Azərbaycan və Türkiyə alimlərinin iştirakı ilə Ankara Universitetində “Ermənistanın müharibə cinayətləri və Azərbaycanın Qarabağ Zəfəri” mövzusunda elmi konfrans keçirilib.
Konfransda Ankara Universitetinin rektoru Necdet ÜnÜvar, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Səfiri Xəzər İbrahim, Milli Müdafiə Universitetinin professoru, Dr. İbrahim Ethem Atnur, Qəhrəmanmaraş Sütçü İmam Universitetinin professoru, Dr. Toğrul İsmayıl, Ankara universitetinin Dr. Mehmet Rza Heyət məruzələrlə çıxış ediblər.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) I vitse prezidenti, ATMU-nun professoru Məhərrəm Zülfüqarlı konfransda geniş məruzə ilə çıxış edib. O, tarixən erməni quldurlarının azərbaycanlılara qarşı törətdiyi cinayətlər, dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər, Qarabağ müharibəsində qadağan olunmuş silahlardan istifadə etmələrinə dair faktlarla konfrans iştirakçılarını tanış edib. Daha sonra məruzəçi qəhrəman Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtıəşəm qələbə barədə konfrans iştirakçılarını məlumatlandırıb. O, bu möhtəşəm qələbənin qazanılmasında Azərbaycana verdiyi mənəvi və texniki dəstəyə görə prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün qardaş Türkiyə xalqına dərin təşəkkürünü bildirib. Məruzəçi bu qələbədə “bir millət iki dövlət” ideyasının, iki qardaş ölkə prezidentlərinin səmimi döstluğunun, qətiyyətili siyasi iradələrinin mühüm rol oynadığını xüsusi vurğulayıb.
Məruzədə, həmçinin, AVCİYA Prezidenti, sabiq millət vəkili Elxan Süleymanovun hazırladığı Sərsəng su anbarı ilə bağlı “Sivil insanları qəsdən sudan məhrum etmə”adlı sənəd əsasımda AŞPA-nın qəbul etdiyi 8035 saylı qətnamə haqqında da geniş məlumat verilib. Bundan başqa, AVCİYA-nin 2016-cı ilin aprel-may aylarında ABŞ prezidenti Obamaya ünvanladığı Petisiya, bunun üçün toplanmış 300 mindən artıq imza, bu işdə qardaş Türkiyə vətəndaşlarının verdiyi dəstək haqqında da konfrans iştirakçıları məlumatlandırılıb.
M.P.Zülfüqarlı yaxın günlərdə prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə Cümhuriyyəti nümayəndə heyətinin Azərbaycanın Mədəniyyət paytaxtı Şuşaya gözlənilən səfərinin Qarabağ Zəfərinə yeni bir uğur, Azərbaycan-Türkiyə qardaşlığına yeni bir töhfə olacaqını bildirib...
Konfransın sonunda məruzə ətrafında çıxışlar olub, iştirakçıların sualları cavablandırılıb.