Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanla bağlı növbəti qərarlar elan edilib. Məhkəmə iddia olunan pozuntuların bir qismini tanıyıb, Azərbaycan hökumətinin üzərinə iddiaçılara, ümumilikdə, 118 min avrodan artıq təzminatın ödənilməsi öhdəliyini qoyub.
Təəssüf doğuran məqam odur ki, özünü bloger adlandıran Aleksandr Lapşinin Azərbaycana qarşı qaldırdığı iddia da təmin edilib. Avropa Məhkəməsi qərara alıb ki, ərizəçiyə münasibətdə Konvensiyanın 2-ci maddəsinin (yaşamaq hüququ) pozuntusuna (həm substantiv, həm də prosedural) yol verilib. Azərbaycan hökuməti A.Lapşinə 30 min avro təzminat ödəməlidir.
Məlumat üçün qeyd edək ki, Aleksandr Lapşin Dağlıq Qarabağa Azərbaycandan icazə almadan qanunsuz daxil olduğuna görə saxlanıb. A.Lapşin 2017-ci ilin iyulunda "Azərbaycan sərhədini qanunsuz olaraq keçmə" maddəsi ilə ittiham olunaraq 3 il müddətinə həbs edilmişdi. O, Belarusdan Azərbaycana ekstradisiya olunub. Həmin ilin sentyabrında əfv edilib. Təəssüflər olsun ki, AİHM A.Lapşinin Qarabağa qanunsuz səfərini cinayət hesab etməyərək ona haqq qazandırıb. Bu azmış kimi, Azərbaycan hökuməti A.Lapşinə 30 min avro təzminat ödəməlidir.
“Görünən odur ki, Avropa təsisatları bu və ya digər formada erməni lobbisinin girovuna çevriliblər”
Məsələyə münasibət bildirən Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun sözlərinə görə, bütün bunlar bir daha AİHM-in erməni lobbisinin əlində alət olduğunu göstərir: “Çox təəssüflər olsun ki, AHİM məsələni aşırı dərəcədə siyasiləşdirərək Lapşinlə bağlı Azərbaycana qarşı qərar çıxarıb. Onlar anlamaq istəmirlər ki, A,Lapşin şüurlu surətdə qanunu pozaraq Qarabağa icazəsiz səfər edib. Bu azmış kimi, Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırış xarakterli fikirlər səsləndirib. Hansı ki, digər postsovet ölkələrində mövcud olan separatçı qurumlara A.Lapşin qanunsuz səfər etsəydi və separatçıların xeyrinə fikirlər səsləndirsəydi, AİHM ona qahmar çıxmazdı. Əksinə, onun həbsinə yardım edərdilər. Ancaq məsələ Qarabağ olduğu üçün bu kimi məqamlar tez arxa plana keçir. Avtomatik olaraq ikili standartlar işə düşür. Azərbaycan sözügedən məsələdə haqlı tərəf ikən bizi haqsız duruma salmağa çalışırlar. Görünən odur ki, Avropa təsisatları bu və ya digər formada erməni lobbisinin girovuna çevriliblər. Bunu ancaq bu cür şərh etmək olar”.
Partiya sədri hesab edir ki, Azərbaycan AİHM-in bu haqsız qərarına öz etirazını bildirməlidir.
Vidadi ORDAHALLI