Azərbaycan ABŞ hərbi avadanlığına çıxış əldə etmək istəyir. Bu fikri Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə çıxış edərkən söyləyib.
Dövlət başçısı bildirib: "Əməkdaşlığımızın daha bir vacib sahəsi enerji təhlükəsizliyidir. ABŞ hər zaman iri enerji layihələrinin icrasında yardımçı olub, neft-qaz kəmərləri və ya Amerika şirkətlərinin sərmayə qoyuluşu məsələlərində hər zaman Azərbaycanı dəstəkləyib. Qeyd etdiyim sahələr üzrə bizim çoxşaxəli münasibətlərimiz var, lakin biz bu əlaqələri daha da şaxələndirmək istəyirik. Xüsusilə buraya müasir texnologiyalar və ticarət daxildir, çünki ticarət dövriyyəsinin səviyyəsi çox aşağıdır. Digər mövzular da var və əlbəttə ki, biz ABŞ hərbi avadanlığına çıxış əldə etmək istəyirik. Bugünədək, təəssüf ki, bizim belə bir imkanımız yoxdur. Bu, yəqin ki, Ermənistanla münaqişə ilə bağlı idi. Ancaq artıq münaqişə öz həllini tapıb və beləliklə, ABŞ-la müdafiə sənayesi sahəsində əməkdaşlıq etməmək üçün səbəb görmürəm".
Prezidentin bu yanaşmasından belə qənaətə gəlmək olarmı ki, perspektivdə Azərbaycan özünün silah arsenalına ABŞ-ın müasir silahları olan "Patriot"ları, F35-ləri də daxil edə bilər?
Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Prezidentin bu fikirləri çox maraqlıdır: “Biz açıq deməliyik ki, Qarabağın işğalı dönəmində biz məcburiyyət qarşısında qalaraq rus silahları ilə ordumuzu təmin edirdik. NATO ölkələri və xüsusilə də ABŞ Azərbaycana müasir silahların satılmasında maraqlı deyildi. 2012-ci ilin noyabr ayında mənim də iştirak etdiyim nümayəndə heyəti dəvət edilmişdi NATO-nun baş qərargahına. Orda bizim 4 günlük səfərimiz oldu. Mən NATO qarşısında bu məsələni qaldırdım. Dəfələrlə onlardan soruşdum ki, nədən müasir silahlarını Azərbaycana satmaq istəmirlər. Onların cavabları diplomatik idi. Konkretlik yox idi. Fakt qarşısında qoydum ki, NATO-nun həmin dönəmə qədər Azərbaycanla 30-a yaxın müqaviləsi var. Azərbaycan NATO-nun bütün proqramlarına dəstək verir. Cənab Prezidentin son fikirlərində bu suala cavab verilir. 44 günlük müharibədə bizim ordumuzun qüdrətini gördülər. ABŞ da anladı ki, Azərbaycana silahı satmayanda, biz almağa yer tapırıq. Məsələn, Türkiyənin dronlarını buna misal çəkə bilərik. Cənab Prezident ABŞ-la bağlı bu anonsu veribsə, demək ki, planda olan işlər var. Biz Pakistandan, İsraildən, Türkiyədən müasir silahlar alırıqsa, deməli, ABŞ istehsalı olan müasir təyyarələri və hava hücumundan müdafiə sistemlərini də arsenalımıza daxil edə bilərik. Bu olduqca yaxşı haldır. Onu da qeyd etmək istəyirəm ki, ordumuzda keçirilən bu yeniləmələr onun qüdrətinə müsbət təsir edəcək. Köhnə sistemlərin bütün sahələrdə yeniləri ilə əvəz olunması həyata keçməlidir”.
Məhəmmədəli QƏRİBLİ