MDB ölkələrində Rusiyanın Ukraynaya hücumuna qarşı ya ictimaiyyət etiraz edib bununla bağlı aksiya keçirir, ya da prosesləri izləyirlər. Məlum səbəblərdən Belarus Rusiyanı müəyyən qədər dəstəkləyir.
Ancaq qəribədir ki, özünü demokratik ölkə kimi təqdim edən Ermənistanda “Faşizmə ölüm!”, “Rusiya, biz səninləyik!”, “Nasistlərə yox!” şüarı ilə aksiya keçirilib. Belə ki, Rusiyanın İrəvandakı səfirliyi qarşısında Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyata dəstək aksiyası keçirilib. Aksiya iştirakçıları bildirib: “Ukraynada faşist qüvvələri ABŞ və Avropanın köməyi ilə hakimiyyətə gəlib. Həmin gündən Ukraynada rusdilli əhalinin hüquqları pozulmağa başladı. “Rusiyanın onların müqəddəratını təyin etməkdən başqa yolu yox idi, problem budur”.
Ermənistan kommunistləri bəyan ediblər ki, Ukraynada qurulan rejim guya Donbass sakinlərini, dinc sakinləri qətlə yetirib. Bu səbəbdən onlar Rusiya Federasiyasını dəstəkləyir: “Xüsusi əməliyyatın məqsədi faşizm və millətçiliyin kökünü kəsməkdir”.
Göründüyü kimi, Rusiyaya ən yaxın ölkə Belarus olsa da, orada indiyədək belə dəstək xarakterli aksiya keçirilməyib. Ancaq Ermənistanda Rusiya ilə bağlı dəstək aksiyaları keçirilir.
“Ermənilər əmindilər ki, Rusiya Ukraynada möhkəmlənə bilsə, bu, Qarabağdakı separatçıların xeyrinə işləyəcək”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucov hesab edir ki, ermənilərdən nə desən gözləmək olar: “Çünki onlar millət olaraq ikili oynamaqda mahirdilər. Bütün dünya Rusiyanın Ukraynaya təcavüzünü pislədiyi halda, onlar Rusiyaya dəstək verir. Çünki ermənilərin özü də başqasının ərazisini işğal edən, sərvətlərini qəsb edən bir toplumdur. Düzdür, Rusiyaya erməni kommunistlərinin dəstək verdiyi deyilir, amma biz nəzərə almalıyıq ki, təkcə bu deyil. Rusiyanın Ermənistanda sabit elektoratı var ki, revanşistlərin ətrafında birləşiblər. Bəli, onların sayı çox deyil, amma var. Biz nəzərə almalıyıq ki, Kremlin Donbasdakı separatçıları tanıması erməniləri xeyli ruhlandırıb. İkinci Qarabağ müharibəsində uğradıqları məğlubiyyətə görə ermənilər arasında ciddi anti-Rusiya ovqatı formalaşdı. İndinin özündə də bu narazılıq var. Ancaq indi ermənilər əmindilər ki, Rusiya Ukraynada möhkəmlənə bilsə, bu, Qarabağdakı separatçıların xeyrinə işləyəcək. Ona görə belə canfəşanlıq edirlər ki, Rusiyanı razı salsınlar. Erməni xisləti elədir ki, bunlar terrora, zora meyllidirlər. Bunlar üçün beynəlxalq hüquq önəmli deyil. Sabah Rusiya parçalansa, ermənilər Stavropolda, Rostovda separatçı fəaliyyətə başlayacaqlar. Nəzərə almaq lazımdır ki, həmin şəhərlərdə ermənilər kompakt yaşayır”.
AMİP funksioneri onu da qeyd etdi ki, Rusiyanın Ukraynaya hücumunun fəsadları hələ bundan sonra özünü göstərəcək.
Vidadi ORDAHALLI