Məlum olduğu kimi, Fransa ərəb dünyasında müxtəlif xalqlara qarşı soyqırım cinayətləri törədib, onlara aid təbii sərvətləri dağıdıb, istismar edib. Uzun illər “mədəni” Fransa etdiyi bu cinayətlərə görə məsuliyyətdən yaxa qurtarmağı bacarsa da, lakin indi deyəsən “vəhşi” Əlcəzairə təzminat ödəməkdən yayına bilməyəcək.
Belə ki, əlcəzairli tarixçi Seddik Larkeş deyir ki, Makronun ölkəsi Əlcəzair müsəlmanlarına 100 milyard avro həcmində kompensasiya ödəməlidir. O qeyd edir ki, indiyə qədər bir sıra Avropa dövlətləri başqa xalqlara təzminat ödəyib, bu baxımdan Fransa da onların yolu ilə getməlidir: “Fransa böyük demokratik xalqların yolu ilə getməli və 2008-ci ildə İtaliyanın Liviyaya (3,4 milyard avro), Böyük Britaniyanın Keniyaya, Kanadanın amerikalı hindulara, Avstraliyanın aborigenlərə, Fransanın özünün 1-ci və 2-ci Dünya müharibələri zamanı Almaniyanın onun ərazilərini işğal etməsinə görə milyardlarla avro ödətdirdiyi təzminatlar kimi, indi özü də Əlcəzairə təzminat ödəməlidir”.
Fransanın Əlcəzair müstəmləkəçiliyi ilə bağlı beynəlxalq hesabat hazırlandığı bir vaxtda əlcəzairli tarixçi Seddik Larkeş belə bir fikir irəli sürüb. O bildirib ki, Fransa Əlcəzairdə törətdiyi cinayətləri və müstəmləkə ziyanını maddi cəhətdən ödəmək öhdəliyindən qurtara bilməyəcək.
Belə ki, Fransanın əlcəzairlilərə ödəməli olduğu təzminatın məbləği 100 milyard avro civarında qiymətləndirilir. Bu hələlik təxmini rəqəmdir.
Əlcəzairin paytaxtındakı “Dey” xəzinəsinin (təxminən 4 milyard avro) vaxtilə fransızlar tərəfindən oğurlanması, 1830-cu ildən 1962-ci ilədək bir neçə yüz min insana qarşı cinayətlər, milyon hektarlarla torpağın oğurlanması, əhalinin, demək olar, əksəriyyətinin savadsızlığı, 1978-ci ildən Fransanın bu ölkədə apardığı nüvə və kimyəvi sınaqların insan həyatına və təbiətə vurduğu faciəvi nəticələr hesablandıqdan sonra dəqiq məbləğ müəyyən edilməlidir.
“...digər Afrika ölkələrinə də bir örnək olacaq”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəsləfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, sözdə demokratiyanın, mədəniyyətin beşiklərindən biri sayılan Fransanın tarixdə başqa xalqlara etdiyi cinayətlərin sayı-hesabı yoxdur: “Fransa tarixdə bir sıra xalqlara qarşı soyqırım cinayətləri törədib. Fransanın xüsusən də Afrikada, Əlcəzairdə, Tunisdə, Mərakeşdə yerli xalqlara qarşı həyata keçirdiyi qətliam aktları, zülmkarlıqlar, soyqırımlar haqqında hər bir vicdanlı politoloqun, tarixçinin, siyasətçinin, elm adamının, sıravi vətəndaşların xəbəri var. Fransa özü kimlərəsə himayədarlıq edir, dünyaya “demokratiya dərsi” verməyə çalışır, mədəniyyətdən danışır. Amma gerçəklik budur ki, bəli, Fransa tarixdə bir çox soyqırımın, faciələrin əsasını qoyan dövlətlərdən biridir. Buna ən bariz nümunələrdən biri Fransanın soyqırımlar törətdiyi Əlcəzairdir. Mən Əlcəzairin Franasaya qarşı təzminat tələbi irəli sürən haqlı ictimaiyyətini, elm adamlarını birmənalı şəkildə dəstəkləyirəm. Fransa Əlcəzair xalqına qarşı etdiyi soyqırıma görə cavab verməli və tələb olunan maddi təzminatı ödəməlidir. Deyim ki, yalnız Əlcəzair xalqı deyil, Mərakeş, Tunis və Afrikanın digər xalqları da Fransa tərəfindən soyqırıma məruz qalıblar. Hesab edirəm ki, Əlcəzairin elmi ictimaiyyəti, tarixçilərinin Fransaya qarşı təzminat tələbi irəli sürməsi Fransanın keçmiş müstəmləkəsi kimi onun təcavüzünə, zülmünə məruz qalmış digər Afrika ölkələrinə də bir örnək olacaq. Fikrimcə, Əlcəzairin elm ictimaiyyətinin irəli sürdüyü təzminatın rəqəmi, həcmi çox kiçikdir. Yəni fransızların onlara qarşı həyata keçirdiyi soyqırımın, işğalın nəticələri bu gün də Əlcəzairdə qalmaqdadır. Bilirsiniz ki, Fransada Əlcəzair, Tunis və sair əsilli vətəndaşlar var. Əslində, onlar bu gün nə dərəcədə xoşbəxtdir, xoşbəxt deyil, deyə bilmərəm. Ancaq onlar keçmiş tarixlərinə baxsalar, nə qədər bədbəxt və acınacaqlı halda olduqlarını dərk etmiş olacaqlar. Çünki onlar ya məhv ediliblər, ya da fransızların köləsinə, nökərinə çevriliblər. Vəziyyət bu gün də belə davam edir”.
F.Ələkbərli hesab edir ki, Əlcəzairin elmi ictimaiyyətinin bu tələbinə Fransa zülmündən əziyyət çəkmiş digər Afrika ölkələri də, Fransada yaşayan həmin xalqlara mənsub olan insanlar da dəstək verməlidirlər. “Bir sözlə, bu məsələlər Fransanın iç üzünün ifşa edilməsinə və dünya ictimaiyyətinin fransızların əsl simasını tanımasına da yardım edəcək. Bu təminat hələ çox cüzi hissədir. Hesab edirəm ki, Əlcəzairin elmi ictimaiyyəti Fransaya çox insaflı davranıb. Fransızların Əlcəzair xalqına qarşı etdiyi soyqırım cinayətlərinin və başqa zülmlərin müqabilində bu təzminat çox kiçikdir” - deyə F.Ələkbərli qeyd etdi.
İradə SARIYEVA