Ukraynada Zaporojye Atom Elektrik Stansiyasının (AES) ərazisi Rusiya qoşunları tərəfindən ələ keçirilib. Bu barədə Ukraynanın Nüvə Tənzimlənməsi Dövlət Müfəttişliyinin mətbuat xidməti bildirib.
Qeyd olunur ki, AES-in enerji bloklarına zərər dəyməyib, bölgədə baş vermiş yanğın reaktorlara təhlükə törətməyib.
Xatırladaq ki, martın 4-nə keçən gecə Rusiya ordusunun ağır texnikasının atəşə tutması nəticəsində Ukraynanın şərqində yerləşən Zaporojye Atom Elektrik Stansiyasında yanğın baş verib. Yanğın Bakı vaxtı ilə saat 08:20-də söndürülüb. Məlumata əsasən, yanğın nəticəsində ölən və xəsarət alan olmayıb.
Eyni zamanda, AES-in yerləşdiyi Enerqodar şəhərinin meri Dmitri Orlov Zaporojye AES-də vəziyyətin ağır olaraq qaldığını bildirib. "Vəziyyət çətin olmaqda davam edir. Şəhərin özündə vəziyyətə gəlincə, indi küçələrdə sakitlikdir, yad adamlar görünmür.Amma yaxınlıqda çox gərgin vəziyyət olduğundan, küçədə az qalmağı və evdə oturmağı tövsiyə edirik".
Rusiya belə strateji və təhlükə yarada biləcək obyekti niyə vurmaq qərarına gəlib?
Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, müharibənin aparılmasının da yazılmamış qanunları var: “Gərək çalışasan ki, ləyaqətli müharibə aparasan. Döyüş meydanında olanları hədəf almaq müharibə qanunu sayıla bilər. Ancaq oradan kənar ərazidəki dinc sakinlərə atəş açmaq insanlığa sığmır. Biz 44 günlük müharibənin gedişində bunu ermənilərdən gördük. Onlar döyüş meydanından 100 kilometrlərlə aralı olan Gəncədə dinc sakinlərə raket atəşi açdılar. Nəticədə dinc sakinlər, uşaqlar öldü. Müharibə bitsə də, belə hadisələr unudulmur. Tarixə qara hərflərlə yazılır. Bu hadisə də təhlükəlidir və insanlıq əleyhinə yönəlib. Belə bir obyektin vurulması bütün bəşəriyyəti təhdid altına salmaq anlamına gəlir. Şükürlər olsun ki, radiasiya fonunda dəyişikliklər hələ qeydə alınmayıb, stansiyanın altı enerji blokundan biri işləyir. Hazırda Zaporojye AES-in altı enerji blokundan dördü nüvə yanacağının soyudulması vəziyyətindədir. Nüvə yanacağının soyudulması qabiliyyətinin itirilməsi ətraf mühitə əhəmiyyətli dərəcədə radioaktiv maddənin buraxılmasına səbəb olacaq. Nəticələr baxımından bu hadisə AES-də əvvəlki bütün qəzaları, o cümlədən Çernobıl AES-də və Fukusima-Daiçi AES-də baş vermiş qəzaları üstələyə bilər. Zaporojye AES-in ərazisində altı enerji blokundan əlavə, işlənmiş nüvə yanacağının saxlandığı anbar da var. Onun vurulması nəticəsində zədələnməsi də radioaktiv maddələrin yayılmasına səbəb ola bilər. Rusiya tərəfi iddia edir ki, Ukrayna strateji obyekt olduğunu nəzərə alıb, ora hərbi qüvvələrini yerləşdirib. Güya oranı hərbi hədəf kimi susdurublar. Bununla Rusiya həm də panika toxumu səpmək istəyir ki, ondan daha çox ehtiyat etsinlər”.
Məhəmmədəli QƏRİBLİ