Ermənistanın baş naziri səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyan Lori əyalətinin Spitak şəhərində tərəfdarları ilə görüşdə ilginc bir etiraf edib və müharibədə uduzduqlarını, buna görə də məsuliyyət daşıdıqlarını bəyan edib: “Şübhəsiz, biz müharibəni uduzduq və bu məğlubiyyətə görə məsuliyyət daşıyırıq”.
N.Paşinyan müharibədə uduzduqlarını dilə gətirməklə erməni cəmiyyətinə məsuliyyətin onun özü və rəhbərlik etdiyi hökumətin üzərində olduğunu vurğulayıb.
“Məğlubiyyəti dilə gətirməklə ermənilərin artıq reallıqla barışmaq zorunda qaldıqlarını da etiraf etmiş oldu”
Paşinyandan bu etirafın gözlənilən olduğunu deyən “Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanda baş nazir vəzifəsini müvəqqəti olaraq yerinə yetirən bu şəxsdən hələ çox etiraflar eşidiləcək. “Təbii ki, Paşinyan da, seçkilərdə iştirak edən digər siyasi qüvvələr də, partiya rəhbərləri də Azərbaycanın qalib gəldiyini və Ermənistanın məğlub olduğunu etiraf edirlər. Paşinyanın bu etirafı etməkdən və məsuliyyəti rəhbərlik etdiyi hökumətin daşıdığını deməkdən başqa çıxış yolu da yox idi. Birincisi, 44 günlük müharibədə Azərbaycan beynəlxalq hüquq çərçivəsində torpaqlarını işğaldan azad edib və müharibədə tam olaraq qalib gəlib. Ermənistanın məğlubiyyəti 10 noyabr 2020-ci ildə imzalanan kapitulyasiya bəyannaməsində öz əksini tapıb. Paşinyanın seçki öncəsi bunu etiraf etməkdən başqa yolu yoxdur, çünki o, məcburiyyət qarşısındadır. Əslində, Paşinyan məğlubiyyəti dilə gətirməklə ermənilərin artıq reallıqla barışmaq zorunda qaldıqlarını da etiraf etmiş oldu”.
Ş.Ağayev qeyd etdi ki, müharibə bitdikdən sonra Azərbaycan işğaldan azad edilən rayon və kəndlərinin, şəhərlərinin bərpası ilə məşğuldur, bərpa, yenidənqurma layihələri həyata keçirir. Bu torpaqlar Azərbaycanın ərazisidir. Başlıcası, 30 ildən sonra Azərbaycan Ermənistanla arasında olan sərhədlərin bərpasına başlayıb. Bu, beynəlxalq hüquq, qanunlar çərçivəsində həyata keçirilir. Paşinyan da, Ermənistanın başqa siyasi liderləri də anlayıb başa düşürlər ki, geriyə yolları yoxdur. Çünki Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz sərhədlərini bərpa edəcək, torpaqlarını dirçəldəcək, proses də artıq başlayıb. Bundan əlavə, Azərbaycan həmişə qeyd edir ki, beynəlxalq hüquqla tanınan sərhədlərini bərpa edir və biz BMT çərçivəsində öz ərazi bütövlüyümüzü bərpa etmişik” - deyə Ş.Ağayev qeyd etdi.
İradə SARIYEVA