“...Biz BMT-nin digər strukturu olan UNESCO ilə də yaxın təmasdayıq. Biz uzun illər ərzində UNESCO-nu işğal edilmiş ərazilərə səfərə dəvət etməyə çalışmışıq. Bizə verilən cavab isə belə olub ki, UNESCO siyasi mübahisələrlə bağlı olan məsələlərlə məşğul deyil. Beləliklə, bütün bu işğal illəri ərzində UNESCO-dan olan heç bir nümayəndə heyəti işğal altında olmuş ərazilərə səfər etməyib. Lakin İkinci Qarabağ müharibəsi dayanan kimi bizə UNESCO-dan əraziləri ziyarət etməklə bağlı müraciətlər daxil olmağa başladı. Çox şadam ki, bu dəyişiklik baş verib və biz indi UNESCO ilə onların səfərinə dair logistik məsələləri razılaşdırmağın yekun mərhələsindəyik. Ümid edirəm ki, onlar növbəti ay missiya ilə təşrif buyuracaqlar. Biz onların ermənilərin mədəni və milli irsimizə nə etdiklərini görmələrini istəyirik”. Bunu mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr zamanı Prezident İlham Əliyev bildirib.
Nə baş verdi ki, müharibədən əvvəl bölgəyə səfər etmək istəməyən, çağırışlara cavab verməyən UNESCO Azərbaycanın azad olunmuş ərazilərinə missiya göndərir?
“Xarici ekspertlərin azad edilmiş ərazilərimizə gəlməsi, öz gözləri ilə erməni vandalları tərəfindən şəhərlərimizin, kəndlərimizin, abidələrimizin dağıdılmasını görməsi...”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, UNESCO və Azərbaycan arasında uzun illərdir əməkdaşlıq mövcuddur, UNESCO-nun belə bir addım atacağı gözlənilən idi. UNESCO-nun Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğulayan F.Quliyevin sözlərinə görə, Azərbaycan bu təşkilat üçün əvəzsiz tərəfdaşdır. “Müharibədən sonra UNESCO-nun, eləcə də digər bir sıra beynəlxalq təşkilatların ölkəmizə qarşı qeyri-obyektiv mövqeləri ermənilərin dünyada qaldırdıqları səs-küylə bağlı idi. Yəni 44 günlük Vətən müharibəsində Azərbaycan öz ərazilərini işğaldan azad etdi. Müharibədən sonra dünyadakı ermənilər, bütün erməni təşkilatları ölkələrin rəsmi strukturlarına, o cümlədən də beynəlxalq təşkilatlara hücum kampaniyası təşkil etmişdilər ki, Azərbaycan müharibə aparır, “bizim abidələr dağılır, erməni kəndləri boşaldılır” və s. Bu cür cəfəngiyyatlar səsləndirmişdilər ki, bunların da müvəqqəti də olsa “effekti olur”. Bu baxımdan da bəzi ölkələr, o cümlədən də beynəlxalq təşkilatlar da Azərbaycana qarşı qeyri-obyektiv mövqe tutmuşdular. UNESCO-nun da belə bir mövqedə olduğunu gördük. Amma əvvəlcədən də proqnozlaşdırmışdıq ki, UNESCO-da Azərbaycanla bağlı mövqe dəyişiklikləri olacaq. Onu da deyim ki, Azərbaycan dövləti son aylar, xüsusən də ölkə başçısı özü şəxsən ermənilərin apardıqları qərəzli kampaniyaya qarşı çox ciddi, sərt cavablar vermişdi. Eyni zamanda, ölkə başçısının bir neçə dəfə beynəlxalq konfranslara qoşularaq Azərbaycanın haqq işini əsaslandırması, beynəlxalq təşkilatların bu məsələdə qeyri-obyektiv mövqeyini tənqid etməsi və ən əsası xarici ekspertlərin azad edilmiş ərazilərimizə gəlməsi, öz gözləri ilə erməni vandalları tərəfindən şəhərlərimizin, kəndlərimizin, abidələrimizin dağıdılmasını görməsi, bütün bunlar UNESCO-nun mövqeyinin dəyişməsinə təsir göstərib.
Erməni vandalizmini beynəlxalq ekspertlər öz gözləri ilə görüblər. Məncə, gəlcəkdə UNESCO Azərbaycana qarşı siyasətini daha da müsbət istiqamətdə dəyişəcək. Çünki bu təşkilatın əsas funksiyasına görə onlar həmişə abidələrin dağıdılmasının, mədəni ocaqların dağıdılmasının əleyhinə olublar. Şübhəsiz ki, UNESCO-nun missiyasının, ekspertlər qrupunun ölkəmizə səfər etməsi və işğaldan azad edilən ərazilərlə tanışlığı artıq ciddi bir addımdır. Mənə elə gəlir ki, obyektiv olaraq məsələyə yanaşsalar, onlar öz gözləri ilə o dağıntıları, bütün vandalizm aktlarını görəcəklər. Qonşu ölkənin ölkəmizə, xalqımıza qarşı törətdiyi vandalizmi görəcəklər. O səs-küy ki, vaxtilə ermənilər dünyada qaldırmışdı, yavaş-yavaş sönməkdədir. Bütün beynəlxalq təşkilatlar, eləcə də dövlət rəsmiləri bu məsələdə tamam başqa mövqedən çıxış edəcəklər. Artıq biz görürük ki, bir çox ölkə azad edilmiş ərazilərimizin bərpasında yaxından iştirak etmək, bura öz şirkətlərini göndərmək istəyir. Bütün bunlar göstərir ki, stabillik olan yerdə mütləq həmin təşkilatlar öz mövqelərini dəyişəcək və Azərbaycanın haqlı mövqeyini anlayacaqlar” - deyə F.Quliyev qeyd etdi.
İradə SARIYEVA