“Biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik”. Bu barədə Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan bütün bu illər ərzində öz ərazi bütövlüyünü bərpa etməyə, işğal altındakı torpaqlarını azad etməyə və bir milyondan çox məcburi köçkünün geri qaytarılmasına çalışırdı: “Ermənistan cəmiyyəti yeni yaranmış bu reallığa uyğunlaşmalıdır. Bu, ədalətin zəfər çalması idi. Təəssüflər olsun ki, bugün Ermənistan cəmiyyətində revanşist meyllər və Azərbaycanofobiya hökm sürməkdədir. Biz gələcəyə baxmalıyıq. Biz artıq təklif etmişik, dəfələrlə demişəm ki, biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Lakin bütün bunlar birgə səylər tələb edir. Mən tamamilə əminəm ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi mümkündür. Nisbətən qısa müddətdə buna nail olmaq da mümkündür. İndi çatışmayan məsələ Ermənistan tərəfindən siyasi iradənin olmamasıdır”.
Yeri gəlmişkən onu da qeyd edək ki, indiyə qədər Ermənistan sülhlə bağlı bənzər açıqlama verməyib. Bütün hallarda, Prezident İlham Əliyevin sülhlə bağlı məlum bəyanatı dünyaya hansı mesajları verir?
“...qarşı tərəf öz işğalçılıq ambisiyalarından əl çəksin”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin sözlərinə görə, Prezident İlham Əliyevin sülhlə bağlı səsləndirdiyi fikirlər bir sıra məqamları özündə ehtiva edir: “Əvvəla Azərbaycan Prezidenti bununla dünyaya bir sülh mesajı verir. Azərbaycan tərəfi bununla dünyaya göstərir ki, Ermənistanla dinc qonşuluq münasibətləri qurmağa hazırdır. Yetər ki, Ermənistan öz işğalçılıq ambisiyalarından əl çəksin. Bununla belə, Azərbaycan tərəfi sərhədlərin açılmasında maraqlı olduğunu, Ermənistanla dinc yanaşı yaşamağa hazır olduğunu bildirir. Eyni zamanda, beynəlxalq hüquqa uyğun olaraq öz sərhədlərini müəyyənləşdirmək istəyir. Ermənistanı da buna dəvət edir. Azərbaycan açıq şəkildə öz xoşməramlı missiyasını ortaya qoyur. Bu o deməkdir ki, indi top Ermənistandadır. Dünya birliyi də bunu görməlidir. Ancaq təəssüf ki, bugün dünyada ikili standartlar var. Beynəlxalq ictimaiyyət Azərbaycanın haqlı olduğunu bilsə də, əksər halda susur. Təəssüflər olsun ki, bəzi hallarda Avropada Ermənistanın xeyrinə qərarlar qəbul olunur. Hesab edirəm ki, buna son qoyulmalıdır. Ermənistan Azərbaycan tərəfinin sülh çağırışına cavab verməli və öz mövqeyini ortaya qoymalıdır”.
Partiya sədri hesab edər ki, əks halda dəmir yumruq yenidən işə düşə bilər.
Vidadi ORDAHALLI