Ermənistanla Azərbaycan arasında müharibəyə səbəb olmuş kiçik Dağlıq Qarabağ regionu son vaxtlara qədər ancaq bir ovuc ekspertin diqqətini cəlb edirdi və sonda geosiyasət radarlarından itdi. Çünki onu SSRİ-nin dağılmasından sonra meydana çıxan və dondurulmuş münaqişələr siyahısına daxil ediblər. Lakin 1994-cü ildə əldə edilmiş atəşkəsdən 26 il sonra bu dağlıq regionda yenidən münaqişə alovlandı, bu müharibənin intensivliyi və xarakteristikası hərbi ekspertləri düşünməyə məcbur edir.
Bu barədə yazan Fransanın nüfuzlu “Le Monde” qəzeti bir sıra məqamlara toxunub. Qəzetin yazdığına görə, bu vaxta qədər hesab edilirdi ki, erməni ordusu effektivdir və motivasiyalıdır, əraziyə daha yaxşı bələddir, daha əlverişli mövqelərdə möhkəmlənib: “Ancaq məlum oldu ki, deyilənlər doğru deyil. Dağlıq Qarabağda cəmi bir neçə gün lazım gəldi ki, təcrübəli erməni ordusu qaçmağa üz tutsun. Ermənistanın Rusiyadan aldığı radioelektron mübarizə vasitələri də dronların idarəetməsini pozmaqda işə yaramadı, Ermənistan Su-30 qırıcılarını da işə salmağa cəsarət etmədi. Bir tərəfdən çox bahadır və onunla müqayisədə düşmənin dron itirməsi elə də böyük rol oynamır. Digər tərəfdən Ermənistan hələ Su-30 qırıcıları üçün raketlər almağa fürsət tapa bilməyib. Cəmi 6 həftədən də az müddətdə hər şey dəyişdi. Dağlıq Qarabağ ətrafında yerləşən və 1994-cü il atəşkəsinə qədər Ermənistan tərəfindən işğal olunan ərazilər Azərbaycanın nəzarəti altına qayıtdı, üstəlik, özünü müstəqil elan edən erməni anklavı da az qala eyni aqibəti yaşayacaqdı. Bu ssenarini ancaq Rusiya qüvvələrinin müdaxiləsi dayandırdı”.
Göründüyü kimi, Ermənistan ordusu barədə indiyə qədər uydurulan əfsanələrin boş bir şey olduğunu Fransanın ən aparıcı media orqanları da etiraf edirlər.
“Artıq Fransa elitası da anlayır ki, erməni yalanlarına inanmaq, ona alət olmaq yaxşı perspektiv vəd etmir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən hərbi ekspert İbrahim Rüstəmlinin fikrincə, ermənilər öz orduları ilə bağlı miflər uyduraraq fransızları da inandırmaq istəyirdilər: “Ancaq ermənilərdən başqa heç kəs o miflərə inanmırdı. O cümlədən, ermənilərlə isti münasibətlərə malik olan fransızlar da buna inanmadılar. Ermənistan ordusu əsasən dinc əhaliyə divan tutmaqda “qəhrəmanlıq” göstərirdi. Ermənistan ordusu bəlkə də 90-cı illərdə məlum səbəblərdən Azərbaycan torpaqlarını işğal edəndə motivasiyalı ordu idi. Ancaq ötən illərdə erməni ordusu ilə bağlı yaradılan əsatirlər boş bir şey idi. Belə ki, 44 günlük müharibə bir daha bunu sübut etdi. Ötən illər ərzində Azərbaycan güclü ordu yaratdı. Xüsusən də İlham Əliyev Prezident seçiləndən sonra hər il Azərbaycan Ordusunun həyatında yeni bir mərhələ kimi yadda qalıb. Bunun nəticəsidir ki, 44 gün ərzində Azərbaycan Ermənistanın bütün hərbi infrastrukturunu sıradan çıxarıb. Artıq Fransa mətbuatı da bunun fərqindədir. Baxmayaraq ki, Fransa uzun illərdir Ermənistanın tərəfini tutur. Ancaq reallıq ondan ibarətdir ki, beynəlxalq hüquq və o cümlədən, Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu baxımdan artıq Fransa elitası da anlayır ki, erməni yalanlarına inanmaq, ona alət olmaq yaxşı perspektiv vəd etmir. O üzdən, arada reallığı özündə əks etdirən məqalələrə yer verilir”.
Hərbi ekspertin fikrincə, Avropa mətbuatında nə qədər bu cür obyektiv yazılar çox olsa, bu bir o qədər bizim xeyrimizədir.
Vidadi ORDAHALLI