Aprelin 6-da Brüsseldə Əliyevlə Paşinyan arasında növbəti görüş keçiriləcək. Bu görüşdən öncə həm Ermənistan, həm də Azərbaycan tərəfdən ehtiyatlı, amma optimizm dolu açıqlamalar oldu, hətta rəsmi Bakının sülh müqaviləsinin təməllərini təşkil etmək üçün açıqladığı 5 prinsiplə bağlı da rəsmi İrəvandan etiraz gəlmədi.
Bəzi ekspertlər hesab edir ki, bu ərəfədə hər iki ölkədə baş verənlər arasında bir əlaqə var. Ekspert Natiq Cəfərlinin sözlərinə görə, Brüsseldə hansısa çərçivə anlaşması, ya da daimi fəaliyyətdə olacaq “Sülh masası”nın qurulması ilə bağlı razılaşma ola bilər. Buna baxmayaraq, N.Cəfərli bir daha Kremlin bu prosesə neqativ baxdığını xatırladıb: “İrəvanda görüşdən bir gün öncə, 5 aprel tarixində müxalifətin geniş mitinqi təyin edilir, dünən, aprelin 2-də İrəvanda küçədə atışma olur, hələlik bir neçə nəfərin yaralanması ilə bağlı (hətta 1 nəfərin öldüyü) xəbərlər var, bu gecə isə Bakıda partlayış olur, ölən və yaralananlar var: sizcə, bu qədər təsadüf ola bilərmi?! Özü də Bakıdakı partlayış müqəddəs Ramazan ayının başlanmasına dəng gəlir, həmən də sosial şəbəkələrdə mövzunu başqa səmtə yönəltmək üçün dinimizin fəlsəfəsini belə anlamayan adamlar peyda olur, ölən və yaralananlara lənət oxutdurulur - əsl “KQB və QRU” düşüncəsinə, planlamasına oxşayır. Bəzi fanatiklərin şərhləri isə hüquq-mühafizə orqanlarına araşdırma üçün əsas olmalıdır!”
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, araşdırma getmədən, nəticələr bəlli olmadan nəsə demək çətindir: “ Əlbəttə ki, təxribatın ola bilmə ehtimalını da inkar etmək olmaz. Özü də bunu təkcə Brüssel görüşü ilə bağlamaq düzgün olmazdı. Burada Ukraynada gedən müharibə, İsrail dövləti ilə daha da yaxınlaşma, hətta dini faktor da yer ala bilər.
Yaddan çıxarmayaq ki, Azərbaycanın daha çox müstəqil siyasət yürütməsi və bölgədə öz sözü olan dövlətə çevrilməsi kimlərinsə xoşuna gəlməyə bilər. Amma təxribat məsələsində üstünlük veriləcək bütün faktorlardan da ən önəmlisi olaraq Azərbaycanla Ermənistan arasında baş tutacaq görüşə qarşı olan hansısa qüvvənin bu dönəmdə xəbərdarlıq mesajını da nəzərdən qaçırmaq olmaz. Bildiyimiz kimi, bölgədə bu iki ölkənin anlaşaraq hər hansı bir razılaşmaya nail olması region dövlətlərinin bəzilərinin marağında deyil. Mətbuat vasitələrini izləyəndə də həmin ölkələr tərəfindən bu yönümdə özlüyündə narahatlıq ifadə edən fikirlərin səsləndirilməsinin dəfələrlə şahidi olmuşuq. Qafqaz önəmli regiondur və bu regionda söz sahibi olmağa çalışan qüvvələr öz maraqları uğrunda hər hansı bir təxribata əl ata bilərlər. İstənilən halda, hadisələri qabaqlamayaq və rəsmi versiyanın açıqlanmasını gözləyək”.
Məhəmmədəli QƏRİBLİ