İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Rusiya Qarabağa 55-60 min erməni köçürdüyünü deyirdi. Hətta Rusiya prezidenti Vladimir Putin özü də deyirdi ki, Qarabağa 60 min nəfərə yaxın erməni köçürmüşük. Azərbaycan isə Rusiyanın səsləndirdiyi rəqəmlərin şişirdilmiş olduğunu və Qarabağda təqdim edildiyi sayda erməninin heç zaman yaşamadığını bildirirdi.
Bizim ekspertlərin fikrincə, Rusiya bu rəqəmi səsləndirməklə Qarabağda 55-60 min erməni olduğu ilə bağlı görüntü yaratmaq niyyəti güdür.
Prezident İlham Əliyev “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə deyib ki, hazırda Qarabağda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə 30 min erməni yaşayır.
Prezidentin səsləndirdiyi səhih, dəqiq rəqəm açıq göstərir ki, bəli, Rusiya tərəfindən Qarabağa köçürülən ermənilərin sayında həqiqətən də şişirdilməyə yol verilib, oradakı ermənilərin sayı Rusiyanın açıqladığı rəqəmlərdən azdır, 30 mindir.
“Ölkə başçısının Qarabağdakı ermənilərin sayı ilə bağlı verdiyi açıqlama da bir daha göstərir ki…”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli bizimlə söhbətində bildirdi ki, hazırda Qarabağda yaşayan ermənilər zaman-zaman Rusiya tərəfindən bu əraziyə köçürülən ermənilərdir, onlar gəlmədir. O qeyd etdi ki, 19-cu əsrin əvvəllərində Rusiya və Qacarlar arasında baş verən hər iki müharibədə Çar Rusiyası qalib gəldikdən sonra məhz istər Osmanlı, istərsə də Qacarlar dövləti ərazisində olan bir çox erməni Quzey Azərbaycan torpaqlarına, xüsusən də İrəvana, Qarabağa, Naxçıvana köçürülüb. Bu köçü Çar Rusiyasının həyata keçirdiyini deyən F.Ələkbərlinin sözlərinə görə, ruslar bura minlərlə erməni köçürsələr belə, burada demoqrafik üstünlük, əhali sayı baxımından çoxluq Azərbaycan türklərinə aid idi. Sovet Rusiyası dönəmində Qarabağda yaşayan ermənilərin sayının süni şəkildə artırılması, şişirdilməsi prosesi baş verib, bütün hallarda, buna nail ola bilmədilər. “Müharibə dövründə də Qarabağdakı ermənilərin sayı təxminən 25-30 min civarında olub. İkinci Qarabağ müharibəsindən sonra Qarabağın sülhməramlıların nəzarətində olan hissəsində ermənilərin sayının süni surətdə artırılmağa çalışıldığı gizlin deyil. Rusiya orada ermənilərin sayını şişirtmək istəyirdi və bu üzdən də belə yanlış rəqəmlər ifadə edirdi. Rusiyanın Qarabağ ərazisinə gəlmə ermənilərin sayını süni şəkildə şişirtmək cəhdləri məqsədli xarakter daşıyırdı. Buna görə də üçtərəfli bəyanatdan sonra Rusiya tərəfindən rəsmi açıqlamalar verildi ki, guya Qarabağa 55-60 min erməni köçürülüb, burada müharibəyə qədər bu sayda erməni yaşayıb və sair. Rusiyanın bəyan etdiyi rəqəmin tamamilə kökündən yanlış olduğu bir daha sübut olundu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, orada 30 min civarında erməni yaşayır.
Xankəndidə, Xocavənddə və sülhməramlıların nəzarətində olan başqa ərazilərimizdə olan ermənilərin çoxu da, əslində, bu və digər şəkildə Rusiyanın təzyiqi altında ora gəliblər. Əslində, onların çoxu əvvəlcədən burada yaşamadıqları üçün indi orada yaşamağa maraqları yoxdur, yaxud yaşamaq istəmirlər. Çünki onlar bura gəlmə olduqlarını bilirlər. Bu torpaqların əsl sahiblərinin öz yurdlarına sahib çıxması məsələsi var. Bu anlamda ölkə başçısının Qarabağdakı ermənilərin sayı ilə bağlı verdiyi açıqlama da bir daha göstərir ki, həmin o 30 min erməni Azərbaycan torpaqlarında Azərbaycan vətəndaşları kimi yaşaya bilər. Bunun üçün də Ermənistan qeyd-şərtsiz olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bundan sonra Qarabağdakı ermənilər digər Azərbaycan vətəndaşları kimi yaşayacaqlar”.
F.Ələkbərli deyir ki, Rusiya, eləcə də Ermənsitan tərəfindən orada yaşayan ermənilərin sayının şişirdilməsi baş tutmayacaq, eyni zamanda da hər iki ölkənin kənardan Qarabağa eməni köçünü təşkil etmək planı, burada onların sayını şişirtmək cəhdləri iflasa uğrayır.
İradə SARIYEVA