Azərbaycan-Ermənistan sərhədində beynəlxalq müşahidəçilərin yerləşdirilməsi haqda İrəvanın irəli sürdüyü təklif ətrafında maraqlı bir vəziyyət yaranmaqdadır. Belə görünür ki, beynəlxalq müşahidəçilər adı altında İrəvanın bölgəyə ABŞ və Fransa əsgərlərini gətirmək niyyəti ilk növbədə Rusiyada sərt qarşılanıb. Azərbaycan da belə hesab edir ki, sərhəd məsələsi Rusiyanın vasitəçiliyilə aparılan dialoq nəticəsində çözülə bilər. Bu səbəbdən regiona əlavə qüvvənin gətirilməsinə ehtiyac yoxdur.
Beləliklə, Moskva və Bakı beynəlxalq müşahidəçilər məsələsinə heç də müsbət baxmır. Bu mənada, Ermənistanın sözügedən təklifinin elə təklif olaraq qalacağı gözlənilir. Onu da bildirək ki, Moskva artıq bu məsələyə sərt reaksiya verib. Lakin bu haqda danışmazdan öncə xatırladaq ki, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan sərhədin mübahisəli sektorunda beynəlxalq müşahidəçilərin yerləşdirilməsinə çağırıb. O, Ermənistan Təhlükəsizlik Şurasının mayın 27-də keçirilən iclasında bildirib ki, təxribatlar aradan qaldırılmasa, bu, genişmiqyaslı toqquşmaya səbəb ola bilər: “Müşahidəçilərin olması hər iki tərəfin razılaşmanın şərtlərinə əməl etməsini təmin edər. Müşahidəçilər sərhəd məntəqələrinin müəyyənləşdirilməsindən sonra yerləşdirilməlidir. Azərbaycan həqiqətən də sərhəd məntəqələrini müəyyənləşdirmək istəyirsə, belə bir plandan imtina etməməlidir. Bu bəyanatımı rəsmi mövqe kimi Rusiyaya, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə və Azərbaycana ünvanlayıram. Ümid edirəm ki, bu təklif qəbul olunacaq. Biz bu yolla getməsək, vəziyyət nəzarətdən çıxacaq”.
Nikol Paşinyan bildirib ki, sərhədin mübahisəli hissələrində Rusiya və ya ATƏT-in Minsk Qrupuna həmsədr olan daha iki ölkənin - ABŞ və ya Fransanın müşahidəçiləri yerləşdirilə bilər. Paşinyan burada Zod-Xaznavar sektorunu nəzərdə tutduğunu bildirib. ATƏT-in Minsk Qrupu və ABŞ Dövlət Departamenti mayın 27-si və 28-də verdikləri bəyanatlarda tərəflərə sərhədin demarkasiyasında dəstəyə hazır olduqlarını bildriblər. ABŞ-ın Azərbaycanda səfiri olmuş Riçard Kozlariç düşünür ki, sərhədə beynəlxalq müşahidəçilərin yerləşdirilməsi yaxşı ideyadır. Azərbycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə bildirir ki, son günlər sərhəddə baş verənlər Ermənistan daxilində qərbpərəstlərlə rusiyapərəstlərin çəkişməsinin təzahürüdür. Onun fikrincə, özəlliklə Qarabağdakı 44 günlük müharibədən sonra Nikol Paşinyanın və Ermənistan cəmiyyətinin Rusiyaya inamı itib. Tofiq Zülfüqarovun fikrincə, Paşinyan fərqindədir ki, qərbyönümlü siyasətinə görə Rusiya onu cəzalandıra bilər: “Bu məsələlər də ilk növbədə Zəngəzur dəhlizinə aiddir. 10 noyabr razılaşmasına əsasən, məhz həmin ərazidə kommunikasiya xətləri açılmalı idi. Bu təhlükənin qarşısını almaq üçün Ermənistan durumu gərginləşdirir. Qərbin diqqətini cəlb eləmək üçün orada münaqişə ocağı yaratmağa çalışır. Məqsəd də Qərb qüvvələrinin, vasitəçilər, müşahidəçilər, ola da bilər ki, sülhməramlıların iştirakı ilə Ermənistan sərhədini qorumaqdır”. Tofiq Zülfüqarov hesab edir ki, Azərbaycan indiki mərhələdə Qərb müşahidəçilərinin hadisələrə müdaxiləsini istəmir. Çünki onlar sonradan başqa məsələləri də, məsələn, Dağlıq Qarabağın statusu məsələsini də gündəmə gətirə bilər. Prosesdə Rusiya da maraqlı deyil. Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ənənəvi həftəlik brifinq zamanı Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə toxunaraq, Kremlin Ermənistanla Azərbaycan arasındakı münasibətləri normallaşdırmaq, Cənubi Qafqazdakı vəziyyəti həll etmək üçün fəal vasitəçilik etdiyini bildirib: “Rus sülhməramlıları Qarabağda sülhü və təhlükəsizliyi təmin edir. Rusiya tərəfi, həmçinin, gərginliyin azaldılmasına kömək edərək, Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrin həllində də iştirak edir. Bizim Bakı və İrəvanla müntəzəm əlaqələrimiz var. Uzunmüddətli həll yolu olaraq, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasını sonrakı delimitasiyasında görürük. Rusiya hərtərəfli şəkildə dəstək verməyə hazırdır”.
