Ermənistanda bu ay keçiriləcək parlament seçkilərinə çox az müddət qaldığı bir vaxtda sözügedən ölkədə hadisələrin inkişafı daha dramatik xarakter almaqdadır. İndi siyasi qüvvələr biri-birinə qarşı ən sərt ittihamlar səsləndirir. Tərəflərin bir-birinə qarşı kompromat xarakterli hücumlarının artması, gözdənsalma kampaniyasını genişləndirmələri isə vəziyyəti daha kritik həddə çatdırır.
Bunlar fonunda görünən odur ki, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan hələ də digər rəqibləri ilə müqayisədə daha çox reytinqə malikdir. Son sorğular da göstərir ki, Nikol Paşinyan Ermənistanda ən yüksək reytinqə sahib siyasi xadim olaraq qalmağa davam edir. Beynəlxalq Respublikaçılar İnstitutunun həyata keçirdiyi son sorğularda iştirak edənlərin əksəriyyəti yenə Paşinyanın fəaliyyətini bəyəndiyini bildirib. “Nikol Paşinyanın mövqeyini necə qiymətləndirirsiz” sualını respondentlərin 16 faizi “çox əlverişli”, 29 faizi isə “əlverişli” olaraq qiymətləndirib. Müxalif xadimlərin Ermənistanın ikinci prezidenti Robert Köçəryana münasibəti 5 faiz “çox əlverişli”, 15 faizi isə “əlverişli” olaraq qiymətləndirilib. Bu fonda Paşinyan onu indi daha sərt tənqid edən Ermənistanın keçmiş liderləri Levon Ter-Petrosyan və Robert Köçəryanı 18 iyunda baş tutacaq canlı efirdə debata dəvət edib. Aparan şəhərində tərəfdarları ilə görüşdə Qarabağ münaqişəsi mövzusuna, xüsusən də öz qiymətləndirmələrinə və son günlər ictimaiyyətə açıqladığı faktlara toxunan Paşinyan onlara hələlik əsaslı bir cavab verilmədiyini bəyan edib: "Qarabağ məsələsi ilə bağlı danışıqlar paketi bir neçə səhifədən ibarətdir. O səhifələrdə və tarixdə vətəndaşların bilməli olduğu bir çox nüans var". Baş nazir Ermənistanın keçmiş rəhbərlərinin onun gətirdiyi arqumentlərə münasibətini gözləyir. O, seçkilər öncəsi debatların olacağını, sabiq prezidentlərin bütün sualları cavablandırmaq məcburiyyətində qalacağını qeyd edib. Levon Ter-Petrosyan və Robert Köçəryanı 18 iyunda canlı debatlarda gözlədiyini də vurğulayıb: "Müzakirələr zamanı hər şey aydın olacaq. Otaqda oturub xoruzlanmaq çox asandır. Gəlin, üz-üzə danışaq". Onun sözlərinə görə, Robert Köçəryan Qarabağdakı rejimin 1997-1998-ci illərdə danışıqlar prosesindən kənarlaşdırılmasının səbəbini izah etməlidir.
Bu arada Paşinyan üçün əsas problem onun komandasında yer alanların istefasının kütləviləşməsidir. Belə ki, Ermənistan xarici işlər nazirinin müavini Qaqik Qalaçyan da istefa verib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyanın sözlərinə görə, Qalaçyan mayın 27-də istefa ərizəsini yazıb. Bu açıqlamadan az sonra A.Naqdalyan özünün də tutduğu vəzifədən istefa verdiyini bildirib. Mətbuat isə yazır ki, istefalar bununla məhdudlaşmayıb. Qeyd olunub ki, Nikol Paşinyan Azərbaycanla sərhəddəki gərginliyi azaltmaq üçün planını açıqlayandan sonra Xarici İşlər və Müdafiə nazirliklərində, hətta Milli Təhlükəsizlik Xidmətində kütləvi istefalar olub. Məlumata görə, Ermənistan xarici işlər nazirinin 4 müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Stepan Qalstyan istefa ərizəsi yazıb. Qeyd edək ki, mayın 27-də Ermənistanın xarici işlər naziri səlahiyyətlərini icra edən Ara Ayvazyan da istefa verib. “Pastinfo” nəşri bildirir ki, hazırda Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Xidmətinin yüksək dərəcəli rəsmilərinin yeni istefaları haqqında danışılır: “Təbii olaraq onların istefaları bu gün heç nə demək deyil, çünki aylar, illər əzində onlar mükafat qarşılığında itaətkarlar oldular, dövlətin məhv edilməsinə və sistemlərin dağıdılmasına, ordunun, milli təhlükəsizlik xidmətinin, hüquq-mühafizə sahəsinin, xarici münasibətlərin məhv edilməsinə töhfə verdilər. Bu gün fəaliyyət göstərən dövlət institutu, sahə yoxdur. Yalnız birindən - İnsan Hüquqları üzrə Müvəkkildən başqa hamısı dağıdılıb, ləğv edilib, fəaliyyətsizliyə məhkum edilib. Güc strukturları adbaad, sahəbəsahə cavab verəcəklər ki, necə, nəyin qarşılığında ordunun dağıdılmasına boyunduruq oldular, Ermənistanın təhlükəsizliyini, dövləti və dövlətçiliyi baş nazir stuluna yapışana tabe etmələri necə alındı?”.
