Ermənistan hazırda özünü oda-közə vurub, dünya dövlətlərinin diqqətini cəlb etmək istəyir. Xüsusən də Qaragöllə bağlı planlarına KTMT-ni və digər təşkilatları da cəlb etmək üçün dəridən-qabıqdan çıxır. Amma Ermənistanın cəhdləri heç cür alınmır.
Bu ölkənin müvəqqəti baş naziri Paşinyan etiraf edib ki, KTMT onlar deyəni demir, dəstək vermir: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bizim müraciətlərə cavab vermə forması və sürəti ümidlərimizi doğrultmadı”.
KTMT Ermənistanın ümidini doğrultmamaqla, əslində, bu ölkənin bütün planlarını iflasa uğradıb.
“KTMT Paşinyanın avantürası nəticəsində regionda böyük bir münaqişənin alovlanmasına imkan vermədi”
“Novoye vremya” qəzetinin baş redaktoru, siyasi şərhçi Şakir Ağayev bizimlə söhbətində bildirdi ki, KTMT-nin Ermənistana bu cür yanaşacağı gözlənilən idi: “KTMT-nin bu məsələdə də Ermənistanın yanında olmayacağı bəlli idi. Bu qurum haqlı, ədalətli mövqe tutmalı idi, bunu sərgilədi. Hələ 44 günlük müharibə dövründə də, ondan əvvəl Tovuz hadisələrində də Paşinyanın hədəfi KTMT-ni prosesə qatmaq, yönəltmək, bölgədə Rusiya-Türkiyə qarşıdurması yaratmaq idi. Ermənistan Rusiyanı, KTMT-nin üzvü olan digər ölkələri proseslərə cəlb etməklə təxribat törətmək istəyirdi. Təbii ki, Rusiya kimi ağıllı bir dövlət, eləcə də KTMT-nin digər üzvləri bu avantüraya getmədilər və getməyəcəklər də. Onlar hamısı bilirdilər ki, Azərbaycan BMT çərçivəsində tanınan ərazi bütövlüyünü bərpa edir, erməni silahlılarını öz torpaqlarından çıxarmaqla məşğuldur, bununla da BMT-nin qətnamələrini həyata keçirib. Qaragöl ətrafında olan hadisələrdə də həmçinin”.
Ş.Ağayev bildirdi ki, müstəqilliyə qədər SSRİ tərkibində yaşanılsa da, hər respublikanın öz sərhədləri, sərhəd çərçivəsi olub. “Bilirsiniz ki, KTMT üzvləri keçmiş SSRİ respublikalarıdır. Onların da hamısı vəziyyəti yaxşı bilir. KTMT-yə üzv olan dövlətlər, birmənalı olaraq, Qaragölün Azərbaycana aid olduğunu bilir və Ermənistanın toruna düşmürlər. Paşinyan indi də Qaragöl avantürasından istifadə edərək, Azərbaycanın öz sərhədlərini bərpa etmək haqqına qarşı çıxaraq, KTMT-ni işə qatmağa çalışdı, amma KTMT-nin mövqeyi Paşinyanı məyus, planlarını alt-üst etdi. Paşinyan özü də bilir ki, bura Azərbaycana aiddir. Sadəcə, seçkilərə görə Qaragöl məsələsindən də özünə bir xal qazanmaq istəyirdi. Bu, Ermənistanın daxilinə hesablanmış bir addım idi və eyni zamanda, İkinci Qarabağ müharibəsində məğlubiyyətini bu avantüra ilə ört-basdır etmək istəyirdi.
KTMT-nin bu münasibəti çox yaxşıdır. Gözlənilirdi ki, Rusiya da başda olmaqla, bu dövlətlər Azərbaycanın haqlı mövqeyinin yanında olacaqlar, oldular da. KTMT Paşinyanın avantürası nəticəsində regionda böyük bir münaqişənin alovlanmasına imkan vermədi. Bu da, təbii ki, Paşinyanın növbəti dəfə iflasına gətirib çıxarır” - deyə Ş.Ağayev qeyd etdi.
İradə SARIYEVA