Ermənistanda son 30 il ərzində rus dilində təhsil alanların sayı iki dəfə azalıb. Bunu Rusiyanın Dil Siyasəti və Beynəlxalq Təhsil Mərkəzinin rəhbəri Svetlana Kamışova bildirib. O, ötən bu müddət ərzində Ermənistanda rus dilində təhsil alanların sayının iki dəfə azaldığını qeyd edib. S.Kamışova göstəricilərin 1990-1991-ci illərin akademik göstəriciləri ilə 2020-2021-ci illərin göstəricilərinin müqayisəsi əsasında əldə edildiyini vurğulayıb.
Ermənistanda rus dilində təhsil alanların sayının son 30 ildə iki dəfə azalması nə ilə bağlıdır? Ermənistan əhalisi onlara “atalıq” edən Rusiyanın dilini niyə öyrənmək istəmir?
“Ermənistanda rus dilində tədrisin səviyyəsinin bu şəkildə aşağı düşməsi bu ölkənin antirusiya siyasətinin nəticəsidir”
AMEA-nın Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri professor Qasım Hacıyev bizimlə söhbətində bildirdi ki, bu birbaşa Ermənistan dövlətinin yeritdiyi antirusiya, antirus siyasəti ilə bağlıdır. Q.Hacıyevin sözlərinə görə, Ermənistanda rus dilinə Sovet dövründə də ciddi nifrət olub, sadəcə olaraq bu dili öyrənməyə, tədris etməyə borclu olduqları üçün bunu ediblər. Q.Hacıyevin dediyinə görə, Ermənistan 30 ildir Rusiyanın forpostudur, amma qəribədir ki, rus dilində tədrisdən yavaş-yavaş imtina edir. “Ermənistanda rus dilində tədrisdən imtina uzun illərdir ki, ciddi şəkil alıb və Ermənistan vətəndaşları rus dilində tədrisə böyük maraq göstərmir. Ermənistanın tədris sistemində Rusiya deyil, Avropa, Qərb sisteminə daha çox maraq var. Bu da ondan irəli gəlir ki, orta məktəbi bitirənlər birbaşa Avropa ölkələrinə, ABŞ-a üz tuturlar. Ermənistanda Qərb təhsilinə məqsədli şəkildə böyük yer verilməsi rus dilində tədrisin sıxışdırılmasına səbəb oldu, bu amil də rus dilinin tədrinə mane oldu. 1990-cı ilin əvvəllərindən başlamış indiyə qədər Ermənistan Rusiyanın forpostudur, oradakı sosial-iqtisadi, siyasi vəziyyət, demək olar ki, çox şey Rusiyadan asılıdır. Sovet dövründə Ermənistanın bütün inkişafı Rusiya ilə bağlı olub. Rusiyanın 200 ildir ermənilərə “atalıq” etməsinə baxmayaraq, ermənilər bu ölkəyə də həmişə xəyanət edib. Ermənistanın keçmiş rəhbərləri də, indikilər də Rusiyanın yanında dursalar da, özlərini həmişə Qərbin qucağında görmək istəyiblər. Ermənistan Rusiyadan qopmaq üçün hər cür vasitəyə əl atır. Rus dilində tədrisi iki dəfə azaltmaqla Qərbə, Avropaya göstərmək istəyir ki, guya Rusiya ilə olan bağlarını bu yolla qırmağa başlayıb. Ermənistan ABŞ-a, Avropaya yarınmaq üçün rus dilinin tədrisini ikiqat azaldıb. Təsəvvür edin ki, 1999-cu ildən Ermənistanın Milli Assambleyası tərəfindən 9 fəsildən, 55 maddədən ibarət bir qərar qəbul olundu. Bu həmin dövrdə təhsil haqqında yeni qanun hesab olunurdu. Bu, Ermənistanda mövcud olan təhsil sisteminin bütün pillələrinə şamil olundu. Bundan sonra artıq hiss olundu ki, Ermənistanda rus dilində tədrisə münasibət əvvəlki səviyyədə deyil. Nəticədə fərqli nüanslar ortaya çıxmağa başladı. Ayrı-ayrı yerlərdə, həm dövlət ali məktəblərində, həm də özəl ali məktəblərdə rus dilinə yox, Avropa dillərinə daha çox üstünlük verildi. Biz keçən əsrin 90-cı illərində də, sonrakı dövrdə də Ermənistan təhsilində baş verən prosesləri yaxından izləmişik. Həmişə mütəxəssislərimiz bu mövzunu həssaslıqla təqib edib. Biz o vaxt Ermənistandakı bağçalarla bağlı araşdırma aparmışdıq, bu bağçaların 451-i şəhərlərdə idi, 417-si isə kəndlərdə fəaliyyət göstərirdi. Nə bu bağçalarda, nə də kənd məktəblərində rus dilinə maraq vardı, İrəvanda nisbətən vardı. Lakin İrəvan məktəblərində təhsil alanların hələ o vaxtdan başlayaraq rus dilinə marağı azalmışdı”.
Q.Hacıyevin sözlərinə görə, o dövrdə həm bağçalarda, həm orta məktəblərdə, həm texnikumlarda, həm də ali məktəblərdə rus dili ilə bağlı nəticə çox aşağı idi. Ermənistanda ali məktəblərdə də rus dilinə münasibətin soyuq olduğunu deyən Q.Hacıyevin sözlərinə görə, özəl ali məktəblərdə rus dili çıxdaş edilmişdi və az-çox dövlət ali mıktəblərində yalnız rus filologiyası saxlanılmışdı. Bunun illər əvvəl müşahidə edildiyini deyən Q.Hacıyevin bildirdiyinə görə, bu gün isə rus dilində tədrisə daha böyük laqeydlik var. Q.Hacıyev deyir ki, baxmayaraq Ermənistanın çörəyi-suyu Rusiyadan gəlir, hərbi cəhətdən Rusiyaya arxalanır, bu ölkənin forpostudur, amma yenə də onunla oyun oynamaqda davam edir: “Bu faktları biz deyəndə bizə birtəhər baxırdılar, amma indi Ermənistanda rus dilində tədrisin iki dəfə azaldığını Rusiyanın nüfuzlu mərkəzlərindən biri bəyan edir. Rusiya indi bilməlidir ki, uzun illərdir himayə etdiyi Ermənistanda onun rəsmi dilinə qarşı hansı siyasət yürüdülür. Ermənistanda rus dilində tədrisin səviyyəsinin bu şəkildə aşağı düşməsi bu ölkənin antirusiya siyasətinin nəticəsidir. Ermənistanda rusfobiya yeni deyil, 30 ildən çoxdur ki, başlayıb, cəmiyyətdə təbliğ edilib, insanların şüurunda antirus toxumları əkilib. Bu gün Ermənistanın özündə ruslar yaşamır, onlar çoxdan köçüb gediblər. Təketnoslu ölkə olan Ermənistanın başqa xalqalara, dillərə, mədəniyyətlərə münasibətini Rusiya görməzdən gəlməməlidir. Nəhayət ki, Ermənistana üzünü göstərməlidir”- deyə Q.Hacıyev qeyd etdi.
İradə SARIYEVA