Fransa prezidenti Emmanuel Makronun erməni icması ilə nahar zamanı səsləndirdiyi fikirlər Ermənistan mətbuatında geniş müzakirəyə səbəb olub. Belə ki, noyabrın 10-da Ermənistanın kapitulyasiyası barədə sənəd imzalandıqdan bir neçə gün sonra Fransa prezidenti Emmanuel Makron erməni icmasının nümayəndələri ilə görüşüb, onlarla birlikdə nahar edib.
Ermənistanın "Qraparak" nəşrinin məlumatına görə, Makron Fransa ermənilərinin baş nazir Nikol Paşinyan haqqında fikirləri ilə maraqlanıb, onları diqqətlə dinləyib. Fransa rəhbəri söhbət zamanı Ermənistan baş nazirinin şəxsiyyəti və davranışı ilə bağlı şübhələrini gizlətməyib. Belə ki, o, müharibə zamanı dəfələrlə Paşinyanla əlaqə saxladığını, öz dəstəyini təklif etdiyini, hətta bir neçə dəfə SMS yazdığını bildirib. Makronun dediyinə görə, Paşinyan ona tez cavab verirmiş, lakin heç vaxt öz təşəbbüsü ilə Fransa prezidentilə əlaqə saxlamayıb və heç nə xahiş etməyib. Bundan əlavə, bir məqam Makronu xüsusilə təəccübləndirib ki, Paşinyan nə noyabrın 10-da sənəd imzalanana qədər, nə də sonra onunla əlaqə saxlamayıb və belə bir sənədi qəbul etdiklərini bildirməyib, həmçinin, kapitulyasiyanın nəticələrini yumşaltmaq üçün nə etməyin mümkün olduğunu soruşmayıb. Makron görüş zamanı deyib: "Axı mən ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsinin prezidentiyəm. Nə üçün o, imzalanmadan əvvəl və ya sonra məlumat verməyib, yaxud xahiş etməyib?".
Belə məqamda "Qraparak" nəşri yazıb ki, bu məsələlər erməni icması ilə yox, dövlət diplomatiyası yolu ilə həll edilməli idi.
Makronun məlum açıqlamaları bir sıra məqamlardan xəbər verir. O bununla növbəti dəfə qatı ermənipərəst mövqedə olduğunu, islamofob, anti-Azərbaycan və anti-Türkiyə siyasəti apardığını aşkar şəkildə nümayiş etdirdi. Açıq-aydın görünür ki, Makron Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri mandatını yalnız işğalçı Ermənistanın və tarixin zibilliyinə göndərilən separatçıların maraqlarını müdafiə etmək kontekstində anlayır və buna uyğun hərəkət edir. O hətta bu mənfur mövqeyini gücləndirmək üçün Fransanın dövlət və xalq maraqlarını ayaqlar altına atmaqdan çəkinmir. Təəssüf ki, bütün bunlar dünya ictimaiyyətinin gözü önündə baş verir. Nədənsə, dünya gücləri Fransanın maraqlarının erməni faşizminə qurban verilməsinə seyrçi qalırlar. Makronun məlum açıqlamaları və fəaliyyəti bir daha təsdiqləyir ki, Fransa balanslı, ədalətli həmsədr mandatının tələblərinə uyğun davranmayıb və bundan sonra da qeyri-adekvat mövqe nümayiş etdirməyə davam edəcək. Bu isə Parisin həmsədrlik statusundan kənarlaşdırılması məsələsini yenidən aktuallaşdırır. Artıq dünya qəbul etməlidir ki, Makron Fransanı işğalçı Ermənistanın faşizm siyasətinin əsirinə çevirir. O özünü həmsədr dövlətin rəhbəri kimi yox, işğalçı ölkənin vəkili kimi aparır.
“Belə çıxır ki, Fransa qanlı müharibənin davam etməsini istəyib”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Fransa prezidentinin sərgilədiyi mövqe tamamilə anormal və məntiqsizdir: “Deyərdim ki, bu, Fransa kimi müəyyən dövlətçilik ənənələri olan bir ölkə üçün utancverici bir haldır. Makron bu cür mövqe sərgiləməklə açıq-aşkar bütün çərçivələri aşıb. Fransa prezidenti azacıq da olsa anlamaq istəmir ki, təmsil etdiyi dövlət həmsədr ölkədir. Bu missiyanı üzərinə götürən ölkə tərəfsiz olmalıdır. Ancaq Makron məlum açıqlaması ilə, bir növ, rəsmən bəyan etdi ki, Fransa tərəfsiz həmsədr deyil. Çünki onun bu fikirlərindən sonra hər şey ortadadır. Belə olan halda, sual yaranır. Əgər rəsmi Paris Ermənistanın tərəfində çıxış edirsə, o zaman Fransa hansı əsasla həmsədr ölkələrdən biri olaraq Minsk Qrupunda təmsil olunur? Ona görə də Makronun sərgilədiyi mövqe tamamilə anormal və həmsədrlik prinsiplərinə ziddir. Çünki açıq şəkildə Fransa Ermənistanın vəkili rolunda çıxış edir. Başqa bir tərəfdən aydın olur ki, Makron 10 noyabr razılaşmasından məmnun deyil. Belə çıxır ki, Fransa qanlı müharibənin davam etməsini istəyib. Ən azından, işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasının əleyhinə olub. Bunu ancaq belə dəyərləndirmək olar”.
Şərqşünasın fikrincə, Fransa həmsədrlikdən xaric edilməlidir.
Vidadi ORDAHALLI