Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ölkə vətəndaşlarını Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası, habelə regional yolların və kommunikasiyaların açılmasından qorxmamağa çağırıb.
Erməni mediası yazır ki, Paşinyanın sözlərinə görə, bu yollar Ermənistan iqtisadiyyatı üçün Gürcüstan və İranla olan magistrallar qədər önəmlidir.
“Bu yollarla əcnəbilərin, məsələn, azərbaycanlıların hərəkət etməsi problemdirmi? Siz bilirsiniz, İranın şimalında və Gürcüstanla sərhəddə azərbaycanlılar yaşayırlar. Ermənistana çox sayda azərbaycanlı səfər edir. Bu gün də vəziyyət belədir, hərçənd bu barədə açıq şəkildə danışılmır. Ötən 30 ildə də və elə həmişə də belə olub”, - deyə Paşinyan Ararat vilayətinin Aparan şəhərində sakinlərlə görüş zamanı qeyd edib.
Sakinlərlə görüşdə Paşinyan onu da qeyd edib ki, Moskvada imzalanmış 11 yanvar 2021-ci il tarixli uçtərəfli razılaşmaya əsasən, ilk növbədə, SSRİ dövründə mövcud olan dəmir yolu şəbəkəsi bərpa olunacaq. Avtomobil yollarının açılması məsələsi isə sonradan həll ediləcək.
Görünən odur ki, Paşinyan ictimaiyyətə bu cür çağırış etməklə, regional yolların və kommunikasiya xətlərinin açılmasının Ermənistan üçün nə qədər önəmli olduğunun əhəmiyyətini izah etməyə çalışır. Anlayır ki, Ermənistanın çıxış yolu yalnız bundadır.
Maraqlıdır, bəs ekspertlər Paşinyanın bu çağırışını necə dəyərləndirirlər?
“Nəqliyyat dəhlizlərinin açılması həm onun, həm də Ermənistanın xilasıdır”
Məsələyə münasibət bildirən “Səs” media qrupunun rəhbəri, politoloq Bəhruz Quliyevin sözlərinə görə, Paşinyanın mötədil mövqedən çıxış edərək bu cür çağırış etməsi təsadüfi deyil: “Nikol Paşinyan 2018-ci ilin mayında hakimiyyətə gələndə, birinci, qıcıqlandırıcı mövqedən çıxış edirdi. Hətta yeni ərazi iddiaları mövqeyindən çıxış etdi. Vəziyyət o yerə gəlib çatdı ki, Paşinyan 2019-cu ilin ortalarında “Qarabağ Ermənistandır, nöqtə” kimi məşhur avantürist açıqlama ilə çıxış etdi. Bütün bunlar, prinsip etibarilə, sülh danışıqlarının birdəfəlik dayandırılmasına xidmət edirdi. Sözügedən siyasətin də, məlum olduğu kimi, nəticəsi çox ağır oldu. Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxın işğal altında olan ərazilərin azad olunmasına nail oldu. Hansı ki, Ermənistan belə bir ildırımsürətli hücumun baş verəcəyini gözləmirdi. Paşinyanın bu siyasəti Ermənistanı xeyli geri atdı. Bütün bunlarla bərabər, ilk illərdə Paşinyanın reallığa söykənməyən aşırı populist vədlərlə çıxış etməsi cəmiyyətdə ona qarşı fikirlərin genişlənməsinə rəvac verdi. Bir növ, cəmiyyəti öz üzərinə qaldırdı. Azərbaycanın Vətən müharibəsindən zəfərindən sonra Paşinyan anlamağa başladı ki, populist vədlər tamamilə tükənib. İllərlə Ermənistanın ümid bəslədiyi miflər yox oldu. Onlar elə bilirdilər ki, dünya Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə imkan verməyəcək. Ancaq reallıq tam olaraq bunun əksini göstərdi. Paşinyan bu reallığı gec başa düşdü. Düzdür, müəyyən mənada, onun populist addımları bizə sərf etdi. Yəni o, məlum açıqlamaları ilə torpaqların güc yolu ilə azad edilməsinə siyasi zəmin yaratdı. Ancaq o da var ki, Paşinyan bu gün reallığı qəbul etməyə borcludur. Reallıq ondan ibarətdir ki, Paşinyan hakimiyyətdə qalmaq istəyirsə, regional yollar açılmalıdır. Nəqliyyat dəhlizlərinin açılması iqtisadi baxımdan Ermənistan üçün həyati əhəmiyyət kəsb edir. Görünən odur ki, artıq Paşinyanın başı daşa dəyəndən sonra bu reallıqları anlayır. Bu səbəbdən cəmiyyəti buna hazırlamağa çalışır. Belə baxanda Paşinyanın geriyə başqa yolu yoxdur. Ona görə də nəqliyyat dəhlizlərinin açılması həm Paşinyanın, həm də Ermənistanın xilasıdır. Bu səbəbdən bu yöndə onun seçicilərə çağırışı artır”.
Politoloq hesab edir ki, Ermənistan cəmiyyəti reallıqları düzgün dəyərləndirsə, bu onların xeyrinə olacaq. Əks təqdirdə daha çox itirəcəklər.
Vidadi ORDAHALLI