Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatından sonra Qarabağ bölgəsi 28 illik işğaldan azad olundu. Bölgənin erməni sakinlərinin Azərbaycana inteqrasiya olunması prosesi də başlayıb. Belə ki, Xankədidə yerləşən Mesrop Maştots adına Universitet Azərbaycan dilinin tədrisinə başlayıb. Kurslara 18 yaşı tamam olan hər kəs qoşula bilər. Qarabağ ermənilərinin vətəndaşı olacaqları Azərbaycan Respublikasının dövlət dilini öyrənmək istədikləri müşahidə olunur.
Azərbaycan dili kurslarının digər şəhərlərdə açılması da istisna deyil. Ermənilərin bu niyyəti həqiqətən bizimlə qaynayıb-qarışmaq istəyindən xəbər verir, yoxsa “düşmənin dilini öyrən” prinsipi ilə hərəkət etmək istəyirlər?
“Bizim dövlət dilimizi mütləq bilmək hər bir vətəndaşımızın borcudur”
Tarix üzrə fəlsəfə doktoru Səyyar Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, erməni xisləti deyilən bir anlayışı biz heç vaxt unutmamalıyıq:
“Onlar elə bir millətdirlər ki, yaşadıqları bütün dövlətlərin adət-ənənələrinə öyrəşirlər. Ancaq heç vaxt erməniliklərini unutmurlar. Yeri düşəndə isə, səfərbər olub xəyanət edirlər. Biz öz tariximizdə bunu çox görmüşük. Azərbaycanın müxtəlif yerlərində, xüsusilə də Qarabağda yaşayan ermənilərin böyük əksəriyyəti bizim dili təmiz biliblər. Bu heç də bizə olan məhəbbətdən irəli gəlməyib. Bu üsulla asan qayanayıb-qarışa biliblər ki, öz məkrli niyyətlərini həyata keçirsinlər. Hazırda yeni reallıqlar formalaşıb. Ermənilər bilirlər ki, Dağlıq Qarabağda Azərbaycanın bayrağı altında yaşamağa məcburdurlar. Bu səbəbdən də dilimizi gənc nəsillərə öyrətməyi qarşılarına məqsəd qoyublar. Burada onların hər iki niyyəti ola bilər. Həm yaşadıqları ölkədə yer tutmaq üçün, həm də yeri düşəndə, bizimlə düşmənçilik aparmaq baxımından buna zərurət görürlər. Hansı variant onlara sərf edəcəksə, o istiqamətdə də istifadə edəcəklər”.
Tarixçi alimin sözlərinə görə, Qarabağda yaşayan erməni əhalisi Azərbaycan vətəndaşı sayılacaq: “Bizim dövlət dilimizi mütləq bilmək hər bir vətəndaşımız üçün zəruridir. Get-gedə bu qaydalar və tələblər daha da açıq özünü göstərəcək. Bilirsiniz ki, bütün orta və ali məktəblərdə hətta əcnəbi dillərdə təhsil alan vətəndaşlarımıza dövlət dili tədris olunur. Bu, ermənilərin Qarabağda yaşadığı və tədris aldığı şəhər və kəndləri də əhatə edəcək. Ermənilər çox düz edirlər ki, bu prosesin vacibliyini anlayıb, indidən bu işə başlayıblar. Bilirlər ki, nümunəvi Azərbaycan vətəndaşı olmaq üçün ilk növbədə vətəndaşı olduqları dövlətin dilini bilməlidirlər. Bizim üçün bunun heç bir narahatlığı yoxdur”.
Səyyar Əliyev sonda bildirdi ki, hətta həmin məktəbləri Azərbaycan dilini öyrədən bütün vəsaitlərlə də təmin etmək lazımdır.
Məhəmmədəli QƏRİBLİ