Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanla delimitasiya və demarkasiya üzrə komissiyanın yaradılacağı barədə məlumatı təsdiqləyib.
Parlamentin növbədənkənar iclasında çıxış edən Paşinyan bildirib ki, Azərbaycan və Ermənistan arasında demarkasiya və delimitasiya aparılması üçün sərhədlər yoxdur: “Bizdə müharibədən sonra yaranmış vəziyyət mövcuddur. Bu, həllini tapmalıdır”.
Paşinyanın sözlərinə görə, bu məsələlərlə məşğul olmaq üçün üçtərəfli komissiyanın yaradılması təklifi meydana çıxıb. O deyib ki, hələ işçi səviyyəsində olan sənədin dərc olunmasını korrekt hesab etmir: “Bir halda ki, o yayılıb, mən deyirəm: bəli, bu, son 2 gün ərzində müzakirədə olan yeganə sənəddir. Ermənistanın nəzarəti altında vaxtilə Sovet Azərbaycanının tərkibində olan ərazilər var və indi də Azərbaycanın tərkibində olan Sovet Ermənistanının əraziləri var. Bu məsələlər üçtərəfli komissiyanın köməyi ilə həll olunmalıdır”.
Paşinyan onu da qeyd edib ki, sənədin mühüm maddəsi ondan ibarətdir ki, tərəflər sərhəd məsələlərini ordunun hərəkəti ilə deyil, diplomatik yolla həll edirlər. Azərbaycanla diplomatik əlaqələri olmayan İrəvan bunun üçtərəfli formatda təşkil olunmasını istəyib.
O da məlumdur ki, sərhədlərin delimitasiya və demarkasiyası üzrə üçtərəfli komissiyanın yaradılması barədə ziddiyyətli fikirlər var. Yəni digər tərəflər bu barədə bir söz demir.
Maraqlıdır, bəs ekspertlər bu barədə nə deyirlər?
“...Rusiyanın bununla bağlı 2 mövqeyi var”
Sözügedən məsələyə aydınlıq gətirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəsinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun fikrincə, həqiqətən, üçtərəfli komissiyanın olub-olmaması yaxın iki-üç gün ərzində bəlli olacaq: “Məlum olan odur ki, Rusiya kifayət qədər aktiv oyundadır. Proseslərdə aktiv iştirak edir və yetərincə Ermənistana ciddi təzyiq edir. Məsələ ondadır ki, bir neçə gün əvvəl Paşinyan Zəngəzur dəhlizi məsələsini, ümumiyyətlə, inkar edirdi. Deyirdi ki, sözügedən koridor məsələsi müzakirə olunmur və olunmayacaq. Ancaq parlamentdəki çıxışında Paşinyan dedi ki, kommunikasiyalar açılmalıdır. Hesab edirəm ki, bunların hamısı Rusiyanın təsirinin nəticəsidir. Ancaq yenə də üçtərəfli komissiyanın yaradılmasını konkret demək çətindir. Çünki Rusiyanın bununla bağlı 2 mövqeyi var. Kremlin bir mövqeyi ondan ibarətdir ki, Azərbaycan və Ermənistan istəyirsə, ikitərəfli komissiya yaradılsın. Biz də məsləhətçi qrupumuzu göndərək. Ya da tərəflər razıdırsa, üçtərəfli komissiya yaradılsın. Hazırlanan son sənəddə üçtərəfli komissiya barədə fikirlər var. Ancaq bir qədər əvvəl Kazanda “Valday” klubunda çıxış edən Rusiya xarici işlər nazirinin müavini Rudenko dedi ki, demarkasiya prosesini iki dövlət özü də reallaşdıra bilər. O zaman Rusiya tərəflərə kömək edəcək. Ona görə də hesab edirəm ki, bir-iki günə hər şey bəlli olacaq”.
Politoloq onu da qeyd etdi ki, hər halda, müəyyən prosesin getdiyi hiss olunur.
Vidadi ORDAHALLI