Son illər Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həm regionda, həm də beynəlxalq miqyasda əldə etdiyimiz uğurlar, hər sahəyə olduğu kimi, ictimai-siyasi və sosial həyatla birbaşa əlaqəsi olan millətlərarası münasibətlər sahəsinə də müsbət təsirini göstərməkdədir.
Bu gün hər bir Azərbaycan vətəndaşı Konstitusiyanın, "Dini etiqad azadlığı haqqında” qanunun ona verdiyi imkanlardan istifadə edərək etiqad azadlığını tam yaşaya bilir. Ölkədə fəaliyyət göstərən konfessiyalar və millətlər arasında nəinki hər hansı qarşıdurma müşahidə olunmur, əksinə, onlar arasındakı münasibətlər artıq birgə əməkdaşlıq mərhələsindən yeni dövrə - qarşılıqlı yardımlaşma, empatiya mərhələsinə keçib. Biz bunu hər hansı dini konfessiyanın ibadət evi inşa edərkən digər konfessiyaların ona dəstək verməsində və yardım göstərməsində əyani şəkildə görə bilərik.
Qarabağda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə 30 min erməni yaşayır
“Düşünürəm ki, Ermənistandakı parlament seçkilərini gözləmək lazımdır. Biz başa düşürük ki, Ermənistandakı bu period həssasdır”. Bunu Prezident İlham Əliyev “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə deyib. İlham Əliyev bildirib ki, Ermənistan Azərbaycanla sülh razılaşmasından danışırsa, bu, onu danışan şəxsə populyarlıq qazandırmayacaq: “Ölkə lideri dövləti düşünməlidir, özünün siyasi karyerasını düşünməməlidir”.
Onun sözlərinə görə, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırdır: “Eyni zamanda Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Siz bilirsiniz ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Qarabağın statusu isə müzakirə mövzusu ola bilməz”. Dövlət başçısı qeyd edib ki, hazırda Qarabağda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə 30 min erməni yaşayır.
Bəzi məlumatlarda Bakı şəhərində 30 min erməninin yaşadığı bildirilir
Azərbaycanda ermənilər təkcə Qarabağ bölgəsində yaşamır. Hazırda Qarabağ istisna olmaqla, Azərbaycanın müxtəlif rayon və şəhərlərində erməni əsilli Azərbaycan vətəndaşları yaşayır. Bəzi məlumatlarda Bakı şəhərində 30 min erməninin yaşadığı bildirilir. Amma bu rəqəmlər rəsmi şəkildə öz təsdiqini tapmayıb.
Azərbaycanın ayrı-ayrı dövlət rəsmiləri, deputatları da müxtəlif vaxtlarda beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərdə bu barədə bildiriblər. Bakıda yaşayan ermənilərin böyük bir hissəsi ad və soyadlarını dəyişərək özlərini rus, yaxud da yəhudi kimi təqdim edirlər. Hazırda Bakıda yaşayan ermənilər daha çox yaşlı nəslin nümayəndələridir.
Dövlət Statistika Komitəsinin Məlumatların yayılması şöbəsinin müdiri Rafael Süleymanovun verdiyi məlumata görə, əhalinin milli tərkibi haqqında məlumatlar yalnız 10 ildən bir keçirilən əhalinin siyahıyaalınması nəticəsində əldə edilir. 1989-cu il əhalinin siyahıyaalınmasının yekunları əsasında aparılmış ekspert hesablamaları nəticəsində Dağlıq Qarabağ regionunda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının sayı 120 086 nəfər təşkil edib və 2009-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının yekunlarına əsasən, Dağlıq Qarabağ istisna olmaqla, ölkənin digər ərazilərində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının sayı 220 nəfər olub. Onların əksəriyyəti (104 nəfər) Bakı şəhərində məskunlaşıb. R.Süleymanov onu da qeyd edib ki, beynəlxalq metodologiyaya görə, əhalinin siyahıyaalınması zamanı sorğu olunan şəxslərdən heç bir sənəd tələb olunmur və hər bir şəxs milliyyətini özü müəyyən etməklə sorğunu aparan şəxsə bildirir. Komitə rəsmisi onu da qeyd edib ki, erməni əsilli Azərbaycan vətəndaşlarının hansı vəzifədə çalışdıqları ilə bağlı göstəricinin Dövlət Statistika Komitəsində statistik müşahidəsi aparılmır.
