Prezident İlham Əliyev Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bir sıra vacib məqamlara toxunub.
Ölkə başçısının sözlərinə görə, Zəngəzur dəhlizi ilə bağlı yaxşı nəticələr var: “Müzakirə ediləsi məsələlər çoxdur. Əslində, nəqliyyat sahəsi həmişə bizim gündəliyimizdə ön sıralarda idi. İkinci Qarabağ savaşından sonra bunun önəmi daha da artdı. Çünki əvvəlki illərdə birgə həyata keçirdiyimiz layihələrlə yanaşı, yeni layihələr də artıq masa üzərindədir”.
Dövlət başçısı bildirib ki, İkinci Qarabağ savaşından sonra biz yeni bir koridor üzərində çalışırıq - Zəngəzur koridoru. Artıq beynəlxalq müstəvidə də bunun adı məhz Zəngəzur koridoru kimi təsbit edildi. Bu da Türkiyə ilə Azərbaycan arasında yeni bir bağlantını təmin edəcək: “Bildiyiniz kimi, müharibədən sonra ilk mərhələdə Ermənistan bu məsələ ilə bağlı öz etirazını bildirmişdir. Ancaq son vaxtlar mənə məlumat verilir ki, Ermənistan tərəfi də artıq bu koridorun qaçılmaz olması ilə bağlı məsələləri düzgün təhlil edir. Bildiyiniz kimi, indi üçtərəfli çərçivədə müzakirələr aparılır. Azərbaycan, Rusiya, Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup çərçivəsində bu məsələ müzakirə edilir və yaxşı nəticələr də var. Naxçıvan dəmir yolunun böyük hissəsi fəaliyyətdədir və çatışmayan hissə də inşa ediləcək, bütün təlimatlar verilib. Ermənistan ərazisində Zəngəzur koridorunun önəmli hissəsi inşa edilməlidir. Beləliklə, yeni bir koridor açılacaq və Türkiyə ilə Azərbaycan arasında bu bağlantı daha da möhkəm olacaqdır”.
Maraqlıdır, dövlət başçısı Zəngəzur dəhlizi ilə bağlı yaxşı nəticələr var deyərkən nələri nəzərdə tutdu?
“Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasət artıq öz konkret nəticələrini verir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Bu o deməkdir ki, Ermənistan 10 noyabr birgə razılaşmasından irəli gələn öhdəlikləri icra etməyə məhkumdur. Hansısa digər alternativ özünə qəsddir. Ona görə də Ermənistan rəhbərliyi də artıq Zəngəzur dəhlizi ilə bağlı əvvəlkidən fərqli açıqlamalar verir. Paşinyanın bununla bağlı verdiyi son açıqlamadan aydın olur ki, İrəvan da burada maraqlı görünür. Təbii ki, burada Azərbaycan faktoru, Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasət artıq öz konkret nəticələrini verir. Məhz Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması istiqamətində işlərin getdiyini vurğulaması bir sıra mətləblərdən xəbər verir. Demək olar ki, proses gedir və əngəllər qaldırılıb. Məhz bu dəhliz Türkiyə- Azərbaycan əlaqələrinin inkişafına və Mərkəzi Asiyaya çıxışı təmin etməklə yeni bir siyasi-iqtisadi konfiqurasiya qurur. Bu planın müəllifi Azərbaycan Prezidentidir”.
Politoloq onu da qeyd etdi ki, artıq heç bir qüvvə buna mane ola bilməz.
Vidadi ORDAHALLI