Belə vəziyyətdə o da xüsusi vurğulanmalıdır ki, budəfəki seçki böhran içində olan Ermənistanda növbəti dəfə siyasi qarşıdurmaya aydınlıq gətirməlidir. Bu mənada, iyun seçkiləri ilk olaraq “Qarabağ klanı” ilə Nikol Paşinyan arasında həlledici mübarizə də hesab edilə bilər. Sözgedən klanın təmsilçisi olan Robert Köçəryan seçkilərə “Daşnaksütyun” və “Dirçələn Ermənistan” partiyaları ilə bir blokda gedir. Sabiq prezident Serj Sarkisyan isə seçkiyə bu yaxınlarda onun ailə üzvlərinə qarşı cinayət işini aparan Milli Təhlükəsizlik Xidmətnin keçmiş rəhbəri Artur Vanetisyanla qatılır. Ermənistanın birinci prezidenti, Erməni Milli Konqresi Partiyasının rəhbəri Levon Ter-Petrosyan da erkən parlament seçkilərində iştirak edəcək. Levon Ter-Petrosyan, Paşinyanla yanaşı, Robert Köçəryan və Serj Sarkisyana qarşı da mübarizə aparır. Bu fonda Ter-Petrosyan keçmiş prezident Robert Köçəryanın da qələbəsini istisna edib. Onun sözlərinə görə, Nikol Paşinyan və ya Robert Köçəryanın qələbəsi daxili siyasi mübarizənin davam etməsinə səbəb olacaq: “Belə şəraitdə aktual problemləri həll etmək mümkün olmayacaq”. Ter-Petrosyan bildirib ki, bu halda daxili sabitlik təmin olunsa belə, mühacirətin tempi sürətlənəcək.
Bütün bunlar Paşinyanın rəqibləri arasında ixtilafların hökm sürdüyünü göstərir. Bu da Paşinyanın qalibiyyət şanslarını artırır. Bununla belə, 2018-ci il dekabr seçkilərindən fərqli olaraq, bu dəfə seçki Ermənistandakı bütün siyasi qüvvələri qarşısına almış Paşinyan üçün çətin keçəcək. Buna baxmayaraq o, son anda seçki nəticələrinə təsir edə biləcək, kiçik də olsa, nailiyyət əldə edə bilib. Ermənistanda bütün seçkilərdə yayğın olan və keçmiş qüvvələri illərdir hakimiyyətdə saxlamış səslərin satın alınmasının qarşısını almaq üçün bu ilin aprel ayında parlament Cinayət Məcəlləsinə səsverməyə məcbur etmə və səslərin satın alınmasını cəzalandırmağı nəzərdə tutan əlavə və dəyişikliklər haqqında qanunu qəbul edib. Həmçinin, Seçki Məcəlləsinə edilən dəyişikliyə əsasən, yeni seçki əvvəlki kimi partiya ilə bərabər, partiya siyahısı üzrə namizədlərə səsvermə əsasında keçirilməyəcək, iyunun 20-də seçki tam proporsional qaydada keçiriləcək və seçicilər yalnız partiyalara səs verəcək. Bu da Paşinyan üçün olduqca sərfəli hesab edilir. Seçkilərlə bağlı proqnozlar, əsasən, hansısa sürprizin olmayacağı və hakim “Mənim addımım” siyasi alyansının qələbə qazanacağı istiqamətindədir. Paşinyan qalib gələrsə, onun öncə prezident Armen Sarkisyanla münasibətlərə aydınlıq gətirməyə çalışacağı gözlənilir. Çünki müharibədən sonrakı dövrdə, xüsusilə baş nazirin ordu rəhbərliyi ilə olan qarşıdurması zamanı prezident Paşinyanı birbaşa dəstəkləmədi. Ermənistanın hazırkı qanunvericilik sisteminə görə, prezidenti xalq deyil, deputatlar seçir. Bu baxımdan parlamentdə mütləq çoxluğa malik olacaq partiyası vasitəsilə istəyini reallaşdırmaq Paşinyan üçün heç də çətin olmayacaq. Eləcə də, Paşinyanın qatı və qəddar düşməni olan “Qarabağ klanı”na qarşı da sərt addımlar atması gözlənilir.
Tahir TAĞIYEV