Bakı şəhərindən Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynli Prezident İlham Əliyevə müraciət edib:
“Sizin rəhbərliyinizlə doğma Qarabağımızın düşmən işğalından azad edilməsi uğrunda Vətən müharibəsinin möhtəşəm Qələbə ilə başa çatması, 30 il davam edən işğala son qoyulması, ölkəmizin ərazi bütövlüyünün bərpası hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdı. Qazanılmış Qələbə əslən qarabağlı və keçmiş döyüşçü kimi mənə ikiqat sevinc bəxş etdi.
Döyüş əməliyyatlarının aparıldığı bütün müddət ərzində cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik və vətənpərvərlik ruhu xalqımızın Sizin ətrafınızda sıx birləşməsinin bariz ifadəsi oldu. 44 günlük müharibədə xalqın və Ordunun Prezident və Ali Baş Komandan kimi Sizə dərin inamı Vətən müharibəsinin tarixi Qələbə ilə başa çatmasında mühüm rol oynadı. Müqəddəs torpaqlarımız uğrunda qazandığımız şanlı Qələbə sayəsində Azərbaycan xalqı milli qürurunu özünə qaytardı, qalib xalq adını qazandı. Bu, Sizin Qələbənizdir. Tarix Sizin adınızı öz şərəf səhifəsinə qızıl hərflərlə həkk edəcəkdir. Siz xalqın qəlbində əbədi yaşayacaqsınız. Möhtəşəm Qələbə ilə Siz ulu öndər Heydər Əliyevin vəsiyyətlərinin gerçəkləşməsinə nail oldunuz. Ona görə də bu gün Ulu Öndərimizin ruhu şaddır.
Vətən müharibəsində qazanılmış böyük Qələbənin təntənə ilə qeyd olunduğu bu günlərdə Birinci Qarabağ müharibəsində döyüş yolu keçmiş hərbçilərin sırasında mənim də xidmətlərimin yada salınması və Sizin 2020-ci il 9 dekabr tarixli Sərəncamınızla “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülməyim mənə və ailə üzlərimə daha böyük xoşbəxtlik bəxş etdi. Məni bu yüksək dövlət təltifinə layiq bildiyinizə görə, cənab Prezident, Sizə dərin minnətdarlığımı bildirirəm.
Vurğulamaq istəyirəm ki, uzun illər ərzində Sizdən və rəhmətlik atanız, ulu öndər Heydər Əliyevdən daim böyük diqqət və qayğı görmüşəm. Ümummilli lider Heydər Əliyev döyüş fəaliyyətimi yüksək qiymətləndirərək 1994-cü il 9 oktyabr tarixli Sərəncamı ilə məni “Azərbaycan Bayrağı” ordeni ilə təltif etmişdir. 1999-cu ilin noyabrında toy günümdə dahi rəhbərimiz telefonla ailə həyatı qurmağım münasibətilə məni şəxsən təbrik etmiş, xeyir-dua vermiş, həmçinin həmin gün mənə öz imzası olan təbrik məktubu və toy hədiyyəsi göndərmişdir. Bütün bunlar mənim sonrakı həyatımda silinməz izlər buraxmışdır. Sonrakı dövrlərdə də döyüşdə aldığım ağır yaraların sağaldılması və həyata qayıtmağım üçün dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunmuşam.
...Mən və ailə üzvlərim bundan sonra da ümummilli lider Heydər Əliyevin siyasi kursuna və Sizin həyata keçirdiyiniz siyasətə sadiq qalaraq ölkəmizin ictimai-siyasi həyatında var qüvvəmizlə fəaliyyət göstərəcək, Azərbaycanın tərəqqisinə öz töhfəmizi verəcəyik. Mən daim Sizin əsgəriniz olaraq bundan sonra da hər bir tapşırığınızı yerinə yetirməyə hazıram. Mənə verdiyiniz qiymətə və yüksək dövlət təltifinə görə Sizə özümün və ailə üzvlərimin dərin minnətdarlığını çatdırıram. Azərbaycanın inkişafı naminə yorulmaz fəaliyyətinizdə Sizə daha böyük uğurlar arzulayıram.
Allah Sizi, ailənizi və Azərbaycanı qorusun”.
Baki-xeber.com