Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliyin İrəvan üzündən meydana çıxmasına dair rəsmi Bakının bəyan etdikləri artıq reallıqda da tam əksini tapır. Azərbaycan bu məsələnin beynəlxalq hüquq normaları çərçivəsində həllində maraqlı olduğunu bildirsə də, Ermənistan tamam fərqli mövqe nümayiş etdirir. Bunu sərhəd gərginliyi ilə bağlı Rusiyanın təkliflərinə hər iki ölkənin münasibəti, eləcə də prezident Vladimir Putinin Azərbaycan və Ermənistan liderləri ilə baş tutan telefon danışığı da sübut edir.
Rusiya və KTMT Ermənistanın avantürasını rədd etdi...
Telefon söhbətində Vladimir Putin hər iki tərəfə 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların şərtlərinin yerinə yetirilməsinin vacibliyini bildirib. Bu kontekstdə Azərbaycan-Ermənistan sərhədində baş vermiş hadisələrin də yalnız siyasi-diplomatik metodlarla nizamlanmasının mühüm olduğu bəyan edilib. Putin qeyd edib ki, Rusiya tərəfi vasitəçilik səylərini və Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanması barədə razılıq əldə edilməsinə yönəlmiş konsultativ köməklik göstərməyi davam etdirəcək. Artıq o da məlumdur ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Azərbaycanla Ermənistan arasındakı sərhədin demarkasiyası üçün birgə komissiya yaradılmasını təklif etdiyini bildirib: "İlkin razılaşmaya əsasən, Rusiya tərəflərə sərhədin delimitasiyası və demarkasiyasına başlamaqda kömək göstərməyi təklif edib və Ermənistan-Azərbaycan birgə komissiyasının yaradılması təşəbbüsü ilə çıxış edib. Rusiya bu komissiyada məsləhətçi, vasitəçi kimi iştirak edə bilər".
Azərbaycan Rusiyanın vasitəçiliyi ilə sərhəd məsələsinin çözülməsinə etiraz etmir. Lakin Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiyanın Azərbaycanla sərhədin demarkasiyası təklifini yersiz hesab etdiyini açıqlayıb. Onun sözlərinə görə, sərhəddəki vəziyyətin çətinləşməsi fonunda demarkasiya haqqında danışıqlar yersiz olaraq aparılır. Bununla bir daha erməni tərəfi, faktiki olaraq, sərhəddə gərginlik yaradan tərəf olduğunu nümayiş etdirir. İrəvan bu prosesə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) cəlb edərək Azərbaycana qarşı yeni müharibəyə başlamağı düşünsə də, onun ciddi şəkildə yanıldığı üzə çıxıb. Qeyd edək ki, KTMT-nin baş katibi Stansilav Zas Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında başlanmış danışıqları alqışladığını bildirib. Halbuki, hələ mayın 13-də Ermənistan Azərbaycan əsgərlərinin ölkə ərazisinə “daxil olması” ilə əlaqədar KTMT-yə müraciət etmişdi. İrəvan KTMT-dən “Azərbaycanın hərbi təhdidinə” qarşı tədbir görülməsini xahiş edirdi. Lakin KTMT mayın 19-da təşklilata daxil ölkələrin xarici işlər nazirlərinin iclasında kiçik məlumat verməklə kifayətlənib: “KTMT-də Ermənistanın Sünik vilayətinin həmsərhəd rayonlarında baş verənləri həyəcanla və diqqətlə izləyirlər. Biz bu vəziyyətdə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icra olunmasına alternativ olmadığını qeyd edirik”. Bununla Ermənistan KTMT-dən istədiyi dəstəyi ala bilməyib. “Qarabağ klanı”nın təmsilçisi Robert Köçəryan qeyd edir ki, Bakı bir daha KTMT-də İrəvandan daha çox söz sahibi olduğunu nümayiş etdirdi: “Paşinyan dünya ilə bir qışqırır ki, qoy Qazaxıstan, Qırğızıstan gəlsin, Azərbaycanı geri qaytarsın. Sən haradasan? Niyə elə alınıb ki, KTMT çərçivəsində hamı KTMT-nin üzv ölkəsi olmayan Azərbaycanla Ermənistandan daha yaxşı münasibətə sahibdir? Bu sadə sualın cavabını verməlidirlər, yoxsa yox? Niyə Belarus, Qazaxıstan və digər ölkələr Azərbaycanla daha yaxşı münasibətə sahib olmalıdır? İndi sən onlara müraciət edirsən, onlar niyə səni müdafiə etməlidirlər? Sərhəddə dayanmamısan, öz sərhədini müdafiə etmirsən, KTMT-yə müraciət edirsən və bunu xalqa qəhrəmanlıq kimi göstərirsən ki, KTMT-yə müraciət etdim”. Paşinyan isə sadəcə bildirir ki, Ermənistanın KTMT ilə məsləhətləşmələri davam etdirilir: “Biz beynəlxalq birliyin yaranmış vəziyyət haqqında məlumatlandırılması və Azərbaycana beynəlxalq təzyiqin artırılması sahəsində diplomatik səylərimizi davam etdirəcəyik. Təbii ki, biz strateji partnyorumuz Rusiya Federasiyası ilə işimizi də davam etdirəcəyik”. Amma fakt budur ki, Rusiya və KTMT Paşinyanın avantürasını rədd edərək, sərhəd insidentində Azərbaycanla qarşıdurmaya getmədilər.