Bununla, Moskvadan Paşinyana açıq şəkildə “təkliflərini özünə saxla və demoqogiya ilə məşğul olma” deyilir. “Lragir” nəşri yazır ki, Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan da məhz bunlara görə istefa verməli olub: “Onun istefası barədə uzun müddətdir şayiələr yayılsa da, prosesin Nikol Paşinyanın Rusiya və ya Minsk Qrupunun həmsədr ölkələrindən müşahidəçilərin Ermənistanla sərhəddə yerləşdirilməsi barədə təklifi ilə üst-üstə düşməsi, çətin ki, təsadüf ola bilərdi. Maraqlıdır ki, müşahidəçilər məsələsində Moskvanın sərt reaksiyasından sonra Ermənistan hökuməti tərəfindən Zəngəzur bölgəsində üç torpaq sahəsinin Rusiya Federal Təhlükəsizlik Xidmətinə təhvil verilməsinə dair qərar qəbul edilib. Müdafiə naziri Vaqarşak Arutyunyan isə “önəmli bir işgüzar səfərlə” Moskvaya yola düşüb. Moskvada hansı məsələyə dair razılıq verilmişdi ki, bundan sonra Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırıb və Ermənistan ordusunun sərhəddən geri çəkilməsi barədə açıqlama verib? Ardınca isə Ara Ayvazyan istefa verib. Ermənistanda bir neçə həftədir şərti Ara Ayvazyan və şərti Vaqarşak Arutyunyan arasında görünməz bir mübarizə davam edirdi. Xarici İşlər Nazirliyi mümkün qədər güc mərkəzlərinin səfirləri ilə əlaqə saxlayaraq və Ermənistanın suverenliyinin beynəlxalq zəmanətlərini təmin etməyə çalışaraq, məsələləri “ən yüksək liqaya” - ATƏT, BMT səviyyəsinə keçirməyə çalışırdı. Arutyunyanın rəhbərlik etdiyi Müdafiə Nazirliyi ordunun öz öhdəliklərini yerinə yetirməməsi və Rusiya ordusuna “inteqrasiya edilməsi” üçün mümkün olan hər şeyi edərək, Rusiya “liderliyində” oynamağa israrla çalışırdı. Vaqarşak Arutyunyan müharibədən dərhal sonra “RİA Novosti”yə verdiyi müsahibədə Rusiya ilə əməkdaşlığı genişləndirmək, Zəngəzurda hərbi baza yerləşdirmək planlarından danışmışdı, yəni indi baş verən hər şey o dövrdə planlaşdırılmışdı. Vaqarşak Arutyunyanın baş Qərargah rəisi təyin edilməsi də Ermənistana qarşı hibrid fəaliyyətlərin tərkib hissəsi idi. Bundan sonra, təbii ki, Nikol Paşinyan da vəzifəsindən uzaqlaşa bilər. O artıq missiyasını yerinə yetirib”.
Samirə SƏFƏROVA