Martın 5-də Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazidə aksiya keçiriləcək. Bu barədə erməni mətbuatı məlumat yayıb. Bildirilib ki, aksiyanın məqsədi Rusiya-Ukrayna münaqişəsində Rusiya tərəfini dəstəkləməkdir. Azərbaycan ərazisindən niyə Ukraynaya qarşı siyasi məqsədlər üçün istifadə olunmalıdır?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan hərbçilərinin Rusiya tərəfindən Ukraynaya qarşı döyüşdüyü faktdır: “Bu fakt bütün tərəflər tərəfindən təsdiq edilir. Ermənistan öz ərazisində belə aksiyaları keçirə bilmir. Belə olsa bir qədər tərəf tutmuş kimi görünə bilər. Ona görə də belə aksiyanı Qarabağda ermənilərin yaşadığı ərazidə təşkil edir. Bununla Rusiyanın gözünə girmək istəyirlər. Paşinyan bilir ki, Ermənistanda Rusiyanı müdafiə etsə, Soros əlini onun üstündən çəkər. Rusiya sülhməramlıları bizə qarşı hər zaman təxribatlar ediblər. Bu məsələdə ermənilərə şərait yaradılmasının özü də bizə qarşı olan hərəkətdir. Çünki həmin ərazi Azərbaycanındır. Bizim başımızın üstündən belə işlərin görülməsi heç bir əndazəyə sığmır. Bununla ermənilər həm də “Artsax” adlı bir qurumun güya hələ də mövcud olduğuna dair görüntü yaratmaq istəyirlər. Azərbaycan bir daha sülhməramlılara ciddi xəbərdarlığını etməlidir. Maraqlıdır, bənzər bir aksiya Ukraynanın xeyrinə olsaydı, sülhməramlılar buna icazə verərdimi? Təbii ki, yox! O halda Azərbaycan ərazisindən öz siyasi məqsədləri üçün istifadənin də mümkünsüzlüyünü anlasınlar”.
Məhəmmədəli QƏRİBLİ