Xəbər verildiyi kimi, İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda həbsdə olan Vilyam Hacıyevin oğlu işdən çıxarılıb. Belə ki, Məhəmməd Vilyam oğlu Hacıyev Qubadlı rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən azad edilib. Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatı zamanı həbs edilib.
Ümumilikdə, diqqəti çəkən məqam odur ki, bu kimi məmurların oğlanları əsasən prokurorluq orqanlarında çalışır. Bu məqam daha çox sözügedən məmurlar işdən çıxarıldıqdan və əsasən də həbs olunduqdan sonra üzə çıxır. Bəzi məmurlar həbs olunandan sonra bəlli olur ki, yüksək vəzifə tutan məmurların uşaqlarının çoxu prokurorluqda, Korrupsiyaya ilə Mübarizə üzrə Baş İdarəsində işləyir. Zamanında belə halların qarşısı niyə alınmır? Məgər prokurorluq yüksək vəzifəli məmur övladları üçündür? Niyə məmurlar övladlarını prestijli inzibati hüquq-mühafizə orqanlarında - prokkurorluqda, ədliyyədə, DTX-da, Korrupsiya İdarəsində yerləşdirirlər?
“Bütün fəaliyyətini rüşvət üzərində quran məmur övladlarının inzibati hüquq-mühafizə orqanlarında çalışması təhlükəlidir”
Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfqarlının fikrincə, belə vəziyyətin yaranmasında iri məmurlar maraqlıdır: “Çünki belə vəziyyət bu və ya digər formada onların mənafeyinə xidmət edir. Müəyyən neqativ halların ört-basdır edilməsində vacib rol oynayır. O üzdən, belə vəziyyətin yaranmasında maraqlı olan tərəflər var. Yadıma gəlir, 1969-cu ilin iyulunda Heydər Əliyev Azərbaycana rəhbərliyə gələndən sonra belə hallara qarşı mübarizə gücləndi. Ötən əsrin 70-ci illərində vəzifəli şəxslərin uşaqlarının hüquq fakültəsində oxumasına məhdudiyyətlər qoyuldu. Çünki vəzifəli şəxslərin uşaqları hüquq fakültəsini oxuyandan sonra inzibati orqan işçiləri olurdular. Bu da bir növ ailə mafiyasının qarantına çevrilirdi. Ona görə də bununla bağlı o vaxt müəyyən qadağalar tətbiq olundu. Ancaq Azərbaycan müstəqilliyini bərpa edəndən sonra belə qadağalar aradan götürüldü. Əgər normal şərait olarsa, yüksək vəzifəli məmur övladının öz gücü hesabına prokurorluq orqanlarında çalışmasında bir qəbahət yoxdur. Ancaq problem ondadır ki, bizdə belə deyil. Məmur övladısansa, istənilən vəzifə tuta bilərsən. Bütün fəaliyyətini rüşvət üzərində quran məmur övladlarının inzibati hüquq-mühafizə orqanlarında çalışması təhlükəlidir. Deməli, onun təhsili də, vəzifəyə gəlməsi də rüşvət hesabına olub. Burda hansısa ədalətli fəaliyyətdən söhbət gedə bilməz. Ona görə də gələcəkdə bu kimi məsələlərə diqqəti artırmaq lazımdır. Kimisə inzibati hüquq-mühafizə orqanlarında işə götürəndə yüksək peşəkarlıq əsas götürülməlidir, hansısa məmurun övladı olması yox. Qohumbazlıq, tayfabazlıq, yerlibazlıq məsələləri aradan qaldırılmalıdır ki, insanların sözügedən qurumlara inamı artsın. Ancaq hələ ki, bu bizdə belə deyil”.
Bu baxımdan professor hesab edir ki, indiki şəraitdə yüksək vəzifəli məmur övladlarının hüquq-mühafizə orqanlarında işə götürülməsinə məhdudiyyət qoyulmalıdır.
Vidadi ORDAHALLI