İkinci Qarabağ müharibəsi regionda vəziyyəti əsaslı şəkildə dəyişdi. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr zamanı deyib.
“Ermənistan başa düşür ki, böyük səhv edib, vaxt itirib” – deyən dövlət başçısı bildirib: "Azərbaycan ərazilər azad edilənədək işğal faktı ilə əlaqədar Ermənistanla əməkdaşlıq etməyəcəyini açıq-aşkar bildirib. Fikrimcə, Ermənistanda başa düşürlər ki, böyük səhv ediblər, vaxt itiriblər. O cəmiyyətdə böyük inamsızlıq, qarşılıqlı ittihamlar mövcuddur. Ermənistan energetika və nəqliyyatın inkişafı sahəsində Azərbaycanın təşəbbüslərindən kənarda qalıb və nəticədə işğal etdikləri və heç vaxt nə tarix, nə də beynəlxalq hüquq baxımından onlara məxsus olmayan əraziləri itirdi".
Prezident İlham Əliyev deyib ki, Ermənistan özünü regionda həyata keçirilən bütün layihələrdən məhrum edib.
Dövlət başçısı deyib: “İkinci Qarabağ müharibəsi regionda yeni reallıq yaradıb. Bu baxımından bugünkü müzakirələrin mövzusu çox aktualdır. Ermənistan dövlətində böhran hökm sürür. Ermənistan özünü regionda həyata keçirilən bütün layihələrdən məhrum edib. İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Ermənistanın işğal etdiyi torpaqları azad edib. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra regionda yeni reallıq yaranıb”.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Cənubi Qafqazın lider ölkələrindən biri kimi həmin bəyanat çərçivəsində region ölkələrinin əməkdaşlığı üçün bir çox mühüm təklif və təşəbbüslər irəli sürüb. Bunlara nəqliyyat və kommunikasiyaların açılması, digər əməkdaşlıq imkanları daxildir.
“Biz qonşular kimi yanaşı yaşamalıyıq. Əlbəttə, bu asan olmayacaq. Bu gün siyasətçilərin rolu sülh və sabitliyin yalnız əməkdaşlıq və təmaslar vasitəsilə mümkün olduğunu insanlara izah etmək olmalıdır”, - deyə dövlət başçısı əlavə edib.
Prezident İlham Əliyev bildirib ki, Zəngəzur dəhlizinin açılması region ölkələri üçün yeni imkanlar yaradacaq. Dövlət başçısı qeyd edib ki, bu layihələrin reallaşdırılması üzrə işlər artıq başlayıb: “Azərbaycan bunun üçün texniki və maliyyə ehtiyatları ayırıb. Zəngəzur dəhlizinin açılması region ölkələri üçün yeni imkanlar yaradacaq".
Cənub Qaz Dəhlizi layihəsindən söz açan dövlət başçısı deyib ki, bu, qlobal əhəmiyyətli layihədir: “Azərbaycan bu layihə ilə Avropa İttifaqı ölkələrinə böyük töhfə verib. Azərbaycan qazının Avropaya nəql olunması yenilikdir. Bu layihə onun iştirakçısı olan dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinə gələcəkdə də töhfə verəcək”.
Azərbaycanın regionda bir çox mühüm enerji layihələri həyata keçirdiyini xatırladan dövlət başçısı deyib ki, dünyadakı bütün aparıcı maliyyə qurumları bu enerji layihələrinin icrasında Azərbaycanla yaxından əməkdaşlıq edib. Bu il Azərbaycan öz dövlət büdcəsindən bu enerji layihələrinə maliyyə ayırıb.
“Lakin biz Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma və bərpa işlərinə daha çox maliyyə ayırmışıq. Digər xarici təşkilatların da əsasən maliyyə yardımını həmin ərazilərdə həyata keçirilən bərpa işlərinə yönəldilməsini alqışlayardıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Prezident İlham Əliyev deyib ki, azad edilmiş ərazilərdə genişmiqyaslı dağıntılara baxmayaraq, Azərbaycan gələcəyə baxmağa hazırdır. Dövlət başçısı bildirib: "Münaqişə başa çatdıqdan sonra, Azərbaycanın münaqişəni həll etməsindən sonra biz gələcəyə baxmalıyıq. İşğala və azad edilmiş ərazilərdə genişmiqyaslı dağıntılara baxmayaraq, Azərbaycan gələcəyə baxmağa hazırdır. Ümid edirəm ki, bizim Cənubi Qafqazda fəal əməkdaşlıq barədə danışa biləcəyimiz vaxt gələcək".
Prezident İlham Əliyev Azərbaycanın Çinin "Bir kəmər - bir yol" təşəbbüsünü çox vacib hesab etdiyini deyib.
Dövlət başçısı bildirib: "Azərbaycan öz ərazisində bütün zəruri nəqliyyat layihələrini başa çatdırıb və bizim artıq "Bir kəmər - bir yol" təşəbbüsü çərçivəsində vacib əlaqəmiz var".
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan bu vacib layihə üçün öz infrastrukturunu, dəniz limanını, dəmir yollarını təklif edir: "Biz bu layihəyə maliyyə və siyasi baxımdan investisiya qoymuşuq".
Prezident İlham Əliyev onu da qeyd edib ki, ABŞ Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına öz töhfəsini verə bilər.
“ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüm zamanı onlardan yeni təkliflər gözlədiyimi bildirmişdim. Ona görə də düşünürəm ki, hazırda bu təşkilat yeni təkliflər axtarışındadır. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, hər iki ölkənin insanlarının yanaşı yaşaması üçün yeni təkliflər irəli sürülə bilər” – deyən dövlət başçısı qeyd edib ki, Azərbaycan bütün bu illər ərzində öz ərazi bütövlüyünü bərpa etməyə, işğal altındakı torpaqlarını azad etməyə və bir milyondan çox məcburi köçkünün geri qaytarılmasına çalışırdı. Bütün bunları beynəlxalq hüququn norma və prinsiplərinə əsasən həyata keçirirdi.
“Ermənistan cəmiyyəti yeni yaranmış bu reallığa uyğunlaşmalıdır. Bu ədalətin zəfər çalması idi. Təəssüflər olsun ki, bu gün Ermənistan cəmiyyətində revanşist meyllər və Azərbaycanofobiya hökm sürməkdədir. Biz gələcəyə baxmalıyıq. Biz artıq təklif etmişik, dəfələrlə demişəm ki, biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Lakin bütün bunlar birgə səylər tələb edir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.