Son vaxtlar Avropa qurumlarının Azərbaycana yönəlik ədalətsiz fəaliyyəti səngimək bilmir. Gah ATƏT-in Minsk Qrupunun bərpası məsələsini, gah da Qarabağda guya erməni mədəni abidələrinin təhlükə altında olduğunu qabardırlar.
Bu arada Avropa Parlamentindən növbəti haqsızlıq gəlib. Avropa Parlamentinin deputatı Peter van Dalen bəyan edib ki, martın 10-da Avropa Parlamenti Qarabağda mədəni irsin dağıdılması ilə bağlı müzakirələr keçirəcək və qətnamənin qəbul olunmasına səs verəcək: “Bəli! Biz bacardıq! Avropa Parlamenti cümə axşamı, martın 10-da plenar iclas keçirəcək, orada Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi ilə bağlı müzakirələr və qətnamənin səsverməsi olacaq”.
O da qeyd olunub ki, müharibədən sonra erməni tərəfi dəfələrlə həmin ərazilərdə kilsələrin və digər mədəniyyət, tarixi abidələrin təhlükəsizliyindən narahatlığını bildirib. İrəvan “vandalizmin” və xristian ziyarətgahlarının dağıdılmasının qarşısının alınmasında Rusiyanın, eləcə də YUNESKO-nun iştirakına ümid edir.
Göründüyü kimi, Avropa təsisatları şüurlu şəkildə ermənilərin yalanına uyaraq Azərbaycanla bağlı ədalətsiz qərarlar qəbul etmək istəyirlər. Təəssüf doğuran məqam odur ki, Avroparlament Azərbaycanın indiki dövrdə qitənin enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rolu nəzərə almaq istəmir.
“Təəssüflər olsun ki, erməni lobbisinin əlində alət olan Avropa Parlamenti...”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəyli hesab edir ki, Avropa qurumlarının Qarabağda erməni mədəni və dini irsi barədə danışmağa haqqı yoxdur: “Ən azından ona görə ki, ermənilər Qarabağa gəlmə xalqdır. Onları da başımıza o vaxt Rusiya imperiyası bəla edib. Hansı mədəni və dini irsin məhvindən söhbət gedə bilər ki, oradaki qədim Alban abidələri Azərbaycana məxsusdur? Biz öz keçmişimizə, tariximizə sahib çıxırıq. Ermənilər qədim Alban abidələrini öz adlarına çıxararaq dünya ictimaiyyətini aldadırlar. Təəssüflər olsun ki, erməni lobbisinin əlində oyuncaq olan Avroparlament onların yalanına alət olur. Qarabağda işğal dövründə 67 məscid məhv edilib. Bununla bağlı tutarlı sübutların olmasına rəğmən, bir dəfə də olsun Avropa Parlamenti erməni vandalizmini qınamayıb. Ədalətdən, demokratiyadan, insan hüquqlarının aliliyindən dəm vuran Avropa qurumları işğal olunmuş ərazilərdə dağıntıları gəlib görmək, mədəni-dini abidələrin necə məhv edilməsi ilə bağlı təftiş aparmaq təşəbbüsü ilə çıxış etmirlər. Bütün faktlar ortada ola-ola bunu görməzdən gəlirlər. Bax, budur onların ədalətsizliyi, riyakarlığı. O üzdən hesab edirəm ki, Avropa qurumlarında erməni lobbisinin imkanları nə qədər böyük olsa da, biz bu ədalətsizliklərin üzərinə getməliyik. Çünki başqa çarə yoxdur. Nə edək ki, ədalətsiz dünyada yaşayırıq”.
Şərqşünas onu da əlavə etdi ki, bu istiqamətdə səylərimizi artırmalıyıq.
Vidadi ORDAHALLI