Ermənistanın baş naziri Nikol Paşinyan yenə sərsəm açıqlama ilə gündəmə gəlib. Erməni mediasının verdiyi məlumata görə, Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində Mehri dəhlizindən danışarkən ənənəvi xislətinə uyğun fikirlər bildirib. Ermənistanın hökumət başçısının iddiasına görə, Azərbaycan birtərəfli qaydada hansısa dəhliz ala bilməz. Onun fikrincə, regiondakı bütün yollar açılmalıdır və heç kim birtərəfli üstünlük əldə etməməlidir.
Bu iddiaları irəli sürərkən N.Paşinyan deyib ki, Azərbaycan Mehridən dəhliz alacaqsa, o halda Ermənistan öz vətəndaşlarının və yüklərinin Naxçıvan ərazisindən keçid hüququ əldə etməlidir. Baş nazir deyib ki, Azərbaycanın birtərəfli şəkildə belə hüquq əldə etməsindən söhbət gedə bilməz və Qarabağla bağlı üçtərəfli razılaşmada bununla bağlı heç nə qeyd olunmayıb. Paşinyan xatırladıb ki, bəyannamədə regionda bütün kommunikasiyaların açılması əksini tapıb. Baş nazir “əgər biz Naxçıvan üzərindən dəmir yolu ilə yüklərimizi Rusiya və İrana daşıyarıqsa, Azərbaycan öz vətəndaşlarını və yüklərini Mehri üzərindən daşıya bilərmi” - sualına cavab olaraq deyib ki, bu mürəkkəb prosesdir.
N.Paşinyan Azərbaycanla sərhəddə delimitasiya prosesinin getməsini də təkzib edib. Bildirib ki, sadəcə dəqiqləşmə işləri aparılır və bu proses sürətlə getməyəcək. Belə görünür ki, N.Paşinyanın artıq “qırışları” açılmağa başlayıb. Mehri dəhlizi ilə bağlı irəli sürdüyü şərti Paşinynın ənənəvi ritorikasına qayıdış kimi şərh etmək olarmı?
“Biz əgər öz ərazimiz olan Laçından dəhliz vermişiksə, onlar da heç bir əlavə şərt irəli sürmədən Mehridən Naxçıvana dəhliz verməlidirlər”
Qarabağ Azadlıq Hərəkatının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın seçdiyi ritorika əvvəlki sərsəm açıqlamalarını xatırladır: “Bu məsələni bir qədər başqa formada da izah etmək olardı. Belə ultimativ dildə danışmaqla bağlı Paşinyan yaxşıca dərs aldı. Görünür, zaman keçdikcə, o bunları yaddan çıxarmağa çalışır. Düzdür, əldə olunan üçtərəfli razılşmada kommunikasiyaların açılması ilə bağlı bənd var. Ancaq bunun dərhal olması qeyd edilmir. Biz gördük ki, erməni qoşunlarının ərazilərimizdən çıxarılması ilə bağlı konkret vaxt müəyyən edilmişdi. Həmin qrafikə ciddi əməl olundu. Ancaq orada başqa müddəalar da var. Bütün erməni qoşunları və silahlıları Qarabağın ərazisindən çıxarılmalıdır. Xocalı, Əsgəran, Xankəndidə Azərbaycanın tam yurisdiksiyası təmin olunmalıdır. Yalnız bundan sonra Ermənistan bizim ərazimizdən İran və Rusiyaya yük daşıya bilər. Bunlara əməl etmədən Paşinyan bizim üzərimizdən yük daşıyacağına ümid bəsləməsin. Biz əgər öz ərazimiz olan Laçından dəhliz vermişiksə, onlar da heç bir əlavə şərt irəli sürmədən Mehridən Naxçıvana dəhliz verməlidirlər. Bütün kommunikasiyaların tam açılması isə öhdəliklərə tam əməl olunandan sonra baş tuta bilər. Şəxsən mən ermənilərlə heç bir əlaqənin qurulmasının tərəfdarı deyiləm. Ancaq dövlət siyasəti bunu tələb edərsə, biz heç nə deyə bilmərik”.
QAT sədri bildirdi ki, Painyan belə sərsəm açıqlamaları ilə daxili auditoriya qarşısında itirilən nüfuzunu bir qədər bərpa etməyi düşünür.
Məhəmmədəli QƏRİBLİ