Putin İlham Əliyevə, ardınca Paşinyana zəng edərək, sərhəd məsələsini müzakirə edib. Hər iki tərəflə müzakirədə problemin siyasi-diplomatik yolla həllinin vacibliyi vurğulanıb. Bu zənglərdən belə nəticə çıxır ki, Rusiya sərhəd mübahisəsi ilə Qarabağ müharibəsindən sonra “vasitəçilik missiyasını” yeni formatda gücləndirdi.
Putinin eyni gündə Əliyev və Paşinyanla danışması Qarabağla yanaşı yeni bir məsələ üzərindən “vasitəçiliyinin” qeyri-rəsmi formada açıq elan edilməsi anlamına gəlir. Bu statusu əldə etmək üçün Rusiya əvvəl tərəf olmadığını nümayiş etdirdi. Ermənistanın KTMT-ni prosesə qoşmaq və Moskvanı tərəf etmək cəhdləri baş tutmadı. Tokayevlə Əliyevin telefon söhbəti, Belarusla Azərbaycan arasında hərbi əməkdaşlıq planının imzalanması Bakının KTMT-də mövqelərinin İrəvandan daha güclü olduğunu göstərir.
Eyni zamanda, Rusiyanın bu fəallığını və bunun fonunda Putinin eyni gündə hər iki prezidentlə danışmasını başqa amillərlə də bağlayırlar. Hesab edirlər ki, Putin bu fəallıqla iki ölkə arasında olan sərhəd müzakirələrinə Qərbin müəyyən struktur və ölkələrinin, xüsusilə də ABŞ-ın buraxılmasını istəmir. Bu versiyanı nə dərəcədə inandırıcı saymaq olar?
Politoloq Qabil Hüseynli qəzetimizə bildirdi ki, artıq Rusiyanın cəhdləri səmərə verməyə başlayıb: “Erməni KİV-i yazır ki, həmin ölkədə baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan hökumətin son iclasında Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla yeni üçtərəfli sənəd imzalamağa hazırlaşdığını deyib. Lakin Paşinyan sənədin məzmununu açıqlamayıb, onun hələlik işçi sənəd formasında olduğunu bildirib. Paşinyan qeyd edib ki, hazırda Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli danışıqlar aparılır. Paşinyan sənəd ətrafında danışıqların hələ davam etdiyini bildirib. Ehtimal olunur ki, bu sənəd Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyasına dair prinsipləri razılaşdırır. Sərhədlər sovet dövrü xəritələri, coğrafi xüsusiyyətlər və mövcud reallıqlar əsasında demarkasiya ediləcək. Ermənistan Qazaxın işğal edilmiş 6 kəndini və üstəlik Kərkini qaytarmağa da razılıq verməli olacaq. Ancaq biz Rusiyaya da çox rol verməməliyik. Hesab edirəm ki, balansın qorunması üçün Türkiyəni də prosesə qatmağa çalışmalıyıq. Çünki biz sülhməramlı kontingentin davranışında ermənilərə bəslənən simpatiyanı gördük. Rusiya bir daha göstərməyə çalışır ki, Cənubi Qafqaz regionundakı münaqişələrlə bağlı vasitəçiliyi yalnız o edə bilər. Rusiyanın prosesi nəzarətə götürə bilməsinin bir səbəbi də Qərbin və ABŞ-ın vaxtında obyektiv mövqe tutmamağı ilə bağlıdır. Hələ ki, biz Rusiyanın istədiyini əldə edə bilməsinin şahidi oluruq. Qərb və ABŞ isə bu prosesi yalnız kənardan seyr etməklə kifayətlənir”.
Məhəmmədəli QƏRİBLİ