Kilsədə erməni dilində 5000-ə yaxın ədəbiyyat var
Ermənistandan fərqli olaraq, Azərbaycanda, Bakının mərkəzində erməni kilsəsi fəaliyyət göstərir. Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “1918-ci il – azərbaycanlıların soyqırımının 100 illiyi. Müasir dövrdə soyqırım, hərbi təcavüz və etnik təmizləmə siyasəti” mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimində Prezident Administrasiyasının (PA) Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov deyib.
“Kilsədə erməni dilində 5000-ə yaxın ədəbiyyat var. Kilsə və həmin ədəbiyyat Azərbaycan dövləti tərəfindən qorunur”- deyən C.Məmmədovun bildirdiyinə görə, Bakı şəhərində çoxlu sayda erməni sərbəst şəkildə yaşayır və onlarla azərbaycanlılar arasında heç bir konflikt yoxdur. O qeyd edib ki, ermənilər tərəfindən Azərbaycanın tarixi-mədəni abidələri dağıdılıb, Qarabağdakı məscidlər yerlə-yeksan edilib: “Azərbaycanda isə erməni kilsəsi dövlət tərəfindən mühafizə olunur”.
Ermənistanın burada əsas marağı monoetnik imicini dağıtmaqdır
Erməni mətbuatı Ermənistanda azərbaycanlıların yaşadığına dair tez-tez məlumat yayır. Məsələn, bir neçə il əvvəl "Haykakan Jamanak" qəzeti Ermənistanda 8 min azərbaycanlı yaşadığını bildirib. Qəzet bunu qeyri-rəsmi mənbələrə istinadən qeyd etdiyini vurğulayıb. "Jamanak"dakı "erməni intellektual"ların hesablamalarına görə, Ermənistanda yaşayan azərbaycanlıların hamısı ad və soyadlarını dəyişib. Qəzet bir qədər də irəli gedib və yazdıqlarını "dərin araşdırma" kimi göstərməyə çalışıb: "1989-cu ilin statistikasına istinad etsək, həmin vaxta qədər Ermənistanda 84 860 azərbaycanlı yaşayıb".
Əvvəla, 1988-ci il hadisələrindən sonra Qərbi Azərbaycanı tərk edən soydaşlarımızın sayı 250 min nəfərdən çox olub. Belə olan təqdirdə, həmin müddətə kimi Ermənistanda 85 min azərbaycanlının yaşaması barədə hesablama necə aparılıb? Belə çıxır ki, 1992-ci ildən sonra minlərlə azərbaycanlı məhvə məhkum edildikləri, insan sayılmadıqları, ev-eşiklərinin yağmalandığı, ailə üzvləri və qohumlarının işgəncələrlə öldürüldüyü Ermənistana qayıdıb?
Ermənistan Milli və Dini Azlıqlarla İş üzrə İdarəsinin sabiq rəhbəri Qranuş Xaçaturyan yayılan məlumata münasibət bildirərək deyib ki, İrəvan BMT-nin müvafiq konvensiyasına qoşulub. Həmin konvesiyaya qoşulan ölkələr isə bütün milli və dini azlıqların təhlükəsiz yaşamasını təmin etməyə borcludur. Ermənilər indi özlərini tolerant göstərməyə çalışırlar. Ki, buyurun baxın - bizdə 8 min azərbaycanlı yaşayır. Ermənistanın burada əsas marağı monoetnik imicini dağıtmaqdır. Ermənistan gec də olsa başa düşüb ki, monoetnik bir dövlət olmaq heç də dünyada yaxşı qəbul edilmir. Əksinə, bunun zərərli olduğunun fərqinə varıb. İndi bu məlumatı yaymaqla dünyaya təqdim etmək istəyir ki, Ermənistanda başqa millətlər də yaşayır. Amma bu bir həqiqətdir ki, Ermənistanda nəinki azərbaycanlı, heç başqa millətlər də yaşamır. Həmin imici dağıtmaq üçün başqalarını tapa bilməyən ermənilər ən optimal çıxış yolunu azərbaycanlıları statistikaya salmaqda görüblər. Etnik tərkib məsələsində Azərbaycanın imici dünya ictimaiyyətində yaxşıdır. Bunu hazırda Qarabağda olan erməni əsilli vətəndaşlarımız da başa düşüb, separatçı meyillərdən uzaqlaşıb, bizimlə əməkdaşlığa başlamalıdır. Təbiidir ki, Azərbaycan da onlara bərabərhüquqlu vətəndaşlar kimi bütün haqları və hüquqları verməyə hazırdır.
