Milli Şurada təmsil olunan qüvvələr 44 günlük Vətən müharibəsinə kölgə salmaqda davam edirlər. İndi də belə iddia ortaya atıblar ki, guya Şuşadan sonra ordumuz Xankəndini və digər əraziləri alsaydı, nə Rusiya, nə də Qərb Azərbaycana yönəlik hər hansı siyasi, iqtisadi, hərbi təzyiqləri işə sala bilməzdi. O cümlədən, iddia edirlər ki, buna heç cəhd də etməzdilər.
Gürcüstan variantı ilə bağlı uğursuz müqayisələr aparıblar. Onların qənaətincə, 2008-ci ildə Gürcüstan separatçılara qarşı hərbi əməliyyatlara başlayanda Rusiya ona görə müdaxilə edib ki, rus sülhməramlıları hücuma məruz qalıb. Ancaq 44 günlük müharibədə bənzər sülhməramlılar olmadığına görə guya Azərbaycan sona qədər gedə bilərdi.
Bunlar anlamaq istəmirlər ki, heç də hər şey göründüyü kimi deyil. Məsələ ondadır ki, müharibənin sonuna yaxın Qərbdəki müəyyən dairələr Qarabağ ermənilərinin genosidə məruz qalmaq təhlükəsi ilə üzləşdikləri kimi fikirləri dövriyyəyə buraxırdılar. BMT çərçivəsində Azərbaycanla bağlı arzuolunmaz qərarların qəbul edilməsinə cəhd edildi. Belə olan halda, necə əmin olmaq olardı ki, Xankəndini və digər yerləri də alandan sonra Qərb işə qarışmayacaqdı?
“Azərbaycan dövləti nələri etmək mümkündürsə, ən yüksək formada onu bacardı”
Məsələyə münasibət bildirən AMİP sədrinin müavini Afsəddin Nəbiyevin sözlərinə görə, radikalların arqumentləri bəsit və reallıqdan uzaqdır: “Azərbaycanın 44 günlük müharibədə şanlı Zəfərinə kölgə salanlar reallıq hissini itirmiş şəxslərdir. Bu insanlar 2011-ci ildə bizim müxalifətin birgə ATƏT-in Minsk Qrupundan tam imtina olunmasıyla bağlı sənədə imza atmadılar. Bunu onunla əsaslandırdılar ki, biz Avropa ilə münasibətləri "qıra" bilmərik. Tam əminəm ki, bu Zəfərə kölgə salmaq istəyənlər həmin insanlardır. Açıq danışmaq lazımdır. Siyasət reallığa, rasional düşüncəyə əsaslandıqda öz nəticəsini verə bilər. Bu müharibənin kulminasiya nöqtəsi bəlli bir nöqtədə nail olunmuş böyük uğurun davam edilməsi oldu. Bu uğur ondan ibarətdir ki, yeni təhlükəsizlik formatında məhz Azərbaycanın maraq dairəsində olan qardaş Türkiyə və qonşu Rusiya dövlətləri münaqişənin həll olunmasında həlledici rol aldılar. Buna görə də bu formatdan kənar qalan qüvvələri, xüsusilə Avropanın bir çox dövlətini bu format qane etmir”. A.Nəbiyev hesab edir ki, radikallar məsələyə populist mövqedən yanaşırlar: “Populizmlə Xankəndinin bir addımlığında nədən bu addımı atmağa məcbur olduq deyənlər, sadəcə, bir məsələni düşünə bilmirlər ki, bu baş verməsəydi, Azərbaycan bir çox dövlətin hərbi poliqonuna çevrilə bilərdi. Azərbaycan dövləti nələri etmək mümkündürsə, ən yüksək formada onu bacardı. Biz hərbi mərhələni arxada qoymuşuq, indi diplomatik, siyasi mərhələ davam edir. Bu mərhələnin də Azərbaycanın xeyrinə olacağına tam əminəm. Ona görə Azərbaycan dövləti 26 sentyabr 2020-ci ilin Azərbaycanı deyil, ölkəmiz 9 noyabr 2020-ci ilin qalib Azərbaycanıdır. Bəyanatda öz əksini tapan bir çox bənd yerinə yetirilib. Problemlər də qalmaqdadır. Ancaq unutmamalıyıq ki, qarşıda qalib dövlətin başçısı ilə məğlub, rəzil durumda olan Ermənistanın baş naziri ilə həlledici görüşlər nəzərdə tutulub. İnanıram ki bu mərhələni də uğurla başa çatdıracağıq. Dövlətimizin Türkiyə kimi müttəfiqi həm ərazidə, həm masada yanımızdadır. Bu gün Azərbaycan xalqı olaraq iqtidarlı-müxalifətli dəmir yumruq olan birliyimizi, bərabərliyimizi qoruyaraq istənilən uğura imza ata bilərik. Necə ki, bu mərhələni 44 gün ərzində bütün dünyaya sübut etdik. Belə də davam etməliyik”. Sədr müavini onu da qeyd etdi ki, uğurlara kölgə salmaq reallıq hissini itirmiş insanlara məxsus "keyfiyyətdir".
Vidadi ORDAHALLI