“Freedom House” təşkilatının “Dünyada Azadlıq 2022" hesabatı dərc olunub. Hesabatda təşkilat yenə də Azərbaycana münasibətdə qərəzli mövqedən çıxış edib. Belə ki, hesabatda Azərbaycanı “qeyri-azad” ölkələr siyahısında göstərib. Azərbaycan ən geridə qalmış ölkələrlə eyni sırada tutulub.
“Qeyri-azad” ölkələr kateqoriyasında Azərbaycanla bərabər daha 56 ölkə var. Əfqanıstan, Əlcəzair, Anqola, Bəhreyn, Belarus, Bruney, Burundi, Çad, Kuba və bir sıra başqa ölkələr də “qeyri-azad” sayılıb. Ancaq Ermənistan və Gürcüstan “qismən azad” ölkələr kateqoriyasına düşüb. Göstəricilərə görə, indiyədək öndə gedən Gürcüstanın durumu bu il zəifləyib. Bildirilir ki, bu ölkədə jurnalistlər, LGBT fərdləri, müxalifət tərəfdarları artan təhdid və zorakılıqla üzləşib. Sıralamada Cənubi Sudan və Suriya 1, Türkmənistan 2 bal toplayıb, Eritreya və Şimali Koreya 3, Belarus isə 8 bal yığıb. Azərbaycanın balı isə 9-dur. Liviya, Yəmən də Azərbaycan kimi 9 bala sahibdir. Ancaq qəribədir ki, Monqolustanın azad, Ermənistanı qismən azad ölkə sayan təşkilat Türkiyəni belə qeyri-azad ölkə hesab edib. Belə çıxır, guya Ermənistan Türkiyədən də demokratik ölkə imiş.
Bütün hallarda qərəzli yanaşma ortadadır. Azərbaycan kimi ölkə Afrikanın ən geridə qalmış ölkəsi ilə bir tutulursa, bunun bir adı var, o da apaçıq qərəzdir.
“Azərbaycanı Afrika ölkəsi ilə eyni səviyyəyə qoymaq qərəz yox, düşmənçilikdir”
Məsələyə münasibət bildirən media eksperti Yadigar Məmmədlinin fikrincə, “Freedom House” təşkilatının son hesabatı qərəz yox, Azərbaycana qarşı düşmənçiliyi özündə ehtiva edir: “İnsan haqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar sanki Azərbaycanı qaralamaqla bağlı yarışa giriblər. Ancaq deyərdim ki, bunların başında “Freedom House” dayanır. Bunlar ədalətli monitorinq aparmaq əvəzinə, ard-arda böhtan atmaqla məşğuldular. Bu isə onu göstərir ki, bunlar mahiyyət baxımından dəyişmirlər, yalnız rəqəmlər dəyişir. Son hesabat bir daha sübut etdi ki, “Freedom House” şəffaf təşkilat deyil. Bunlar hansı parametrlərə görə necə monitorinq aparıblar ki, belə nəticə əldə olunub? Bunun mexanizmi bəlli deyil. Bu təşkilatlar ayrı-ayrı maraqlara xidmət edir, hansısa dairələrin arzularını ifadə edir. Ona görə “Freedom House” kimi təşkilatlara insan hüquq və azadlıqları deyil, öz maraqları vacibdir. “Freedom House” artıq heç bir nüfuzu olmayan təşkilatdır və obyektiv yanaşma ortaya qoymadığı təsdiqlənib. Bu təşkilatlar hansı ölkəni sevmirlərsə, qərəzli hesabat hazırlayırlar. Bunun başqa adı yoxdur. Çünki Azərbaycan bir sıra parametrlərə görə qonşu ölkələrdən üstün mövqedədir. Xüsusən də Ermənistandan. Mən demirəm ki, bizdə hər şey ideal səviyyədədir. Təbii ki, bu belə deyil. Ancaq bu dərəcədə yox da. Azərbaycanı Afrika ölkəsi ilə eyni səviyyəyə qoymaq qərəz yox, artıq düşmənçilikdir”.
Media eksperti bir daha qeyd etdi ki, son hesabat bunun bariz sübutudur.
Vidadi ORDAHALLI