Məlum olduğu kimi, Avropa Şurası Ukraynaya hücumla əlaqədar Rusiyanın təşkilatda səsvermə hüququnu dayandırıb. Qərara əsasən, Rusiya Avropa Şurasının Nazirlər Komitəsində və Avropa Şurası Parlament Assambleyasındakı təmsilçilik hüquqlarından istifadə edə bilməyəcək. Bu isə o deməkdir ki, Rusiya Avropa Şurasında səsvermə hüququndan məhrum edilir.
Rusiya ilə bağlı məsələ AŞPA-da müzakirə olunarkən iclasda Azərbaycan nümayəndə heyəti iştirak etməyib. Ermənistan nümayəndə heyəti isə Rusiyanın səsvermə hüququnun dayandırılmasına qarşı çıxan azsaylı ölkələrdən biri olub. Burada diqqəti çəkən məqam odur ki, AVRONEST tədbiri çərçivəsində Avropa qurumlarının təmsilçiləri demokratiya, islahatlarla bağlı Ermənistan hakimiyyətini bol-bol təriflədilər. Toplantılarda, erməni mediasına açıqlamalarında bəyan edirdilər ki, Paşinyan hakimiyyətə gələndən sonra sadalanan məsələlərlə bağlı ölkədə çox işlər görülüb. Ancaq nədənsə, AŞPA məsələsində Ermənistanın tutduğu mövqeyə görə səs çıxmır. İşdi, Azərbaycan o cür mövqe tutsaydı, o saat ölkəmizi topa tutardılar. Bəyan edərdilər ki, Azərbaycan dolayı da olsa bununla Rusiyanın müdaxiləsinə dəstək verir.
“Gömrük İttifaqına qoşulmuş Ermənistan əslində AVRONEST-in tərkibindən uzaqlaşdırılmalı idi”
Məsələyə münasibət bildirən politoloq Elşən Manafov Avropa qurumlarının Ermənistanı görməzdən gəlmələrini əsasən iki amillə əlaqələndirdi: “Əvvəla, AŞPA-nın Rusiya ilə bağlı müzakirələrdə Azərbaycan parlament nümayəndə heyətinin iştirak etməməsi müəyyən səbəblərlə bağlıdır. Bu, dövlətimizin hazırda Rusiya və Ukrayna arasında yaşanan münaqişəyə münasibəti ilə əlaqədardır. Rusiya ilə münasibətləri müttəfiqlik müstəvisi üzərinə gətirən Azərbaycan, təbii ki, müttəfiqinin maraqlarına cavab verməyən bir layihənin əleyhinə çıxış etməməli idi. Bu halda isə Ukrayna və Avropa İttifaqı ilə münasibətlərdə problemlər yaşana bilərdi. Çunki Azərbaycan bir tərəfdən problemin Ukraynanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir, digər tərəfdən nəzərə almaq lazimdir ki, biz öz neft və qazımızı Avropa bazarlarına çıxararaq satırıq. Bu anlamda bizim əsas idxalatçımızla münasibətlərimizdə yarana biləcək problemlərdən, əlbəttə, siğortalanmalıyıq. AŞPA 2011-ci ildən bəri ölkəmizlə bağlı qəbul etdiyi qətnamələrdə qeyri-obyektiv mövqe sərgiləyərək Ermənistana münasibətdə işğal ifadəsindən bir qayda olaraq yayınıb. Bunun da bir səbəbi Brüsseldə erməni diasporasının güclü lobbiçilik fəaliyyəti, digəri isə bizim Aİ ilə “Şərq tərəfdaşlığı” çərçivəsində münasibətlərimizi bu qurumun diqtə etdiyi şərtlər daxilində qurmamaq mövqeyimiz olub. Gömrük İttifaqına qoşulmuş Ermənistan əslində AVRONEST-in tərkibindən uzaqlaşdırılmalı idi. Lakin bu qurumda Ermənistanın hərəkətini görməzdən gəlirlər. AVRONEST-in qanunvericilik səlahiyyətləri yoxdur, onun qərar və qətnamələri yalniz tövsiyə xarakteri daşıyır. Bu səbəbdən Qarabağ münaqişəsinin həllinə heç bir ciddi təsir imkanlarına malik deyil. Odur ki, bu qurumda ermənilərin xeyrinə deyilmiş bütün bəyənatlara "Sizif əməyi" kimi yanaşmaq lazimdir. Yəni səmərəsi olmayan, sonsuz və üzücü əmək”.
Bu baxımdan politoloq hesab edir ki, baş verənlər növbəti ikili standartların göstəricisidir.
Vidadi ORDAHALLI