Rus ekspert Andrey Petrov bu fonda qeyd edir ki, Paşinyanın KTMT-yə müraciəti populist bir addımdır və ermənilərin işğal planlarına kömək etmək üçün xarici qüvvəyə müraciət etmək cəhdidir: “KTMT burada heç bir şey edə bilməz. O yalnız hər hansı bir hərbi təcavüz və ya üzvlərinin ərazi bütövlüyünə təhlükə yarandıqda kömək edir. Burada isə belə bir hal yoxdur”. Ekspertin fikrincə, erməni tərəfinin bu cür tələbləri KTMT-nin imicinə xələl gətirir: “Çünki Paşinyan bu yolla təşkilatın öz üzvlərinə planlarında və istəklərində kömək edə bilmədiyini göstərir. Əlbəttə ki, KTMT-nin sərhədlərin delimitasiyasına aidiyyəti yoxdur”. Petrov, həmçinin, mövcud gərgin vəziyyətin yaxınlaşan növbədənkənar parlament seçkiləri səbəbilə İrəvan tərəfindən yaradıldığını vurğulayıb: “Hazırda müxalifət bundan istifadə edərək hakimiyyətə təzyiq göstərməyə, onun zəif olduğunu və maraqları müdafiə edə bilmədiyini göstərməyə çalışır. Hazırkı hökumət isə, öz növbəsində, gücünü göstərməyə, guya Azərbaycana müqavimət göstərə bildiyini nümayiş etdirməyə məcbur qalıb. Ancaq adətən Ermənistanın daxili siyasətində olduğu kimi, onlar yenə də kömək üçün xarici qüvvələrə, yəni Rusiya və KTMT-yə müraciət ediblər”. Lakin reallıq yenə İrəvanın yanıldığını göstərir.
İrəvan Zəngəzur dəhlizini də açmalı olacaq...
Sərhəd məsələsində Azərbaycanın istəyinə nail olacağını artıq baş verənlər fonunda Ermənistanda yaxşı dərk edirlər. Eyni zamanda, Ermənistanda onu da bilirlər ki, Azərbaycan Zəngəzur dəhlizi məsələsində də istəyinə nail olcaq. Bunu hətta Paşinyan da etiraf edir. Paşinyan bununla bağlı qeyd edir ki, regionda kommunikasiyaların açılması Ermənistan üçün nəinki məqbuldur, bu hətta indi İrəvan üçün mühüm prioritetdir: “Çünki əldə etdiyimiz razılaşmalara görə, Ermənistanın İran İslam Respublikası ilə dəmir yolu əlaqəsi yaranacaq. Əlbəttə, Azərbaycan da Naxçıvanla dəmir yolu əlaqəsi əldə edəcək. Söhbət, əlbəttə ki, yük daşımalarından gedir. Gələcəkdə vəziyyət düzələrsə, bu istiqamətlərdə sərnişin daşımaları haqda da düşünmək olar”. Paşinyan vurğulayıb ki, onun hökuməti regionda kommunikasiyaların açılması istiqamətində ardıcıl işləyəcək. Lakin o, bir daha əlavə edib ki, Ermənistan heç nəyi “dəhliz məntiqi” ilə müzakirə etməyib, etmir və heç vaxt etməyəcək. Bununla bağlı rusiyalı ekspert Vitali Arkov bildirir ki, Paşinyan burada yalan danışır və hazırda Ermənistan rəhbərliyindən konstruktivlik gözləməyə dəyməz: “Nikol Paşinyan isə ümumiyyətlə sözlərindən asanlıqla imtina etməsi ilə məşhurdur. İndi də utanmadan, gözlərini döyərək bəyan edir ki, Zəngəzur dəhlizinin yaradılması məsələsi üçtərəfli formatda müzakirə olunmayıb. