabitliyə və əminamanlığa əlverişli şərait yarana bilər. Region dövlətlərinin yeni əməkdaşlıq formatının qurulması və Zəngəzur dəhlizinin yaradılması başda olmaqla, bir çox layihələrin reallaşması üçün ilk növbədə iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyasının aparılması əsas şərtdir. Sərhədlərin müəyyənləşməsi olduqca zəruri proses, tərəflər arasında mövcud sərhədyanı ərazilərdə baş verə biləcək gələcək münaqişələrdən sığortalanmaq və qarşılıqlı əməkdaşlıq üçün vacib olan bir nömrəli məsələdir. Lakin bu proses erməniləri, nədənsə, uzun illər ərzində işğal altında saxladıqları Azərbaycan torpaqlarının azad olunmasından daha çox narahat edir. Ötən il noyabrın 26-da Soçidə üçtərəfli görüş zamanı imzalanan növbəti bəyanatda əksini tapan əsas məsələlər nəqliyyat əlaqələrinin blokadadan çıxarılması və Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin müəyyənləşdirilməsi üzrə ikitərəfli komissiyanın yaradılması idi. Bəyanatda qeyd olunan məsələlərin həlli, xüsusilə də dövlət sərhədinin delimitasiyası və demarkasiyası sülh sazişinin imzalanması üçün mühüm hazırlıq mərhələsi hesab olunur.
Lakin buna baxmayaraq, Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirməkdə tam qərarlı olduğu halda, bu məsələlərin həllini Ermənistan bilərəkdən yubadır. Ermənistan rəsmiləri tez-tez barışıq xarakterli müxtəlif bəyanatlar versə də, konkret ortaq işdən söhbət gedəndə müxtəlif bəhanələrlə ondan çəkinir. Məsələn, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionla birgə keçirdiyi brifinqdə
Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bir daha təsdiqləyib. O qeyd edib ki, italiyalı həmkarı ilə regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələləri müzakirə edib.
Ermənistan sazişə hazıram desə də, real iş görmür. Bu oyunun başlıca hədəfi nədir?
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın sülh sazişi istəyi ilə bağlı verdiyi bəyanatlar qeyri-səmimi sayıla bilməz: “Onlar da bizim kimi sülh sazişinin imzalanmasının tərəfdarıdırlar. Ancaq burada iki mühüm fərq var. Söhbət Azərbaycanla Ermənistanın fərqli yanaşmasından gedir. Ermənistan sülh sazişində Qarabağdakı ermənilərə statusun verilməsini tələb edir. Belə bir müddəanın yer almadığı sülh sazişini imzalamaqdan qorxur. Anlasa da ki, belə tələb keçməyəcək, yenə də israrını davam etdirir. Bilir ki, əks halda Paşinyan hakimiyyətinin Ermənistanda iqtidarda qalması qeyri-mümkündür. İkinci fərq budur ki, bu danlşıqlarda Ermənistan vasitəçi kimi ATƏT-in Minsk Qrupunu görür, ən azından Rusiyanı görmür. Söçi görüşündə Paşinyan bunu açıq mətnlə bəyan etdi. Azərbaycan isə bu sazişin Rusiyanın vasitəçiliyilə imzalanmasını istəyir. Belə olanda Türkiyənin də rolu artır. Həm də Rusiyanın sülh sazişinin şərtlərinin yerinə yetirilməsilə bağlı Ermənistana təzyiq imkanları daha çoxdur. Bu iki ciddi məsələ sülh sazişinin imzalanmasında maneəyə çevrilib. Ermənistan konkret imtina etmir, ancaq israrla üstündə durduğu tələblər sazişin imzalanmasını dalana dirəyir. Ümid edirəm ki, Ukrayna böhranı bitdikdən sonra Rusiyanın fəal şəkildə prosesə qoşulacağı gözlənilir. Həmin zamana kimi keçiriləcək görüşlər görüntü xarakteri daşıyacaq. Qarşıdakı günlərdə Brüsseldə keçiriləcək görüşü də bu qəbilə aid edə bilərik”.
Məhəmmədəli QƏRİBLİ