Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan parlamentdəki çıxışı zamanı bildirib ki, Ermənistanın nəzarəti altında vaxtilə Sovet Azərbaycanın tərkibində olan ərazilər var və indi də Azərbaycanın tərkibində Sovet Ermənistanının əraziləri var:” Bu məsələlər üçtərəfli komissiyanın köməyi ilə həll olunmalıdır".
Xatırladaq ki, Naxçıvanın Kərki kəndi və Qazaxın 7 kəndi hazırda Ermənistanın nəzarətindədir. Paşinyan parlamentdə çıxışı zamanı deyib ki, müxalifətin açıqladığı üçtərəfli razılaşma mətni həqiqətən mövcuddur və son 2 gündə işçi formatda tərəflər arasında müzakirə olunur. Bu sənəddə Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyasına və delimitasiyasına dair məsələləri həll etmək üçün üçtərəfli işçi qrupun yaradılmasından söhbət gedir. Paşinyan deyib ki, Azərbaycanla Ermənistanın delimitasiya və demarkasiya aparılmalı olan sərhədləri yoxdur. Və indiki situasiya (Garagöl ətrafındakı vəziyyət) həll edilsə belə, gələcəkdə analoji situasiya yenidən yarana bilər: “Biz yenə də beynəlxalq hay-küy qaldırmaq yolu ilə getməliyik? Sonda biz məlum hadisələrdən (müharibədən) sonra elə situasiya ilə üzləşmişik ki, bunu idarə etmək lazımdır. Ona görə də bu məsələlərlə məşğul olmaq üçün üçtərəfli komissiyanın yaradılması təklifi meydana çıxdı”.
O qeyd edib ki, sənəddəki mühüm bənd tərəflərin situasiyanı qoşunların hərəkəti yolu ilə deyil, ancaq diplomatik yolla həll edəcəyi barədədir. Azərbaycanla diplomatik münasibətlər olmadığından, İrəvan bu komissiyanın üçtərəfli olmasını istəyir.
Paşinyanın çıxışında diqqət çəkən bir məqam var. O deyir ki, Azərbaycanın tərkibində Sovet Ermənistanının əraziləri var. Belə ərazilər həqiqətən varmı?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ermənilər hər zaman iddia irəli sürməkdə fəaldırlar: “Ancaq gərək bunun bir əsası da olsun. Azərbaycan ərazisində heç vaxt onların kəndləri olmayıb. Yalnız onların istəklərinin nədən ibarət olduğunu ehtimal edə bilərik. Onlar bizim Gədəbəy rayonuna yaxın ərazidə yerləşən Başkəndi nəzərdə tuta bilərlər. Ermənilər onun adına İşxavend deyirlər. 1992-ci ilin avqust ayında bizim ordu oranı azad edib. Ancaq Başkənd bizim inzibati ərazimiz olub və onun ermənilərə heç bir aidiyyəti olmayıb. Sovet dönəmində də Başkənd onlara aid olmayıb. Sadəcə, ermənilərə icazə verilirdi ki, yay dönəmində orada heyvandarlıqla məşğul olsunlar. Həmin prosesin gedişində bəzi ermənilər qalıb orada ev tikib yaşayırdı. Bu tam mənasız bir iddiadır. Azərbaycan bunu heç müzakirə mövzusu etməz. Bundan başqa heç bir ərazini nəzərdə tuta bilməzlər. Qazaxın 7 kəndinin adı çəkilib. Birgə bəyanatda var ki, həmin kəndlər heç bir şərt irəli sürülmədən azad olunmalıdır. Həmin kəndlərdən 4-ü anklavdır. 1990-92-ci illərdə ermənilər tədricən kəndləri öz nəzarətlərinə keçirdilər. Bu kəndlərlə bağlı heç bir söhbət ola bilməz. Çünki onlar Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Ermənistan bu cür çaşdırıcı bəyanatlarla prosesi ləngitməyə çalışır. Ancaq mümkün olmayacaq. Sərhədlərimizi tam dəqiqləşdirməyə nail olacağıq”.
Məhəmmədəli QƏRİBLİ