Ermənistanda vətəndaş haqlarının pozulduğuna dair kifayət qədər fakt var. Böyüklərlə yanaşı, uşaqların da haqq və hüquqlarını pozan Ermənistan hökuməti Azərbaycana qarşı hərbi əməliyyatlarda və təxribatlarda uşaqlardan istifadə etməklə kifayətlənmir, eyni zamanda, onları nifrət, revanşist ruhda tərbiyə edir.
Uşaqlara münasibət məsələsində Ermənistan aidiyyəti beynəlxalq konvensiyaların bəndlərini pozur və uşaqlara dini, milli, irqi ayrıseçkilik aşılayır. Hətta bu barədə videoroliklər də çəkib yayırlar. Əlbəttə, bütün bu cinayətlərə beynəlxalq hüquq çərçivəsində münasibət bildirilməlidir. Bütövlükdə, Ermənistanın uşaq cinayətlərinə rəvac verdiyi, onların başqa xalqlara qarşı düşmənçilik ruhunda yetişdirilməsi təsadüfi deyil.
Onu da vurğulayaq ki, Azərbaycan dəfələrlə rəsmi qaydada Ermənistanın bu yöndə işlətdiyi cinayətlərlə bağlı beynəlxalq təşkilatlara müraciət edib, amma hələ buna görə bu ölkəyə hər hansı bir irad bildirilməyib. Cəzasızlıq mühitindən istifadə edən Ermənistan cinayətlərini davam etdirir.
Ermənistanın siyasətində uşaq cinayətlərinə beynəlxalq hüquqi qiymət veriləcəkmi?
“...Ermənistan uşaqlarını da bu yanlış, zərərli təbliğatın alətinə çevirir, onları irqçi, faşist, revanşist ruhda yetişdirir”
Qarabağ Azadlıq Təşkilatının (QAT) rəhbəri Akif Nağı hesab edir ki, Ermənistanın uşaqlardan istifadə edərək həyata keçirdiyi bu cür təxribatlar təkcə Azərbaycana yox, bütün dünyaya, bəşəriyyətə, insanlığa qarşı cinayətdir. “Ermənistanın uşaqların beynini faşist, irqçi ideyası, nifrət ruhu ilə zəhərləməsi faktları dünyanın heç bir normal ölkəsində qəbul olunmur. Bunun beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilməyəcəyi qənaətindəyəm. Bu zəhərli, zərərli təbliğatın nəticəsidir ki, bu gün Ermənistanda sağlam düşüncəli insan qalmayıb, normal düşünən insan Ermənistandan kənardadır. Ermənistanın həyata keçirdiyi bu zərərli təbliğat təkcə Ermənistandakıları deyil, dünyanın başqa ölkələrində yaşayan erməniləri də öz təsir dairəsinə salır, onların da beynini zəhərləyir. Bu, zərərli bir təbliğat vasitəsidir, həm də faşist nökəri Njdenin “Tsexakronizm”ini davam etdirirlər. Bu, bütün insanlığa qarşı bir tendensiyadır. Bu gün Ermənistanda faşizm, irqçilik, milli-dini ayrıseçkilik, nifrət o qədər yüksək həddədir ki, buna beynəlxalq hüquq biganə qalmamalıdır. Bilirsiniz ki, yaşadığımız dünyada irqi ayrıseçkilik qəbul olunmur, bir çox ölkədə buna cəhd edənlər cəzalandırılır. Başqa xalqa qarşı yanlış təbliğatın aparılması qəti şəkildə qadağandır. Dünya görməlidir ki, Ermənistan buna baxmayaraq, uşaqlarını da bu yanlış, zərərli təbliğatın alətinə çevirir, onları irqçi, faşist, revanşist ruhda yetişdirir. Əlbəttə, bu da dünyaya qarşı bir davranışdır.
Hesab edirəm ki, Ermənistanın Azərbaycana, Türkiyəyə qarşı bu cür mənfur siyasət aparması və orta məktəblərdə irqçiliyi, faşizmi, nifrət aşılayan məsələləri təbliğ etməsi, tədris etməsi yolverilməzdir. Bütün bunlar beynəlxalq təşkilatlara çatdırılmalı, düşmənin bu mövqeyi ifşa olunmalıdır”.
A.Nağının fikrincə, Ermənistan bununla öz uşaqlarına zərər yetirir, pisliyindən qalmır, özlərinin gələcəyini məhv edirlər. Onsuz da Ermənistanın gələcəyinin olmadığını deyən A.Nağının sözlərinə görə, Ermənistanın bu davranışları mütərəqqi dünyada gedən proseslərlə daban-dabana ziddir. Dünya tolerantlığın, multikultural dəyərlərin təbliği ilə məşğul olduğu halda, Ermənistan uşaqlarını nifrət ruhunda böyüdür: “Ermənistan bununla bir daha göstərir ki, dünyada gedən proseslərdən kənarda qalır və öz gələcəyini təhlükədə qoyur. Özləri bu yolu seçiblər. Bütün bədbəxtlikləri bundan qaynaqlanır” - deyə A.Nağı hesab edir ki, biz Ermənistanın necə faşist dövlət olduğunu və bölgədə irqçilik, revanşizm siyasəti yürütdüyünü, uşaqlarını bu işə alət etdiyini bütün dünyaya çatdırmaqda davam etməliyik.
İradə SARIYEVA