Prezident: “Dağlıq Qarabağdakı ermənilər tam əmin ola bilərlər ki, Azərbaycan vətəndaşları olaraq onların təhlükəsizliyi təmin ediləcək”
Prezident İlham Əliyev 44 günlük müharibənin aktiv fazasında Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində bunları deyib: “Mən münaqişənin bu aktiv fazası ərzində artıq dəfələrlə bununla bağlı bəyanatlar vermişəm ki, Dağlıq Qarabağda yaşayan həmin ermənilər bizim vətəndaşlarımızdır. Onların təhlükəsizliyi, hüquqları Azərbaycanın digər insanlarının hüquqları kimi tam təmin olunacaq”.
Prezident bildirib ki, hazırda azərbaycanlıların olmadığı Ermənistandan fərqli olaraq, bu gün Azərbaycanda minlərlə erməni əsilli adam var, Ermənistan əhalisinin 99 faizi isə etnik ermənilərdir: “Beləliklə, orada heç bir milli azlıq yaşaya və sağ qala bilməz. Onlar bugünkü Ermənistan Respublikasının ərazisində bir zamanlar yaşayan bütün millətləri qovublar. Ən böyük icma azərbaycanlılar idi. XX əsrin əvvəlində İrəvan şəhərinin əhalisinin 70 faizi azərbaycanlılar idi. Ermənilər bizim bütün tarixi, dini abidələrimizi dağıdıblar. Onlar təkcə İrəvanda deyil, bugünkü Ermənistanın bir çox başqa regionlarında da Azərbaycan mədəniyyətinin izlərini siliblər. Yeri gəlmişkən, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti, əfsuslar olsun ki, mayın 29-da, - bu, haqq qazandırılması mümkün olmayan böyük bir səhv idi, - İrəvanı paytaxt kimi Ermənistana verməyi qərara aldı. Beləliklə, onlar bizim bütün dini və mədəni irsimizi dağıdıblar. Onlar bizim məscidlərimizi, abidələrimizi dağıdıblar. Burada - Bakının mərkəzində isə çox sayda erməni kitablarının olduğu erməni kilsəsi var. Bu gün Bakıda və Azərbaycanın başqa yerlərində çox sayda, minlərlə erməni yaşayır. Sizin orada yaşayan çox sayda erməni ilə bağlı dediyiniz məqama gəlincə, bizdə olan məlumata görə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla, işğal edilmiş ərazinin real əhalisi təqribən 65 min nəfərdir. Bu, böyük icma deyil. Lakin müharibədən əvvəl, 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda, əsasən Şuşada, həmçinin Xankəndidə, ermənilərin törətdiyi soyqırımının qurbanı olan Xocalı şəhərində və bir çox başqa şəhərlərdə 40 mindən çox azərbaycanlı yaşayırdı. Ermənilər bizə qarşı etnik təmizləmə həyata keçiriblər. Biz bunu heç vaxt etməmişik. Hətta bu toqquşmalar zamanı biz eyni yolla cavab verməmişik. Biz nə Dağlıq Qarabağ ərazisinə, nə də Ermənistan ərazisinə ballistik raketlərlə hücum etməmişik. Mən demişdim ki, biz qisas alacağıq, lakin biz qisası döyüş meydanında alacağıq. Beləliklə, Dağlıq Qarabağdakı ermənilər tam əmin ola bilərlər ki, Azərbaycan vətəndaşları olaraq onların təhlükəsizliyi təmin ediləcək. Dağlıq Qarabağdakı cinayətkar xunta kənarlaşdırılandan sonra onlar daha yaxşı yaşayacaqlar. Onlar ləyaqətlə yaşayacaqlar, sülh şəraitində yaşayacaqlar və ölkəmizdəki istənilən başqa insanlar üçün etdiyimiz kimi, biz onlar üçün də bütün sosial və iqtisadi imtiyazları təmin edəcəyik”.
Artıq həmin xuntadan əsər-əlamət qalmayıb. Bir qalır, Qarabağdakı 30 min erməninin doğru seçim etməsi.
Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.