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə yerüstü əlaqə əldə etməsi o danışıqların və üçtərəfli bəyanatın əsas mövzulardan biridir. Çünki Zəngəzur dəhlizi mövzusu Ermənistanla Azərbaycanın Qarabağ bölgəsi arasındakı Laçın dəhlizi mövzusu ilə bilavasitə bağlı idi. Qeyd etmək vacibdir ki, Azərbaycan tərəfi Laçın dəhlizi ilə əlaqəli bütün öhdəliklərini yerinə yetirməyə davam edir. Hazırda bu dəhlizin təhlükəsizliyi isə Rusiya sülhməramlıları tərəfindən təmin olunur. Ermənistan rəhbərliyinə “Qarabağ klanı” qayıdacağı təqdirdə, Zəngəzur dəhlizi məsələsinin, ümumiyyətlə, danışıqlar yolu ilə həll edilməsi mümkün olmayacaq. Bakıda bunu çox gözəl anlayırlar. Azərbaycan tərəfi bilir ki, İrəvanın bu qeyri-müəyyənliyi ucbatından yeni silahlı münaqişə baş verə bilər. Bunun qarşısını almaqdan ötrü Bakı müzakirə olunan ərazi üzərində nəzarəti indidən əldə etmək qərarına gəlib. Ermənistanın özü baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın simasında Azərbaycana Laçın dəhlizinin formalaşmasına cavab addımı kimi Naxçıvanla yerüstü əlaqələrin formalaşdırılmasına razılıq verib. Rusiyanın sülhməramlı qüvvələrinin nəzarəti altında Laçın dəhlizi fəaliyyət göstərir. Bu dəhliz vasitəsilə erməni millətindən olan sakinlər bölgəyə qayıda bilib və Ermənistanla humanitar əlaqələr həyata keçirilir”.
Ermənistan Azərbaycan qarşısında diz çökməyə məcburdur
Hazırda Ermənistanda belə bir fikir hakimdir ki, Azərbaycanın təzyiqləri qarşısında Ermənistanın tab gətirməsi sadəcə mümkün deyil. Ermənistanın eks-prezidenti Serj Sarkisyanın kürəkəni, Vatikandakı keçmiş səfir Mikael Minasyan isə hətta iddia edir ki, mövqelərini daha da gücləndirən Azərbaycan Nikol Paşinyanı Ermənistan üçün fəlakətli nəticələrə səbəb olan yeni bəyanat imzalamağa vadar edəcək.
Minasyan bildirir ki, artıq Ermənistan üçün fəlakətli nəticələrə səbəb olacaq yeni sənədin hazırlanması işi tamamlanıb: “Sənədə əsasən, yeni komissiya yaradılacaq. Bu komissiya Ermənistan-Azərbaycan sərhədinin yeni və son demarkasiyası üçün oyun qaydalarını təsbit edəcək. Demarkasiya üç prinsipə əsaslanacaq: SSRİ xəritələri, coğrafi məqsədəuyğunluq, o dövrdəki real mənzərə. Bu prinsipin Ermənistan üçün çox xoşagəlməz nəticələri olacaq, çünki prinsip tətbiq olunduğu təqdirdə Azərbaycanın udacağı açıqdır. Tavuş bölgəsinin (Qazaxın) 5 kəndinin, Ararat bölgəsinin isə bir kəndinin (Naxçıvanın Kərki kəndi) Azərbaycana təhvil verilməsi Nikol tərəfindən müzakirə edilir. Yeni son demarkasiya işlərini tənzimləyən sənədlər 30 iyuna qədər hazırlanacaq və paraflanacaq”. Təbii ki, bütün bunların nə dərəcədə həqiqəti əks etdirdiyi bəlli deyil. Amma istənilən halda görünən odur ki, Azərbaycan bütün istəklərinə nail olur.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.