Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiyanın Azərbaycanla sərhədinin demarkasiyası təklifini yersiz hesab edib. Onun sözlərinə görə, sərhəddə vəziyyətin çətinləşməsi fonunda demarkasiya haqqında danışıqlar "yersiz aparılır".
Qeyd edək ki, Rusiya Xarici işlər naziri Sergey Lavrov Tacikistan Xarici işlər naziri Sirociddin Muhriddin ilə keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya Azərbaycanla Ermənistan arasındakı sərhədin demarkasiyası üçün birgə komissiya yaradılmasını təklif edib:
"İlkin razılaşmaya əsasən, Rusiya tərəflərə sərhədin delimitasiyası və demarkasiyasına başlamaqda kömək göstərməyi təklif edib və Ermənistan-Azərbaycan birgə komissiyasının yaradılması təşəbbüsü ilə çıxış edib. Rusiya bu komissiyada məsləhətçi, vasitəçi kimi iştirak edə bilər".
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın planı alınmadığı üçün belə addım atır: “Sərhəddə doğrudan da demarkasiya gedir. Sadəcə, Ermənistan bunu Azərbaycanın onun ərazisinə etdiyi hücum, ərazi ilhaqı kimi qələmə verməyə çalışdı. Əsas məqsədi də bu idi ki, Rusiyanı öz tərəfinə çəksin və Azərbaycana qarşı etsin. KTMT-ni prosesə qoşmaq cəhdləri də uğursuz alındı. Bu səbəbdən də Rusiyanın təklifini yersiz adlandırır. Ermənistanın bu cəhdləri yersizdir. Azərbaycan hansı formatda olsa da, öz sərhəddini tam bərpa edəcək. Bununla bağlı Ermənistana bir qarış da olsun güzəşt edilməyəcək. Ermənistan müharibədə məğlub edilmiş tərəfdir. Onun yenidən torpaq zəbt etməyə gücü qalmayıb. Görür ki, Rusiya da tam neytraliteti saxlayır. Paşinyanın bu cür addımlarının başlıca səbəblərindən biri də ölkədəki seçki mühitilə bağlıdır. Bununla Paşinyan daxili auditoriyanın rəğbətini qazanmağa çalışır. Çünki müharibədəki məğlubiyyətə görə Ermənistanda anti-Rusiya ovqatı hakimdir. Onlar hesab edir ki, Rusiya öz müttəfiqlik borcunu lazımınca yerinə yetirsəydi, Ermənistan məğlub olmazdı. Paşinyan bu nəbzi tutmağa çalışır və buna görə müəyyən mənada anti-Rusiya bəyanatları səsləndirir”.
Partiya sədrinin sözlərinə görə, Ermənistanın Rusiyaya “buynuz göstərməsi” cizgi filminə bənzəyir: “Rusiyanın hərbi bazaları Ermənistandadır. Həmin ölkənin sərhədlərini Rusiya hərbçiləri qoruyur. Qarabağda da ermənilər Rusiya sülhməramlılarına sığınaraq yaşayırlar. Bunların fonunda Ermənistanın Rusiya ilə baş-başa gəlməsi mümkünmü? Ermənistan hansı bəhanəni etsə də, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Yəqin ki, seçkidən sonra “Zəngəzur dəhlizi” ilə bağlı da müəyyən addımlar atılacaq”.
Məhəmmədəli QƏRİBLİ