“ABŞ Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına öz töhfəsini verə bilər”. Bu barədə Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə bildirib.
Prezident qeyd edib ki, Minsk Qrupundan yeni təkliflər gözləyir: “ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüm zamanı onlardan yeni təkliflər gözlədiyimi bildirmişdim. Ona görə də düşünürəm ki, hazırda bu təşkilat yeni təkliflər axtarışındadır. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, hər iki ölkənin insanlarının yanaşı yaşaması üçün yeni təkliflər irəli sürülə bilər”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan bütün bu illər ərzində öz ərazi bütövlüyünü bərpa etməyə, işğal altındakı torpaqlarını azad etməyə və bir milyondan çox məcburi köçkünün geri qaytarılmasına çalışırdı: “Bütün bunları beynəlxalq hüququn norma və prinsiplərinə əsasən həyata keçirirdi. Ermənistan cəmiyyəti yeni yaranmış bu reallığa uyğunlaşmalıdır”.
Məlum olduğu kimi, Birləşmiş Ştatlar dünyanın aparıcı dövlətlərindən biridir. O baxımdan, ABŞ sözügedən məsələdə öz sözünü deyə bilər.
Maraqlıdır, ABŞ Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına nə kimi töhfə verə bilər?
“Vaşinqton Ermənistanı Azərbaycan və Türkiyə ilə əməkdaşlığa səsləməlidir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Sahil İsgəndərli buna bir neçə aspektdən yanaşdı: “Məlum olduğu kimi, Dağlıq Qarabağ məsələsinin həllində əsas moderator rolunu Türkiyə ilə Rusiya oynayır. Azərbaycan Prezidenti çox yaxşı bilir ki, ABŞ bu proseslərin uzun müddətdir iştirakçısıdır. Bilir ki, Birləşmiş Ştatların da regionda maraqları var. Prezident İlham Əliyev “ABŞ öz töhfəsini verə bilər” deyəndə, ilk növbədə, bir sıra amilləri nəzərdə tutur. Təəssüflər olsun ki, biz zaman-zaman müəyyən konqresmenlərin, Dövlət Departamenti təmsilçilərinin, ayrı-ayrı şəxslərin anti-Azərbaycan bəyanatlar verməsinin şahidi olmuşuq. Konkret olaraq Prezident bu açıqlamanı verməklə diqqəti bəzi məsələlərə yönəldir. Biz bilirik ki, ABŞ-ın Rusiya və Türkiyə ilə münasibətləri çox gərgindir. Bu kontekstdə ABŞ-dakı ermənipərəst qüvvələr yaranmış geosiyasi reallığı pozmağa cəhd edə bilər. Fikrimcə, Prezident İlham Əliyev məlum açıqlaması ilə ABŞ-ın bu amili nəzərə almasını diqqətə çatdırır. Digər tərəfdən, bəzən xaricdə verilən bəyanatlar fonunda Ermənistanda revanşist qüvvələr ruhlanırlar. Yaranmış vəziyyətdən özləri üçün dividend götürməyə cəhd edirlər. Məsələn, Baydenin qondarma “erməni soyqırımı”nı tanıması revanşist qüvvələri ruhlandırmışdı. Məhz ondan sonra Ermənistanda Zəngəzur dəhlizi ilə bağlı təxribatçı fikirlərlə çıxış etməyə başladılar. Azərbaycan Prezidenti çıxışında, bir növ, bu məqamları nəzərdə tutur. Prezident demək istəyir ki, ABŞ Ermənistanda revanşistləri ruhlandıran bəyanatlara son verməlidir. Ölkə başçısı həm də bununla demək istəyir ki, biz ABŞ-dan konstruktiv və yeni təkliflər gözləyirik. Bu o deməkdir ki, Birləşmiş Ştatlar hansısa bəyanatlarla revanşist qüvvələrə stimul verməsin. Əksinə, Ermənistanda həmin qüvvələrin rolunun azaldılmasına yönəlik addımlar atsın. Yəni Vaşinqton Ermənistanı Azərbaycan və Türkiyə ilə əməkdaşlığa səsləməlidir. Lazım gələrsə, Birləşmiş Ştatlar bu kimi layihələrə maliyyə dəstəyi verməlidir. Ancaq təəssüflər olsun ki, Konqres zaman-zaman Ermənistana maliyyə yardımı edir. Bir sıra hallarda həmin yardımlar Ermənistanın silahlanmasına yönəlir. Buna son qoyulmalıdır”.
Politoloq hesab edir ki, ABŞ erməni lobbisinin təsirindən çıxmalıdır.
Vidadi ORDAHALLI